Ekspert: “Kəmərləri vursaydılar, bu onlara baha başa gələcəkdi, nəinki Qarabağa, sərhədin o tərəfinə keçmək məcburiyyətində qalacaqdıq”
Son günlər Ermənistanda müharibə günlərində Azərbaycanın enerji kəmərlərinin vurulması mövzusu yenidən aktuallaşıb. Sabiq prezident Serj Sərkisyan da daxil olmaqla, bəzi siyasətçilər yenidən bu məsələni gündəmə gətirərək, belə bir addımın vacibliyini vurğulayır, bir sözlə, təəssüflənirlər. Hətta vurğulanır ki, guya Rusiya bunu istəməyib. Halbuki bu halda həm İrəvan, həm də Moskva üçün faydalı olardı. Ara-sıra Ermənistanın baş naziri Nikol Paşinyanın da buna icazə vermədiyi yönündə fikirlərə rast gəlirik.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bununla bağlı bir sıra vacib məqamlara aydınlıq gətirdi: “İllər öncə bu barədə yazmışdım. Orada belə bir fikir söyləmişəm ki, bunlara ”İsgəndər" raketləri verilməyib. Sadəcə olaraq, bizdə xof yaratmaq üçün onlara həmin raketlərin verildiyi deyilirdi. Yazıda bildirmişəm ki, onlar “Skad” raketləridir. Bu raketlərin yayılması çox böyükdür. Ümumiyyətlə, bu raketlərdən ən çox İran-İraq müharibəsində istifadə olunub. Amma istifadə onu göstərib ki, hərbi baxımdan o qədər də yararlı deyillər. Əslinə qalsa, bunları nüvə silahı üçün yaradıblar. “İsgəndər”lər daha təzə növdür. Onlar heç Belarusa da verilməyib. Bizdə xof yaratmaq üçün 2016-cı ildə guya bunlara bu raketləri veriblər.

Tofiq Zülfüqarov
Deməli, bunların atdığı köhnə “Skad” raketləridir. Gəncə hadisələri zamanı deyirdilər ki, “aerodroma atılıb, amma gəlib insanlar yaşayan məhəlləyə düşdü”. Bizdə təhlil o qədər də güclü aparılmır. “İsgəndər”i kimdir bunlara verən? Onun xüsusiyyəti ondan ibarətdir ki, yuxarı 50 kilometr hündürlüyə qalxır və hədəfə yaxınlaşarkən peyk vasitəsilə ona göndərilən proqram olur və bu proqramı mənzərəyə uyğunlaşdırır. Bunlarda peyk proqramı yoxdur və onun üçün də ruslardan ayrı bundan istifadə edə bilməzlər. Ermənilərə bunu versələr, güclənib heç ruslara baxmayacaqlar. Məsələ çox qəlizdir. Raket texnologiyanın yayılmaması üzrə konvensiya var. Bu konvensiyanın tələbləri ondan ibarətdir ki, ixrac olunan raket sistemlərinin 300 kilometrdən çox mənzili olmamalıdır. “İsgəndər”lərin 280 kilometr uzaqlığı vurmaq qabiliyyəti var.
![]()
Bu baxımdan onlar heç yerə, Bakıya belə çatan deyillər. “Skad” raketlərinin uzaqlığı elə 300 kilometrdir. Onların əlində olan yeganə raketlər elə bunlar idi. Uzaqlıq baxımından çatmadı. Ay Şuşaya filan atacağıq deyə hədə-qorxu gəlirdilər. Ora atıb nəyə nail olacaqsan? Sadəcə, nağıllar danışırlar. Rusiya onlara “İsgəndər”i verməyib ki, bir onun istifadəsinə də mane olsun. Onun 1000 tona yaxın çəkisi var. Onu İrandan gətirsəydilər, bizimkilər yüz faiz biləcəkdi. 2012-ci ildə onu gətiriblər ki, Gümrüyə yerləşdirsinlər. Digər tərəfdən, belə silahları satanda mütləq məlumat verilməlidir. Birləşmiş Ştatların nəzdində xüsusi bir orqan var. Hansı ki, bu orqan silahlara nəzarət edir. Raket sistemlərini bir ölkə digərinə satanda mütləq xəbər verməlidir. Rusiya isə bu xəbərdarlığı verməyib. Çünki deyir ki, Ermənistana verməmişəm. Türkiyə də, biz də bunu yaxşı bilirik".
Sabiq nazir əslində Paşinyanın “Qarabağ klanı”nı çətin duruma saldığını qeyd etdi: “Sadəcə olaraq, 2016-cı ilin aprelində məlum zərbədən sonra bizdə xof yaratmaq üçün dedilər ki, ermənilərə ”İsgəndər"lər vermişik. İndi isə erməni iqtidarının üzərinə düşülüb ki, bəs niyə atmamısan? Onlar isə deyə bilmirlər ki, bizdə yox idi. Paşinyan istəyir ki, Sərkisyan bu silahların onlarda olmadığını boynuna alsın. O zaman Lavrovun oyunu ortalığa çıxacaq. Bu fırıldağı 2016-cı ildə ediblər, Paşinyan isə bunun üzərinə gedir və istəyir ki, Sərkisyan bu raketlərin onlara verilmədiyini etiraf etsin. Burada isə “Qarabağ klanı”nın zəifləməsi olacaq ki, necə olub Rusiya bizə o silahları verməyib, axı bizim dostumuz idi. Bundan sonra qərbyönlü siyasət yürüdüləcək. Məqsəd budur. Heç bir söz deyə bilmirlər, düşüblər Paşinyanın üstünə. O isə provokasiya edir ki, deyin, yoxsa mən deyəcəm".

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Hazırda kimin yalan və ya düz danışdığını demək çətindir. Erməni generalları deyirlər ki, guya kəmərləri vurmaq istəyib, Paşinyan qoymayıb. Tutaq ki, vurardılar, nə olacaqdı? Bizim qəzəbimiz artacaqdı. Onları elə günə qoyacaqdıq ki, İrəvanda bir salamat yer qalmayacaqdı. İndi müharibə bitib deyə özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Müharibə günlərində qorxu içərisində idilər. İndi bir az özlərində cəsarət tapıb, nəsə fikirlər söyləyirlər. Aydındır ki, bizim boru kəmərini vursaydılar, bu onlara baha başa gələcəkdi. Nəinki Qarabağa, sərhədin o tərəfinə keçmək məcburiyyətində qalacaqdıq. Rusiyaya gəlincə, orada anlayırlar ki, nə qədər ermənilərə dəstək versələr də, boru xəttinin vurulması bölgədə gərginliyi daha da artırar, müharibə daha uzunmüddətli olardı. Kreml isə müharibənin tez bitməsini istəyirdi”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






