İstənilən ölkənin xalqı istəyir və çalışır ki, özünü ətrafına, dünyaya sülhpərvər, mədəni, tarixi irsinə hörmət qoyan, onu qoruyan insanlar kimi tanıtsın. Kimi bunu əla bacarır, kimi pis, kimi də, ümumiyyətlə, bacarmır.
Qardaş özbək xalqı bunu bacarmağa çalışanlardandır. Son illərdə, xüsusilə də prezident İslam Kərmovun vəfatından sonra hakimiyyətə gələn yeni prezident Şevket Mirziyayevin dönəmində Özəbəkistanın Mədəniyyət Nazirliyi, bu sahəyə birbaşa aidiyyatı və yaxınlığı olan qurumlar və şəxslər ölkənin mədəniyyət sektorunun inkişafına töhfə verir, müxtəlif beynəlxalq tədbirlər keçirirlər.
Bu gün Özbəkistanda təşkil olunan və “Yeni Müsavat” media qrupunun əməkdaşının xüsusi dəvət olunduğu mədəniyyət tədbiri onlardan biridir. Tədbir “Özbəkistanın mədəni miras həftəsi – yeni intibahın fundamenti” adlanır və bu, 5-ci beynəlxalq konqresdir. Konqres yuxarıda qeyd olunduğu kimi, Özbəkistanın mədəni mirasının öyrənilməsinə, qorunub saxlanmasına və populyarlaşmasına həsr olunub.
Konqresdə dünyanın 40-dan artıq ölkəsindən 350 tarixçi alim, kulturoloq, jurnalist və başqa peşə sahibləri toplaşıblar. Prezident Mirziyayev bu kimi tədbirlərin keçirilməsini “Üçüncü özbək intibahı”nın tərkib hissəsi, daha dəqiqi, bu intibafa təkan və töhfə verilməsi kimi səciyyələndirir.
Konqresin sayca 5-ci olması da məhz bu üzdəndir. Mirziyayevdən öncə belə tədbirlər olmayıb. Bir də ötən il qlobal pandemiya ilə bağlı müvafiq tədbirlər keçirilməyib. Bu il isə təşkilatçılar hesab ediblər ki, qlobal pandemiya öz yerində, amma mədəniyyətin, mədəni irsin təbliğini də unutmaq olmaz. Hesab olunur ki, bu, maraqlı və parlaq keçmişə dayanaraq böyük gələcək qurmaq yolunda xalqlara, bəşəriyyətə yeni enerji verir.
Onu da qeyd edək ki, qonşu Qazaxıstanda, eləcə də Azərbaycanda bu kimi tədbirlərin keçirilməsinin tarixi daha çoxdur. Avtomatik olaraq bu xüsusda təşkilatçılıq işində də zəngin təcrübə də var. Ancaq qardaş özbəklər də belə böyük tədbirin keçirilməsini yaxşı təşkil ediblər.
Tədbirin ideya müəlliflərindən, təşkilatçılarından və sponsorlarından biri, yəqin ki, birincisi olan Firdavs Abdulxalıqov bildirir ki, rəhbərlik etdiyi beynəlxalq cəmiyyət təkcə adına görə beynəlxalq cəmiyyət deyil, real olaraq da bu cürdür və ölkə xaricində, bütün dünyada filiallara malikdir. Bəzi jurnalistlər zarafatla deyirlər ki, əgər cənab Abdulxalıqova AES tikmək işi tapşırılsaydı, o, indi bu işin öhdəsindən gəlmişdi.
Global Digital Heritage təşkilatının direktoru, amerikalı Miloş Lukas Öbəkistanın diyarlarınındakı Bibixanım, Registan, Qur-i-Əmir, Mir-i-Ərəb, Şahi-Zində və başqa memarlıq abidələrinin 3D formatında skan olunması layihəsini həyata keçirib. O, hazrladığı fotolardan ibarət böyük almanaxı nümayiş etdrdi və abidələrin möhtəşəmliyi izləyicilərdə gerçəkdən heyrət doğurdu. Bu, həm də ona görə əhəmiyyətlidir ki, gələcəkdə bu abidələrdə çökmə, zədələnmə yaranarsa, onu bu şəkillərlər daha effektiv bərpa etmək mümkün olacaq.
Musavat.com






