Dünyanın qlobal seçimi nə olacaq?
Əslində bütün əlamətlər var. Neftin və qızılın qiyməti düşür, aparıcı dövlətlər Rusiyaya qarşı sanksiyaları bir-birinin ardınca qəbul edirlər...
Amma bir tərəddüd də var. O da onunla bağlıdır ki, son illərdə Rusiya ilə sıcaq münasibətləri olan siyasətçilər və hətta ölkələr meydana çıxıb. Amma bu ölkələr Rusiyanın dostu olsalar da ABŞ-ı və Avropanı itirmək istəmirlər...
Bizə bir dəfə soyuq müharibəni, daha doğrusu, onun finalını yaşamaq nəsib olub. L.Brejnev vəfat edəndə, hətta onun ömrünün son illərində aydın idi ki, ölkə daha belə davam edə bilməz, mütləq hansısa dəyişikliklər olmalıdır. Y.Andropovun hakimiyyətə gəlişilə bu ümidlər bir az da artdı. Amma hiss olunurdu ki, Y.Andropov da nə etmək lazım gəldiyini bilmir - gah Koreyaya məxsus sərnişin təyyarəsi vurulur, gah “miniaraqlar”ın istehsalı artır, gah da gündüzlər işləməyənləri aşkar etmək üçün “oblava”lar keçirilirdi...
Elə bu səbəbdən qoca və xəstə Y.Andropovun dünya siyasətinə töhfəsi onun M.Qorbaçova dəstək verməsi oldu. Amma ölkə M.Qorbaçovdan əvvəl hələ bir müddət K. Chernenko dövrünü yaşadı...
Sonra da M.Qorbachov gəldi. Və bundan sonrası artıq hamıya yaxşı bəllidir.
Bu kiçik tarixi ekskurs nəyə lazım idi? Rusiyada indi tamamilə başqa vəziyyətdir-qoca və xəstə siyasətçilər siyasətdən çəkilib gediblər... İnsanların bir qismi dəyişikliklərin zərurətini anlayırlar. Amma böyük əksəriyyət isə V.Putinə dəstək verir.
Düzdür, adam inana da bilmir ki, Rusiyada düzgün sorğu keçirilsin... Amma başqa sorğular da yoxdur və məcburuq ki, mövcud vəziyyətlə, daha doğrusu, mövcud sorğulara inanmaqla kifayətlənək...
Təbii ki, Rusiya SSRİ deyil. İlk baxışda onun dünyaya çağırış hesab ediləcək qlobal ideyası da yoxdur. Ölkədə əvvəlki planlı dövlət iqtisadiyyatından fərqli olaraq bazar iqtisadiyyatı bərqərar olub...
Bunlar, necə deyərlər, hamısı məlum. Amma dünya ölkələri Rusiyanın keçmiş sovet məkanına getdikcə artan müdaxiləsindən narahatdır. Ukraynada baş verən proseslər bir növ Qərb ölkələrinin səbrini daşdırdı...
İndi dünya tamam başqa durumdadır. Artıq öz ərazisinə əlavə torpaqlar birləşdirilməsi təcrübəsi təqdir olunmur. Rusiya isə Krımı özünə birləşdirdi və indi hamı narahatdır ki, Qara dəniz tamamilə Rusiyanın nəzarətinə keçə bilər...
Ona görə də getdikcə daha çox siyasətçi soyuq müharibədən danışmağa başlayıb. Düşünürlər ki, bu böyük nüvə dövləti olan Rusiyaya qarşı ən yaxşı və ən effektiv üsuldur...
Təbii ki, bu pressinqi təkcə Rusiya hiss etməyəcək. Bütün neft və qızıl istehsal edən ölkələr də bu və digər dərəcədə həmin pressinqi hiss edəcəklər.
Amma növbəti soyuq müharibə bir cəhəti ilə fərqlənir. İndi onun bir ünvanı var və bu da Rusiyadır. Əvvəlki soyuq müharibənin ünvanı isə kommunist bloku idi. Həmin soyuq müharibənin bir siyasi məzmunu və siyasi ideologiyası vardı.
İndi isə bu, az hiss olunur. Bəlkə də bu təzyiqləri bütün aqressorlara qarşı yönəltmək olardı. Və yaxud da ki, anti-demokratik ölkələrin hamısını təcrid etməyə cəhd etmək olardı...
Amma indi belə bir proqram yoxdur və yeni soyuq müharibə özünün geosiyasi çalarları ilə daha çox diqqət çəkir. Bir tərəfdə Rusiya, o biri tərəfdə isə hətta ərəb monarxiyaları...
Amma narahat olmağa dəyməz. Birinci soyuq müharibədə də belə nüanslar vardı. O vaxt da, məsələn, ərəb monarxiyaları Qərbin neft siyasətində olduqca mühüm rol oynadılar...
Həm də bir məsələ açıq qalır. Bu soyuq savaş təkcə Qərbin açdığı savaş olacaq, yoxsa digər böyük dövlətlər də ona qoşulacaq? Hələlik bu xüsusda bir söz demək çətindir...
Rusiya Çinin timsalında özünün iqtisadi və siyasi xilaskarını görür. İndi hamı Çinə Rusiyanın neftini və qazını xilas edəcək bir ölkə kimi baxır. Amma Çin heç bir vaxt ABŞ-la münasibətlərini korlamağa getməz, çünki onun əsas ticari tərəfdaşlarından biri ABŞ-dır...
Həm də hər şey dünya neft bazarındakı konyunkturadan asılıdır. Çin neftin və ya qazın qiymətini dəyişmək iqtidarında deyil...
Ona görə də “Rusiyanı nə və ya kim xilas edəcək?” sualı bu gün təkcə ritorik məzmun kəsb etmir. Soyuq müharibələr düşmən obrazı formalaşdırmaqdan başlayır. Rusiya da indi hələki bununla məşğuldur...
Amma burada qərblilərin dediyi bir fikir yada düşür: rusiyalılar həmişə özləri üçün böyük problemlər yaradır və sonra da həll etməyə girişirlər. Amma bəzən həlli müşkül problemlər də olur...






