Avropa Birliyinin vahid valyutası olan avro dəyərinə görə yeddinci yerdə gəlir
Dünyada yüzlərlə milli valyuta var: hər ölkə daxili ticarətində öz milli valyutasından istifadə edir. Əsrlər boyu zaman-zaman bu valyutaların dəyəri artıb-azalır. Hər bir milli valyutanın alıcılıq qabiliyyəti nə qədər yüksəkdirsə, onun dəyəri də bir o qədər yüksək qiymətləndirilir. Milli valyutaları dəyərli edən əsas amillərdən biri də stabillikdir - tez-tez dəyəri dəyişən valyutalar qeyri-sabit və aşağı dəyərli hesab olunurlar.
Maraqlıdır ki, iqtisadiyyatda milli valyutanın bahalılığı heç də həmişə müsbət amil hesab olunmur. Bəzən ucuz valyuta iqtisadiyyat üçün daha əlverişlidir, nəinki baha.
Ötən əsrin 60.-cı illərindən etibarən dünyanın ən dönərli valyutası ABŞ dollarıdır: ölkələrarası ticarətin 70 faizdən yuxarısı bilavasitə bu valyuta ilə, daha 20 faizi isə çarpaz məzənnə olaraq dolayısı ilə onunla həyata keçirilir. Və ayrı-ayrı ölkələrin milli valyutalarının dəyəri də onların dollarla olan məzənnəsi əsasında hesablanır.
“Yeni Müsavat” olaraq dünyanın ən bahalı və ən ucuz 10 valyutasını təqdim edirik:

Bahalı valyuta kimdədir?
Beləliklə, bu gün dünyanın ən çox istifadə olunan valyutası dollardırsa, ən dəyərli valyutası isə Küveyt dinarıdır - 1 dinar 3,32 dollara bərabərdir. Cəmi 1 milyona yaxın əhalisi olan Bəhreyn Krallığının dinarı isə ikinci dəyərli valyuta hesab olunur: 1 BD 2,66 dollara bərabərdir. Hər iki ölkənin əsas gəlir mənbəyi neft-qazdır.
Ərəbistan yarımadasında yerləşən Omanın milli valyutası isə dünyada dəyərinə görə 3-cü yerdə qərarlaşıb. Oman dünyanın ən inkişaf etmiş və yüksək gəlirli dövlətlərindən biri hesab olunur. Oman rialının dəyəri 2,6 dollardır.

İqtisadiyyatı elə də yüksək inkişaf etməyən İordaniyanın milli valyutası olan dinar 1,43 dollara bərabər hesab olunur.
Bir zamanlar dünyanın ən bahalı valyutası hesab olunan Böyük Britaniya funt-sterlinqi isə dəyərinə görə 5-ci yerdə gəlir - 1,32 dollardır.
Dünyanın 6-cı ən dəyərli valyutasına malik Kayman adaları Böyük Britaniyanın protektoratlığı altında olsa da, öz valyutasına malikdir. 1 KYD 1,21 dollara bərabərdir.
Avropa Birliyinin vahid valyutası olan avro dəyərinə görə yeddinci yerdə gəlir - 1 avro 1,12 dollara bərabərdir. Hazırda dünyada yığımların 23 faizə qədəri məhz avro ilə aparılır. 63 faizə yaxını isə ABŞ dolları ilədir.
Avropanın, elə dünyanın ən inkişaf etmiş və ən stabil iqtisadiyyatına malik İsveçrənin milli valyutası olan frank dəyərinə görə səkkizincidir - 1 frank 1,03 dollara bərabərdir.
Dünyanın ən dönərli valyutası olan ABŞ dolları isə dəyərinə görə doqquzuncu yerdə qərar tutur.
Nəhayət, onuncu ən dəyərli milli valyuta Liviya dirhəmidir - 1 dirhəm 72 sentə bərabərdir.
Qeyd edək ki, 2015-ci il devalvasiyalarına qədər Azərbaycan manatı dünyanın ən dəyərli milli valyutaları arasında 10-cu yerdə qərarlaşmışdı...

Ən dəyərsiz milli valyutalar
Hazırda dünyanın ən dəyərsiz valyutası İran rialı hesab olunur - İran Mərkəzi Bankının məzənnəsinə əsasən 1 dollar 43 min riala bərabərdir. Qara bazarda isə bu məbləğ 1 dollar üçün 112 min riala qədər yüksəlib. Halbuki ötən ilin mayına - ABŞ bu ölkəyə sanksiyalar tətbiq edənədək İran milli valyutası dəyərsiz valyutalar arasında 6-7-ci yerlərdə qərar tutmuşdu.
İkinci dəyərsiz valyuta Vyetnam donqu hesab olunur. Bir dollar 23,5 min donqa dəyişdirilir.
Daha bir Asiya ölkəsi olan İndoneziyanın valyuitası - rupi dünyanın 3-cü ən ucuz valyutası hesab olunur. Hazırda 1 dollar 14,5 min İndoneziya rupisinə bərabərdir.
Qvineya Respublikasının frankı ucuzluğuna görə dördüncü yerdə gəlir. Bir dollar 9,1 min franka dəyişdirilir. Qızıl, almaz, alüminium yataqları ilə zəngin olan bu ölkədə yoxsulluq və quldurluq hökm sürür.
Tədavülə buraxıldığı 1952-ci ildən bəri dəyər itirməyən, əksinə, mövqeyini getdikcə möhkəmləndirən Laos kipi dünyanın 5-ci ən dəyərsiz valyutası hesab olunur. Bir dollar 8,53 min kipə bərabərdir.
Altıncı yerdə isə Syerra Leonenin leonesi gəlir - 1 dollar 8,5 min leoneyə mübadilə olunur.
Özbəkistanın milli valyutası olan sum alıcılıq qabiliyyətinin aşağılığına görə dünya yeddincisidir - 1 dollar 8,4 min sumdur.
Səkkizinci ucuz milli valyuta olan Paraqvay quaranisi ilə 1 dollar almaq üçün 6 min quarani ödəmək lazım gəlir.
Kambocanın yerli pulu olan riel dəyərsizliyinə görə dünya doqquzuncusudur. Bu ölkədə 1 dollar 4 min rielə dəyişdirilir.
Nəhayət, ən ucuz milli valyutalar onluğunu Uqanda şilinqi tamamlayır. Bir dollar əldə etmək üçün 3,72 min şilinq sərf etmək lazımdır.

Burger indeksi və Rusiya rublu
Onu da qeyd edək ki, milli valyutaların dəyərini ölçmək üçün bir sıra indekslərdən də istifadə olunur. Bu indekslər arasında “The Economist” jurnalının 1986-cı ildən bəri tətbiq etdiyi Big Mac indeksi populyarlığı ilə seçilir. Məşhur “McDonalds” restoranlar şəbəkəsinin məhsulu olan burgerin dünya ölkələrində qiyməti əsasında hesablanan indeks milli valyutaların alıcılıq qabiliyyətinin müəyyənləşdirilməsi üsullarından biridir.
“Big-Mac” indeksi alıcılıq qabiliyyəti paritetinin qeyri-rəsmi hesablanma üsulu kimi qəbul olunub. Bu indeksə görə, müxtəlif ölkələrdə əmtəə səbətinin qiyməti valyuta məzənnəsi sayəsində bərabərləşdirilməlidir. Sadəcə, əmtəə səbəti əvəzinə burada “McDonalds” şirkəti tərəfindən hazırlanan standart burger götürülür. İndeksin hazırlanmasına səbəb müxtəlif ölkələrin valyutalarının real məzənnəsini təsbit etməkdir.
2019-cu ilə dair Big Mac indeksinə əsasən Rusiya rublu dünyanın ən dəyərsiz milli valyutasıdır. Belə ki, ABŞ-da 1 burger 5,58 dollara, Rusiyada isə 1,67 dollara başa gəlir. Türkiyə lirəsi isə ikinci ən dəyərsiz valyutadır - 1 burger 1,77 dollara başa gəlir. Azərbaycanda bir burgeri 2,33 dollara əldə etmək mümkündür.
Big Mac indeksinə görə, dünyanın ən dəyərli valyutası İsveçrə frankıdır - 1 burger 6,55 dollara başa gəlir. İkinci yerdə isə İsveç gəlir -1 burger üçün bu ölkədə 5,74 dollar ödənməlidir.
DÜNYA,
“Yeni Müsavat”






