Zanbaq xalçasının hazırlanmasında su içində olan 545 min zanbaqdan istifadə edilib. Bu, dünyada bir gül xalçasının hazırlanmasında indiyədək istifadə edilmiş ən çox zanbaq sayıdır.
Xalçanın sahəsi isə 262 min kvadratmetr ərazini əhatə edir. Sultanəhməd Meydanında yerləşən zanbaq xalçasının hazırlanmasına 2 gün sərf edilib.
İstanbulun bu tarixi bölgəsində sərgilənən zanbaq xalçası meydanda möhtəşəm bir motiv formalaşdırıb və bu, sakinlərin və turistlərin marağına səbəb olub.
Təbii gül xalçasının açılışında İstanbul Böyükşəhər Bələdiyyəsinin rəisi Kadir Topbaş və minlərlə sakin və turist iştirak edib. Topbaş 1400 illik tarixi olan Ayasofya və Sultanəhməd məscidlərinin arasında bu gözəlliyi nümayiş etdirməkdən qürur hissi duyduqlarını bildirib.
"Bu gün bir rekorda imza atırıq. Dünyada ilk dəfədir kəsilməmiş çiçəklərlə 545 min zanbaqdan ibarət dünyanın ən böyük xalça motivini bu tarixi məkanda nümayiş etdiririk. Kilim dizaynında hazırlanan bu əsər öz işçilərimiz tərəfindən hazırlanıb." - deyə, Kadir Topbaş bildirib.
Zanbaq xalçasında istifadə edilən çiçəklər kəsilmədiyindən, daha uzun müddət qalacaq və zanbaq xalçası 10 gün nümayiş etdiriləcək.
Simvolu zanbaq olan İstanbulda "Zanbaq evinə qayıdır" şüarı altında Zanbaq Festivalı isə 2005-ci ildən bəri hər il keçirilir.