İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünyanın düz vaxtı”nın cinayətkarlıq statistikası – amansız SSRİ rejimi də canilərin öhdəsindən gələ bilməyib

2872 25.02.2021 15:18 Yaxın tarix A A

Sovet dövründə cinayətkarlığa qarşı mübarizə tədbirləri ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. Amma buna baxmayaraq, SSRİ-də ayrı-ayrı dövrlərdə cinayət hadisələrinin sayı artıb. O cümlədən sovet-alman müharibəsi ərəfəsində də cinayətlərin qarşını almaq mümkün olmayıb. Əksinə, bu ərəfədə, müharibənin yaratdığı qarışıqlıqda cinayətkarlar daha da fəallaşıblar. Məhz buna görə də 1941-ci ilin oktyabr ayında Dövlət Müdafiə Komitəsində 813 nömrəli əmr imzalanıb.

Əmrdə sovet qanunlarını pozanlar, həmin qanunalara tabe olmamağa çağırış edənlər, hərbi xidmətdən yayınanlar, asayişi pozanlar, düşmən qüvvələri ilə əməkdaşlığa razılıq verənlərin dərhal cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub. Bununla yanaşı, əmrdə cinayət hadisəsi törədənlərin yerində güllələnməsi də öz əksini tapıb.

1311592070201.jpg (132 KB)

Qeyd edək ki, 1942-ci ildə SSRİ-də cinayət hadisələri əvvəlki ilə nisbətən 22 faiz, 1943-cü ildə 21 faiz, 1944-cü ildə 9 faiz artıb. Yalnız 1945-ci ilin mart ayından sonra cinayət hadisələrinin sayında 6 faiz azalma müşahidə olunub.

Dövlət Müdafiə Komitəsinin 813 nömrəli əmrini icra edən Moskva milisi təkcə 1941-ci ilin oktyabr ayından 1942-ci ilin may ayına qədər 500 min nəfəri saxlayıb. Onlardan 2 min nəfəri güllələnib, 30 min nəfərə yaxını hərbi xidmətdən yayınmaya görə məsuliyyətə cəlb olunub, 100 nəfərdən artıq şəxs casusluqda ittiham olunub, təxminən 800 min nəfər isə cəbhə ilə bağlı yalan informasiya yaymaqda, əhali arasında təşviş yaratmaqda günahlandırılıb.

Tarixçi Sergey Şurlovun açıqlamalarına görə, müharibə ərəfəsində SSRİ-nin böyük şəhərlərində cinayətkar dəstələrdə sürətlə silahlanma gedib. Məqsəd oğurluq, soyğunçuluq və qarətlərin daha geniş miqyasda keçirilməsi olub.

1-50.jpg (83 KB)

Müharibə dövründə Leninqrad şəhərində cinayətkarlıq hadisələri özünü daha qabarıq biruzə verib. Təkcə 1942-ci ildə şəhərdə SƏDM (sosialist əmlakını dağıdanlarla mübarizə) idarəsi xətti ilə 14 min 500 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Leninqradda bu ərəfədə əsasən gündəlik tələbat mallarının, ərzaq məhsullarının qeyri-qanuni yolla əldə olunması, satışı, onların anbarlardan oğurlanması, bölgü zamanı saxtakarlığa yol verilməsi ilə bağlı cinayət faktları qeydə alınıb. O, cümlədən 1942-ci ildə şəhərdə 443 quldur dəstəsi zərərsizləşdirilib.

Hüquq elmləri doktoru Sergey Nevckinin araşdırmalarına görə, 1941-1944-cü illərdə SSRİ-də 7 mindən artıq quldur dəstəsi məhv edilib ki, onların üzvlərinin sayı 89 minə çatıb. Həmin araşdırmalarda Orta Asiya şəhərlərində - Daşkənddə, Alma-Atada, Çimkənddə, Frunzedə bandit dəstələrinin daha fəal olduqları göstərilib. Bunu nəzərə alan “NKVD” 1943-cü ildə Daşkəndə xüsusi qrup göndərib. Bir ay ərzində aparılan əməliyyatlar nəticəsində 3 min nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 79 nəfəri qəsdən adamöldürmədə, 350 nəfəri külli miqdarda oğurluqda, 210 nəfəri bədənə xəsarət yetirmə ilə soyğunçuluqda ittiham ediliblər. İttiham olunanlardan 79 nəfəri ən ağır cəzaya, edama məhkum edilib.

images.jpg (44 KB)

Müharibə ərəfəsində Tver, Rostov və Odessa şəhərləri kriminogen durum baxımından digər şəhərlərdən fərqləniblər. Bu şəhərlərdə xüsusilə silah, yanacaq, gizli sexlərdə istehsal olunan alkoqollu içkilər və narkotik vasitələrin satışı ilə bağlı cinayət faktları qeydə alınıb.
Müharibə dövründə SSRİ-də cinayətkarlığa qarşı ciddi mübarizə aparılıb və cinayət hadisələrinin (ümumi) açılması 81 faiz olub. 1944-cü ildə “NKVD” başçısı Lavrenti Beriya cinayət hadisələrinin statistikasını Stalinə təqdim edəndə məhz bu rəqəmi göstərib. Amma sonrakı araşdırmalar ortaya fərqli rəqəmlər çıxarıb.

Araşdırmaçıların qənaətinə görə, cinayət hadisələrinin açılma faizi maksimum 50-52 faiz olub. Araşdırmaçılar onu da qeyd ediblər ki, bu 50 faizin özündə də bir qeyri-dəqiqlik var. Çünki cinayət hadisələrinin açılma faizini yüksək göstərmək üçün bir çox hallarda cinayət hadisələri işgəncələr hesabına cinayətdə əli olmayan insanların boynuna qoyulub, əsl cinayətkarlar isə öz işlərini davam etdiriblər. Təbii ki, Stalin təkbaşına baş verən on minlərlə cinayətin tam təfərrüatını öyrənə bilməzdi.

c14f8aae8ab323a3ffff74da529b0b10.jpg (43 KB)

Elə müharibədən sonrakı illərdə də SSRİ-də cinayət hadisələrinin sayı hər il artıb. Əgər Xruşovun hakimiyyətdə olduğu 1960-cı ildə məhkəmələr tərəfindən müxtəlif cəzalara məhkum olunanların sayı 516 min nəfər olubsa, Brejnevin hakimiyyətdə olduğu 1975-ci ildə bu rəqəm 884 minə çatıb.

SSRİ-nin son illərində, qarışıq 1989-1991-ci illərdə isə 1970-ci illərlə müqayisədə cinayət hadisələri iki dəfə artıb.

1515139460_0_0_2988_1694_600x0_80_0_0_6b6aa0bd76ad1323657542fdadd95ee6.jpg (106 KB)

Beləliklə, nə amansız Stalin rejimində, nə çılğn Xruşovun, nə “rahat” Brejnevin dövründə, nə sərt Andropovun qısamüddətli hakimiyyətində, nə də sonrakı baş katiblərin rəhbərliyi zamanı SSRİ-də cinayətkarlığın statistikasını aşağı salmaq mümkün olmayıb.

Faktlar sübut edir ki, sovet ideologiyasının “SSRİ-də cinayətkarlıq sıfıra enəcək” şüarı mif yaratmaqdan başqa bir şey olmayıb.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR