Dünyada koronavirusa yoluxanların sayı 95 milyona yaxınlaşıb. Son statistik məlumata görə dünyada bu günə qədər 94 milyon 970 min 294 insanda koronavirus aşkarlanıb. 2 milyon 31 min 394 nəfər insan isə bu virusdan dünyasını dəyişib. Virusa yoluxanların 67 milyon 700 mindən çox insan isə virusa qalib gələ bilib.
Musavat.com hazırda dünya ölkələrində koronavirusla bağlı son vəziyyəti təqdim edir.
ABŞ-da son iki həftədə koronavirusa yoluxanların sayı ən pik həddə çatıb. Ekspertlər qeyd edir ki, son iki həftə ərzində koronavirusa sutkalıq yoluxma göstəricisi əvvəlki iki həftə ilə müqayisədə 40 faiz artıb. Qeyd edək ki, bu günə qədər ölkədə 24,3 milyon insanda koronavirus aşkarlanıb, 405,2 mindən çox insan isə virusdan dünyasını dəyişib.
Rəsmilər bildirir ki, bu günə qədər ABŞ-da 151 min nəfər vaksin vurulub.
Hindistanda da koronavirusla bağlı vəziyyət kritik olaraq qalır. Bu günə qədər ölkədə 10,5 milyondan çox yoluxma qeydə alınıb. Virusa yoluxanların 152,311 nəfəri dünyasını dəyişib. Qeyd edək ki, ötən gün ölkədə dünyanın ən geniş COVID-19-a qarşı peyvəndlənmə kampaniyasına start verilib. Belə ki, Hindistanın Baş naziri Narendra Modi ölkədə koronavirusa qarşı peyvəndlənmə kampaniyasının başladığını video-konfransda elan edib. O qeyd edib ki, bu, dünyanın ən geniş peyvəndləmə proqramıdır və bütün ölkəni əhatə edəcək. Video-konfransa ölkə ərazisindən 3006 peyvəndləmə mərkəzi qoşulub.

Baş nazir Modi peyvənd vurulması kampaniyasının birinci mərhələsində 30 milyon insana peyvənd vurulduğunu deyib və bildirib ki, bu rəqəm dünyanın ən azı 100 ölkəsinin əhalisindən çoxdur. O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib. Baş nazir vətəndaşları hər hansı şayiəyə inanmağa çağırıb.
Avropa ölkələrində koronavirusla bağlı son vəziyyətə gəldikdə isə məlum olduğu kimi İngiltərədə aşkarlanan koronavirusun yeni ştammı sürətlə Avropa ölkələrində yayılmaqdadır. ÜST son olaraq bildirib ki, artıq 25 ölkədə koronavirusun yeni növü aşkarlanıb.
Avropanın ən çox koronavirusdan əziyyət çəkən ölkələrindən biri olan İtaliyada bu günə qədər 2,3 milyon insan koronavirusa yoluxub, 81,8 mindən çox insan bu virusdan dünyasını dəyişib. Qeyd edək ki, ötən ilin dekabrın sonlarından başlayaraq, ölkədə vaksinasiya prosesi başladılıb. Son məlumata görə, İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı artıq yarım milyon nəfəri ötüb.
![]()
Bununla da İtaliya Avropa ölkələri arasında koronavirusa qarşı ən çox peyvənd tətbiq olunan ölkə olub və ölkənin müxtəlif regionları üzrə paylanmış peyvənd dozalarının 63,5 faizi artıq istifadə edilib. Ölkənin səhiyyə qurumlarının verdiyi məlumata görə, gündəlik peyvənd hədəfi 70 min nəfərə çatdırılmalıdır və hazırda peyvənd vurulan şəxslərin orta yaş həddi 50-59 arasındadır. Onu da əlavə edək ki, İtaliyada əhalinin peyvənd kampaniyasında iştiraka təşviq edilməsində Roma Papası Fransisk də mühüm rol oynayıb. O, möminlərə ünvanladığı müraciətlərində kampaniyanı ciddiyə almağa və iştiraka çağırışlar edib. Roma-katolik kilsəsinin rəhbəri yerli telekanallara verdiyi müsahibədə bildirib ki, insanlar aktiv şəkildə peyvənd vurdurmalıdırlar, bu prosesdən yayınmaq onun üçün “intihara bərabər imtina”dır və bu cür addım atanları anlamaq mümkün deyil.
84 yaşlı Papa bildirib bir neçə gün öncə özü də peyvənd vurdurub. Papaya peyvəndin ilk dozası tətbiq edilib, ikinci dozanı üç həftədən sonra qəbul edəcək.
Fransada isə koronavirusdan ölənlərin ümumi sayı 70 mini ötüb. Ölkədə bu günə qədər 2,8 milyondan çox yoluxma aşkarlanıb. Qeyd edək ki, Fransada da koronavirus bəlası sürətlə yayılmaqda davam edir. Bununla belə, ötən ilin dekabrın 21-dən başladılan vaksinasiya prosesinin ləng aparıldığı müşahidə olunmaqdadır. Artıq bununla bağlı etirazlar səslənməkdədir. Ölkədə dolaşan söz-söhbətə görə vəzifəsindən uzaqlaşdırılan növbəti məmur səhiyyə naziri Olivye Veran olacaq.

Qonşu Rusiyada koronavirusa yoluxanların sayı 3,5 milyonu ötüb. Ölkədə bu günə qədər 65 min insan virusdan dünyasını dəyişib. Qeyd edək ki, sabahdan başlayaraq Rusiyada koroanvirusa qarşı kütləvi vaksinasiyasına başlanılacaq. Məlumata görə Rusiyada koronavirus infeksiyasına qarşı indiyədək iki yerli peyvənd qeydiyyata alınıb, üçüncü peyvənd isə hazırlanma mərhələsindədir.
Qardaş Türkiyədə isə hazırda vaksinasiya prosesi aparılır. Bu günə qədər ölkədə 2,3 milyondan çox insanda koronavirus aşkarlanıb. İndi ümidlər tətbiq edilən sərt karantin rejimi və vaksinasiya prosesinədir. Məlumata görə, prosesin başladığı təkcə son iki gündə 500 mindən çox insana peyvənd vurulub.
Dörd mərhələ və müəyyən qruplar üzrə aparılan vaksinasiyanın ilk mərhələsində səhiyyə işçiləri, yaşlılar, əlillər, qoruma evlərində olan və orada işləyənlər, eləcə də yaşı 65-dən yuxarı olanlar peyvəndlənirlər. İlkin mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, səhiyyə naziri Fahrettin Koca və bir sıra dövlət nümayəndələrinə də peyvənd vurulub. Ərdoğan yanvarın 14-də peyvənd olunmasına baxmayaraq, indiyədək heç bir yan təsir hiss etmədiyini bildirib.
Vaksinasiya prosesinin ikinci mərhələsində xidmət sektorunun fasiləsiz fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması üçün dövlət müəssisələrində işləyənlər peyvəndlənəcəklər. Bunlara nazirliklərin əməkdaşları, təhsil, qida və nəqliyyat sahəsində xidmət göstərənlər daxildirlər. Bu mərhələdə əhali arasında yaşı 50-64 arası olanların da peyvəndlənməsi nəzərdə tutulur.
Xalidə Gəray
Musavat.com






