Qəzetimizin ötən sayında internet vasitəsilə pul qazanmaq imkanları barədə yazmışdıq. Son illər bu məkan sosial aktiv insanlar üçün yeni qazanc mənbəyidir. Bəzən evdən bayıra çıxmadan, sırf sosial şəbəkədəki, internetdəki imkanlar hesabına böyük məbləğdə pullar qazanmaq olar.
Məsələn, youtube sosial şəbəkəsindən bəzi video-bloqerlər il ərzində videolarında yerləşdirdiyi google reklamları ilə pul qazanırlar. Bu xidmət təəssüf ki, Azərbaycan üçün hələ də aktiv deyil. 2014-ün ən çox qazanan youtube istifadəçisi isə “PewDiePie” adlı istifadəçi olub. Bu barədə youtube-un illik hesabatında qeyd olunub. Bu istifadəçinin əsl adı Felix Kjellbergdir. Felix əslən İsveçlidir və 24 yaşı var.
Onun youtube-dan 2014-cü ildəki gəliri 7 milyon dollardır. Youtube-da 37 milyon izləyicisi olan bu kanalda Felix yalnız gündəlik yeni çıxan oyunları sınaqdan keçirir və bunu öz kanalında paylaşır. İnsanlara maraqlı gələn isə onun oyun oynayan zaman verdiyi reaksiyalardır.
Bu yaxınlarda Felixin öz yazdığı kitabı satışa çıxaracağı gözlənilir. Kitab hələ satışa çıxmasa da, artıq bir neçə yüz min insan həmin kitabı sifariş edib.
Azərbaycanda da sosial şəbəkədə aktiv olan insanlar var. Facebookda 15.035 izləyicisi, 5 minə yaxın dostu olan “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı isə sosial şəbəkədəki bu populyarlığını pula çevirmir. Onun dediyinə görə, ümumən bu barədə məlumatı yoxdur və bununla maraqlanmayıb: “Üsullarını bilsəm, bəlkə də bu barədə düşünərdim. Amma bəzən dostlar nəyisə paylaşmağımı istəyirlər. Bilirlər ki, dostluğumda çoxlu insan var, onların da görüb tanış olması mümkün olacaq. Amma təbii ki, bu zaman puldan söhbət gedə bilməz”.
Müsahibimiz bu günə qədər hansısa firmanın ona məhsulunun reklamı üçün müraciət etmədiyini bildirdi. Buna görə də Z.Hacı sözügedən variant barədə fikir yürütmək istəmir: “Olmayan bir şeyi necə deyim? Kimsə reklam vermək istəsə, gətirsin baxaq. Amma inanmıram ki, bu ölkədə hansısa firma öz məhsulunu mənə reklam etməm üçün verə. Mənim səhifəmdə daim hökumətin əleyhinə nəsə yazıram. Azərbaycanda isə reklam vermək imkanı olan firmalar hansısa nazirin, oliqarxın inhisarındadır. Müstəqil iqtisadiyyat olsaydı, o zaman mümkün olardı”.
Azərbaycanda müxalifətçilərin də pul qazanmaq, durumunu düzəltmək imkanı yoxdur. İllərdir tanıdığımız siyasilər özlərinə nəinki iş tapa, müstəqil iş qura bilmirlər, eyni zamanda kasıblığın girdabında üzürlər.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Azərbaycan kimi bir cəmiyyətdə söhbət müxalifətin pul qazanmasından daha çox onun mövcudluğundan gedir: “Azərbaycanda müxalifətçiliyin özü bütünlükdə arzuolunmaz bir haldır. O ki, qaldı pul qazanması. Müqayisə apardığımız Avropada, eləcə də bəzi ölkələrdə insanlar üçün demokratik mühit, pul qazanma imkanları yaradılıb. Azərbaycanda isə hökumətin iqtisadi-siyasi sanksiyaları var. İnsanları boğur. Onların pul qazanmasına imkan yaratmır”.
Müsahibimiz Azərbaycanda hansısa sahədə pul qazanmaq üçün cəhdlər etməyin mümkünsüzlüyünü dedi. Onun sözlərinə görə, bu cəhd mümkün deyil: “Bütün ölkədə bazar iqtisadiyyatı hökumətin nəzarəti altındadır. Bank sistemi, bütün resurslar eyni qaydadır. Bizim partiyanın üzvlərini çalışdıqları iş yerindən çıxarır, peşə, təhsil hüquqlarından məhrum edirlər. Pul qazanmaq imkanlarından isə heç danışmağa dəyməz”.
Sevinc TELMANQIZI