İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya süd istehsalçıları ciddi problemlərlə üzləşib – Azərbaycana təsirləri qaçılmazdır

1579 02.07.2020 00:27 İqtisadiyyat A A

Dünya süd istehsalçısı olan fermerlər çox ciddi problemlərlə üzləşiblər. Onlar bütün dünya boyu milyonlarla litr südü çölə atmalı, istehsalı azaltmalı, yaşlı inəklərini satmalı olublar. Dünya dövlətləri südçü fermerləri dəstəkləmək üçün milyardlarla dollar pul ayırıblar: nəticədə Çikaqo birjasında südün qiyməti 2 ayda 2 dəfəyə yaxın bahalaşıb. Lakin yardım müddəti bitən kimi fermerlərin çətinlikləri yenidən baş qaldırıb. Onlar ya ciddi itki vermək, ya da təsərrüfatı tamamilə dayandırmaq seçimi ilə üzləşiblər.


Məsələ burasındadır ki, dünyada koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlər ən gec və böyük tərəddüdlərlə süd məhsullarının daha çox realizə olunduğu kafe-restoran, ictimai iaşə sektorunda qaldırılır. Buna görə də qeyd olunan sektorda süd məhsullarına tələbatın pandemiyadan əvvəlki səviyyəyə çatması üçün uzun müddət lazım gələcək. Bundan əlavə, dünyada iqtisadiyyatların pandemiyanın təsirlərindən gözlənildiyindən daha ləng çıxması insanların gəlirlərinin azalmasına, beləliklə də ümumi alıcılıq qabiliyyətinin düşməsinə gətirib çıxarır.


“Bloomberg”in yazdığına görə, bu, elə bir zərbədir ki, süd sənayesi ona davam gətirə bilməyəcək. Süd İstehsalçıları Milli Federasiyasının məlumatına görə, milyardlarla dollar dəstəyə baxmayaraq, ABŞ-da heyvan sürülərinin sayı rekord səviyyədə azalacaq. Dünya süd və süd məhsulları ixracatında 3 mühüm nöqtədən qalan ikisində  -  Avropa və Avstraliyada da eyni prosesin gedəcəyi gözlənilir.

Azərbaycan Səudiyyə Ərəbistanına süd ixrac edəcək


Süd istehsalçıları yaxın 3-6 ay ərzində vəziyyətin kəskin şəkildə pisləşəcəyini gözləyirlər.


Qeyd edək ki, süd məhsulları dünyanın əsas ərzaq bazarından biridir. BMT-nin məlumatına görə, dünya kənd təsərrüfatı məhsulları üzrə ticarətin 14 faizi süd məhsullarının payına düşür. Dünyada 150 milyon fermer minimum 1 südlük heyvan saxlayır. Dünya süd məhsulları sənayesinin həcmi 700 milyard dollara yaxın qiymətləndirilir. Koronavirusa görə məhdudiyyətlər başlayanda süd məhsulları bazarı ən böyük təsirə məruz qalan qida bazarlarından biri oldu. Məlum oldu ki, dünyada istehlakçılar evdən kənarda qidalananda daha çox pendir və yağdan istifadə edirlər, nəinki evdə qidalananda. Restoranlar bağlandığı üçün fermerlər görünməmiş həcmdə məhsulu atmağa məcbur oldular.


Buna görə də dövlətlər hərəkətə keçdilər. ABŞ südçülüyə 2,9 milyard dollar, Avropa Birliyi isə 30 milyon avro yardım ayırdı, Avstraliya da fermerləri darda qoymadı. Bütün bunların nəticəsində Çikaqo brjasında süd fyuçersləri apreldəki dibə düşmədən sonra iyunda rekord həddə qədər bahalaşdı. Hazırda süd istehsalçıları hətta pandemiyadan əvvəlki dövrdəkindən də çox gəlir əldə edirlər. Lakin fermerlərin özləri də başa düşürlər ki, bu, müvəqqəti haldır və tezliklə başa çatacaq.

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları ...


Dünyada südçülük məqsədilə saxlanılan sürülərin sayı son illərdə azalma dinamikası nümayiş etdirir. 2019-cu ildə ABŞ-da belə sürülərin sayı 9 faiz azalıb. Bu il də təxminən eyni həcmdə azalma gözlənilir. Südlük heyvanların azalmasının bütün dünyada davam edəcəyi proqnozlaşdırılır.Avropa Komissiyasının proqnozlarına görə, südlük heyvan sayındakı ötən ilki 1,2 faizlik azalma fonunda bu il daha 0,7 faiz azalma baş verəcək. Avstraliyada isə ötən il ərzində 500-dək südçü fermer bazarı tərk edib.


“Rabobank” anailtiklərinin proqnozlarına görə, koronavirus pandemiyası ilə bağlı tələbatın azalması nəticəsində heyvan sayı azalsa belə, süd ehtiyatlarının kəskin artımı baş verəcək. Belə ki, bu ilin ikinci yarısında dünyada süd istehsalının 1 faiz artacağı gözlənilir. Bu isə 2021-ci il ərzində də süd və süd məhsullarının qiymətinə mənfi təsir göstərəcək. Aşağı qiymətlər şəraitində heyvan saxlamaq rentabelli olmadığına görə milyonlarla fermer fermasını bağlamaq, yaxud iflas olaraq bazardan çıxmaq məcburiyyətində qalacaq. Bunun qarşısını yalnız dövlətlərin sektora – fermerlərə yeni dəstək tədbirləri ilə almaq mümkündür.


Qeyd edək ki, Azərbaycana xaricdən süd və süd məhsulları idxalı ildən ilə artır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 5 ayında xaricdən 3 253.75 ton süd, 5 434.94 ton kərə yağı və süddən hazırlanmış digər yağlar  idxal etmişik. Bu il isə həmin məhsullar üzrə müvafiq olaraq 4 431.04 ton(36,2 faiz artım), 7 198.35 ton(32,4 faiz artım) idxalımız olub. Son illərin təcrübəsi göstərir ki,  süd məhsulları, xüsusilə kərə yağı bazarındakı qiymət dəyişiklikləri Azərbaycanda dərhal hiss olunur. Bu baxımdan, dünyanın əsas süd istehsalçılarındakı böhran ölkəmizə də təsirsiz ötüşməyəcək.


Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR