İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Meşəlinin dəhşətlər görmüş sakinlərinin müraciətinə susqun qalarsa… - rəylər

518 03.08.2023 13:13 Gündəm A A

Asim Mollazadə: “Xaçaturyan və onun kimi hərbi cinayətkarları dəstəkləyən, müdafiə edənlər riyakar qüvvələrdir”

Xocalının Meşəli kənd sakinlərinin soyqırımında birbaşa iştirak etmiş Vaqif Xaçaturyan Ermənistana qaçmaq istəyərkən Laçın postunda ələ keçdikdən sonra Azərbaycana qarşı riyakar bəyanatların şahidi olduq. Xaçaturyanın cinayətləri konkret faktlarla sübut olunub, şahidlər, işgəncə izləri üzərində olan adamlar danışır, ancaq biriləri terrorçunun, caninin sərbəst buraxılmasını istəyir.

Ermənistan, separatçılarla yanaşı, bəzi beynəlxalq qurumların mövqeyi isə təəccüblüdür. Terrorçunu, soyqırım törədəni cəzasız buraxmaq hansı məntiqə sığır?

Bu eybəcər davranışları müşahidə edən Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb.

Müraciətdə deyilir: “32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz - Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!.. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan soruşuruq: bəs bizim haqq və hüquqlarımız nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir... İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.... Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!"

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Millət vəkili Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Xaçaturyan və onun kimi hərbi cinayətkarları dəstəkləyən, müdafiə edən qüvvələr riyakar qüvvələrdir. Millət vəkili hesab edir ki, bu qüvvələr beynəlxalq hüquq normalarına riayət etmirlər: “Xaçaturyanı müdafiə edən qüvvələr özləri müstəmləkələrdə cinayətlər, qırğınlar törədiblər, milyonlarla insanı qətlə yetiriblər. Aydındır ki, kağız üzərində yazılanlar yalandır, həm Avropada, həm də dünyanın başqa yerlərində hərbi cinayətkarlarla birgə olan qüvvələr mövcuddur. Buna görə də hesab edirəm ki, beynəlxalq təşkilatlarda ciddi islahatlar olmalıdır. Onlar nizamnamələrinə uyğun fəaliyyət göstərməlidirlər. Bir çox halda müdafiə xarakterli bəyanatların arxasında siyasi korrupsiya dayanır. Zəngin ermənilər təşkilatlar vasitəsilə istədikləri bəyanatların səslənməsinə nail olurlar. Azərbaycan isə öz sözünü deyib. Biz haqq mübarizəmizi davam etdirəcəyik”.

Aqşin Kərimov: Rəisi Düşənbədə Paşinyanla görüşdü - KAFKASSAM - Kafkasya  Stratejik Araştırmalar Merkezi

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Ermənistanın müharibə cinayətlərinə Azərbaycanın işğala məruz qalması faktından üstün münasibət bəslənilməsi faktları yeni deyil. A.Kərimovun fikrincə, Bakının etdiyi müraciətlərə görə İrəvan çoxdan beynəlxalq ədalət mühakiməsinə verilməli idi: “Erməni lobbisinin əlində əsir-yesir qalan və onun girovuna çevrilən dairələrdən ədalətli mövqe gözləmək özü də əbəsdir. Bir məqamı qeyd edim, müharibə cinayətlərinin müəllifləri və icraçıları olmuş Robert Koçaryan, Serj Sarkisyan Rusiyanın regiondakı əlaltıları idilər. Lakin Qərb üçün onların Moskvaya doğru boyun əymələri belə məqbul idi, buna nə etiraz edilirdi, nə də həmin meyllərinə görə, heç olmasa Azərbaycanın təqdim etdiyi paketlərdən istifadə edilirdi. Ona görə də Ermənistanda hakimiyyətdə kimin olmasından və hansı məqsədlərə xidmət etməsindən asılı olmayaraq ermənilərin törətdikləri vəhşiliklərə, soyqırımı cinayətlərinə münasibətdə köklü dəyişiklik gözlənilmir.

Vaqif Xaçaturyanın həbsindən sonra qopan vay-şüvənə də baxmaq kifayətdir ki, bunu görəsən, lakin Azərbaycan da maksimum şəkildə bütün potensialından istifadə edib Ermənistanı “dar ağacı”na aparmağı bacarmalıdır. Azərbaycan diplomatiyası və hüquq-mühafizə orqanlarının qarşısında mühüm bir çağırış dayanır. Onlar Ermənistanın cinayətlərini kateqoriyalaşdırmalı, təsnifatlandırmalı və onların həm məcmusunu, həm də ayrı-ayrı istiqamətlərini beynəlxalq qurumlara təqdim etməkdəki işini təkmilləşdirməli və onu maksimallaşdırmalıdır.  Azərbaycan onsuz da bunu edir, ancaq mən düşünürəm ki, beynəlxalq qurumlarla əməkdaşlıq formatı genişləndirilib alternativlər də nəzərdən keçirilməlidir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsi kimi bir platforma yaradılmasına çalışa bilər. Başa düşürəm ki, bu, gərgin diplomatik səylər tələb edir və beynəlxalq tərəfdaşlıqda çətin bir faza kimi görünür. Ancaq Azərbaycan həmin Komitənin ekvivalentində bir norma yaradıb, Ermənistan cinayətlərini beynəlxalq platformalarda rəsmiləşdirə və təsnifatlandıra bilər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR