“Dünya Gözəli-2016” yarışmasının finalında Luqansk ayrıca təmsil olunur
Luqansk nümayəndəsi Valeriya Bılinina “Dünya Gözəli-2016” beynəlxalq müsabiqəsinin finalına vəsiqə qazanıb. Baxmayaraq ki, ABŞ, dünyanın bütün ölkələri kimi, Ukraynadan birtərəfli şəkildə müstəqilliyini elan etmiş “Luqansk xalq respublikası”nı tanımır, müsabiqə təşkilatçıları bu iştirakçının finalda Ukrayna bayrağı altında deyil, “LXR” bayrağı altında iştirak etməsinə icazə veriblər.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Yaroslav Mudrı adına Xarkov akademiyasının hüquq fakültəsini bitirmiş 22 yaşlı Bılinina Luqansk şəhərində yaşayır və rəqs müəllimliyi edir. Müsabiqədə iştirak üçün ərizəni isə internet vasitəsilə verib.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri məşhur amerikalı iş adamı Devid Marmeldir. Ukraynadan müsabiqə iştirakçısının olmasına baxmayaraq, o, Luqansk təmsilçisini də finalda iştirak etməyə dəvət edib.
“Dünya Gözəli-2016” yarışması bu il martın 1-dən 12-nə kimi Çinin Quandun vilayətinin Dunquan şəhərində keçirilir.






