Ölümlə nəticələnən qəza törədən dünya çempionu növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Urxan Orucov məhkəmədən azadlığa buraxılıb. Onun cəzası məntəqə tipli hesab edilib. Bundan əıavə isə 1000 manat cərimələnib.
Xatırladaq ki, bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
İlkin Muradov
Musavat.com






