İnsanlara hürriyət, millətlərə istiqlal!

DÜNYA BU İL DAĞILMAYACAQ...

4471 06.01.2012 09:33 Gündəm A A

NASA internet saytında sualları cavablandırıb. Cavablarda qeyd olunub ki, Marduk söyləntisinin kökü şumerlərədək gedir. Şumerlər astronomiya sahəsində xeyli inkişaf ediblər, bir neçə planeti kəşf ediblər. Ancaq dünyanın Günəşin ətrafında döndüyünü başa düşməyiblər. “Marduk 1983-də ”Planet X" kimi kəşf edilməyibmi" sualına cavab olaraq “1983-cü ildə naməlum bir şey görüntülənib, daha sonra bunun asteroid olduğu müəyyənləşib. Ancaq mətbuat bunu planet kimi təqdim edib, internetdə Mardukla bağlı yayılan şəkillərin hamısı foto-şopdur” - deyə bildirilib.
NASA bildirir ki, Günəş fırtınalarının Amerikanı məhv edəcəyi barədə xəbərlər də şişirdilib: “NASA ən pis ehtimalları analiz edir və ona görə tədbir görür. Mətbuat isə ehtimalları olacaq kimi göstərir. Hər 11 ildən bir Günəş fırtınası olur. Ancaq bu təbii proses indiyədək heç bir canlıya ziyan verməyib. 2012-ci ildə dünyaya heç bir asteroid çırpılmayacaq”.
Bu arada Türkiyənin məşhur zəlzələ mütəxəssisləri “2012" filmini və qiyamət ssenarilərini dəyərləndirib: ”Filmin elmi nəticələrə heç bir dəxli yoxdur. Gerçək qiyamətə daha 5 milyard il var". Professor Ahmed Ərcan bildirib ki, sözügedən filmi elmi fantastika janrında çəkilən film belə adlandırmaq olmaz: “Zəlzələnin necə olduğunu gözləriylə görmək istəyənlər filmə gedə bilər, amma bir şərtlə ki, hər gördüklərinə inanmasınlar. Filmdə Günəşdəki fışqırma öz əksini tapıb, halbuki onun dünyaya çatması üçün milyard illər lazımdır. Filmdəki zəlzələ yarıqlarının dünyaya qədər çatması isə sadəcə qeyri-mümkündür. Hazırda saatda 500 min kilometr sürətlə kosmosda Andromedaya doğru uçuruq. Andromeda ilə görüşümüz isə 5 milyard il sonra olacaq. İki sistem çarpışdığı zaman yeni bir sistem doğacaq. Bax, onda qiyamət günü olacaq və biz bunu görməyəcəyik”.

“2012-ci il inancı” necə yaranıb?

Bunu alimlər belə izah edirlər: “Günəş artıq qocalıb və öz işığını itirmək üzrədir. Buna görə də 5-ci sivilizasiyanın sonu ola bilər. Bu zaman Günəş, Ay, Yer, Yupiter və başqa ulduzlar bir sıraya düzüləcək”. Santa -Barbaradakı Kaliforniya Universitetinin (ABŞ) linqvistləri isə belə nəticəyə gəliblər ki, mayyalıların məşhur təqvimində müasir ölçülərlə götürüldükdə müəyyən səhvlər yol verilib. Mütəxəssislərin fikrincə, Qiyamət gününün “şifrəsi” heç cür açılmış şəkildə tarixə düşə bilməz. Mərkəzi Amerika sivilizasiyası bölümünü yazan müəlliflərin versiyasına görə, Mayya təqvimində vaxt 2012-ci ildə yox, 50, hətta 100 il sonra qurtarır. Və çox güman ki, hindular apokalipsisi 2112-ci ilə planlaşdırıblar. Yeri gəlmişkən, bir çox alimlər bu fikirdədilər ki, mayyalılar təqvimdə, ümumiyyətlə, heç bir fəlakəti nəzərdə tutmayıblar. Onlar belə hesab eləmirdilər ki, vaxt başlanandan 5125 il sonra dünyanın sonu olacaq. Sadəcə olaraq, kahinlərin tərtib elədikləri təqvim sistemi kamillikdən uzaq idi və yeni hesablamalara ehtiyacı vardı. Baxmayaraq ki, apokalipsisin vaxtını 2012-dən daha başqa müddətə keçiriblər, bəşəriyyət kainatdan çox sürprizlər gözləməlidir. İndi astronomlar kifayət qədər güclü Günəş aktivliyini müşahidə edirlər. İki-üç ildən sonra isə mütəxəssislər bizim ulduzda çox qüvvətli fırtına proqnozlaşdırırlar.
İngilis alimləri də 2012-ci il versiyasını təkzib edir
İngilis alimləri də dünyanın sonunun nə zaman və necə gələcəyini artıq təsbit etdiklərini açıqlayıblar. Araşdırmalara görə, Günəş bir qızıl div olaraq genişlənəcək, dünyanı özündən uzağa itələməsinə baxmayaraq, bu uzaqlıq yetərli olmayacaq, dünya Günəşin xarici qabığının içinə çəkilərək qorxunc istilik içərisində buxarlanıb yox olacaq.
İngiltərədəki Sussex Universitetinin astronomiya bölməsindən Robert Smitə görə, bütün araşdırmaların nəticəsində dünyanın son günü ilə bağlı ortaya iki tarix çıxıb: bunlardan biri dünyanın sonunun 7.6 milyard il sonra gələcəyidir. İkinci təxmin isə dünyadakı həyatın bundan daha öncə yox olacağını göstərir. İstiliyin sürətlə artması dözülməz olacağından, Yer kürəsi buna cəmi 1 milyard il dözə biləcək.

Hər şeyə səbəb... “2012-ci il” filmidir?

Və bütün bu dedi-qoduları alovlandıran, dünya insanının yuxusunu qaçıran iddiaların kökü barədə. Söhbət 2009-cu ilin noyabr ayında vizyona girmiş “2012" filmindən gedir. Hansı ki, bu günə qədər izlənmə rekordları qırıb və dünya kino sənayesinə milyonlar qazandırıb. Xatırladaq ki, Amerika rejissoru Roland Emmerixin ”2012" filmi ABŞ və Kanadada ən gəlirli hesab olunmaqla, reytinq cədvəlinə başçılıq edir. Film 13-15 noyabr arasında 65 milyon dollar gəlir gətirib. Maya sivilizasiyasının öncəgörmələrinə əsasən, dünyanın sonu barədə deyilənləri əks etdirən bu film dünya prokatında 225 milyon dollar qazanmaqla, orijinal ssenarilər əsasında çəkilən filmlər arasında ən yaxşı göstəriciyə nail olub.
Sony Picturesdə qeyd edirlər ki, dünya kinoteatrlarında o filmlər davamlı nümayiş etdirilərək yüksək gəlir gətirirlər ki, onlar bu və ya digər bestseller əsasında lentə alınırlar. Eyni zamanda kinoekspertlər qeyd edirlər ki, “2012" filmi Şimali Amerikada özünün analoqu olan Emmerixin ”Birisi gün" (“The Day After Tomorrow”") filmi ilə müqayisədə daha pis debütə imza atıb. “Birisi gün” filmi 2004-cü ildə ekranlara çıxarkən ilk həftəsonu nümayişində 68,7 milyon dollar qazanc götürüb.

Maya təqvimi nə deyir?

Bu cür şayiələrin yaranmasında isə heç şübhəsiz Maya təqviminin “əvəzsiz xidməti” olub. Belə ki, mayalıların təqvimi 2012-ci ildə bitir. Bu ildə isə cəmi 2 tarix işarələnib 20.05.2012 və 21.12.2012. May ayının 20-sində Günəş tutulması gözlənilir, elə bundan sonra da fəlakətlər baş verir. Bəşər tarixi yaranandan bəri 5 sivilizasiya mövcud olub. Biz 5-ci sivilizasiyada yaşayırıq. 1-ci Günəş tutulması ili 4008, 2-ci Günəş tutulması ili 4080 il davam edib. Qədim finikiyalıların və misirlilərin yazılarında da 2012-ci il dünyanın sonu kimi təsvir olunub. Bu zaman Asiyada çoxlu vulkanlar gözlənilir. Avropanın bəzi ölkələri (Finlandiya, İtaliya və s.) dağılacaq və yerində cılız adalar yaranacaq. Cənubi Amerika külə bənzəyəcək. Avstraliya yaşıllıqlar diyarı olacaq (baxmayaraq ki, buzlar ölkəsidir). Bu zaman yalnız Sibirdə sağ qalmaq ehtimalı ola bilər. Yerin iki maqnit qütb qurşağı yerini dəyişəcəyi üçün maqma qatında çox böyük dəyişikliklər olacaq. Qvatemala “mayyaçıları”nın ağsaqqalları sözügedən təqvimdə 2012-ci ildə dünyanın sonunun çatacağına dair heç bir fikrə rast gəlinmədiyini bəyan edirlər.
Belə ağsaqqallardan biri olan Çile Pikstuna bildirib ki, 2012-ci il haqda iddialar “cəfəngiyyat və Qərbin mifidir. Əsl mayyaçılardan 2012-ci ildə nə baş verəcəyini soruşsanız, onlar sadəcə, söhbətin nədən getdiyini anlamayacaqlar”, - deyə memar Xose Xaçim bildirir: “Dünyanın axırı? Yəqin zarafat edirsiniz... Quraqlıq isə hə, bu, həqiqətən problemdir”.

Baş cadugər də danışdı...

İlin ilk günlərində isə Meksikanın baş cadugəri insanların ürəyinə su səpdi. Antonio Vaskes Alba adlı baş cadugər bildirib ki, maya cadugərləri heç vaxt 2012-ci ildə dünyada canlı həyatın başa çatacağı barədə proqnoz verməyib. O, 2012-ci ildə Barak Obamanın yenidən ABŞ prezidenti seçilməyəcəyini də söyləyib. Baş cadugər bu il Latın Amerikası ölkələrinin 2 liderinin xərçəng xəstəliyinə tutulacağını bildirib. Antonio Vaskes Alba özü proqnozlarının 75-80 faiz doğrulacağını deyib. O, keçən il avronun zəifləyəcəyini və inkişaf etmiş ölkələrdə yeni iqtisadi böhranın başlayacağını bildirib və bu, özünü doğruldub. Ancaq onun Britni Spirsin öləcəyi ilə barədə proqnozu özünü doğrultmayıb.
Xülasə, panikaya və tərki-dünyalığa qapılmadan yaşamağa davam edin. Qarşıda sizi ən azı 5 milyard il gözləyir. Di, kolay gəlsin...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR