Rəşad Həsənov: “İnfrastruktur layihələrinin icrasında Dünya Bankı öz iştirakını artıra bilər”
İşğaldan azad olunmuş torpaqlarda aparılacaq bərpa işləri çox böyük investisiyalar tələb edir. Bəzi mənbələr bərpanın 60 milyard dollara başa gələcəyini bildirirlər. Hətta bunun yarısı qədər vəsait tələb olunsa belə, bərpanın yalnız Azərbaycanın öz vəsaitləri hesabına həyata keçirilməsi mümkün deyil. Bu baxımdan, potensial donorlarla aktiv işlənməsi zərurətə çevrilib.
Belə potensial donorlardan biri Dünya Bankıdır. Azərbaycan 1992-ci ildən bankın üzvüdür, indiyədək kifayət qədər uğurlu və səmərəli əməkdaşlıq əlaqələri qurulub. Dünya Bankının kreditləri bir çox beynəlxalq banklarla müqayisədə daha ucuz hesab olunur. Digər tərəfdən, ətrafına xeyli digər maliyyə qurumları da toplamış olan bankın Azərbaycanda bərpa prosesinə vəsait ayırması başqa donorları da həvəsləndirə bilər. Eyni zamanda Dünya Bankının qərarı özəl investorların da azad olunmuş ərazilərə sərmayə yatırmalarını təşviqedici faktora çevrilə bilər.
Bu baxımdan, bir neçə gün əvvəl Dünya Bankının regional direktoru Sebastian Molineusun Azərbaycana reallaşan səfəri mühüm əhəmiyyət kəsb edir. Bank rəsmisi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Baş nazir Əli Əsədovla görüşdükdən sonra Prezident İlham Əliyev də onu qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyev Dünya Bankı ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq olduğunu deyib: “Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır”.

Prezident Dünya Bankının azad olunmuş ərazilərdəki bərpa prosesinə qoşulacağına inandığını bildirib: “Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.
Sebastian Molineus E.Rüstəmovla görüşdə bildirib ki, müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. S. Molineus ölkədə Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara bank tərəfindən tam dəstək veriləcəyini ifadə edib. O bildirib ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Bankın rəsmisi onu da qeyd edib ki, sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində Dünya Bankı bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Onu da bildirək ki, indiyədək Bank Azərbaycana 71 layihə üzrə 4,15 milyard dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəsinə götürüb. Bir neçə gün əvvəl Dünya Bankı tərəfindən 2010-cu ilin may ayında təsdiqlənən “Üçüncü magistral yol layihəsi” başa çatıb. “Yeni Müsavat”ın quruma istinadən verdiyi məlumata görə, sözügedən layihənin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarəetməsini yaxşılaşdırmaq idi. Bank Azərbaycana 2010-cu ilin mayında 241,6 milyon dollarlıq krediti təsdiq etmişdi ki, layihənin bağlandığı tarixə (31 mart 2021-ci il) məbləğin 97,4 faizi (235,29 milyon dollar) ölkə tərəfindən mənimsənib.
Xatırladaq ki, Dünya Bankı bu layihə ilə bağlı 2016-cı ilin mart ayında əlavə olaraq 140 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib (“Üçüncü magistral yol layihəsinin əlavə maliyyələşdirməsi”) və bu məbləğin 75 milyon dolları artıq ölkə tərəfində mənimsənilib. Beləliklə, bankın sözügedən layihələr üzrə öhdəlikləri 381,6 milyon dollar təşkil edib və məbləğin 311,29 milyon dolları artıq Azərbaycana ödənilib.
Beləliklə, hazırda Bankın Azərbaycanda 9 aktiv layihəsi var ki, onların ümumi həcmi 738,3 milyon dollar təşkil edir. Qalan 61 layihə artıq yekunlaşıb və onlar üzrə bank Azərbaycana 3,17 milyard dollar ayırıb. Ümumi olaraq Dünya Bankı ən çox vəsaiti Azərbaycanın nəqliyyat sektoruna ayırıb. Belə ki, bank indiyədək bu sahəyə 16 layihə üzrə (3-ü aktiv) 1,76 milyard dollar ayırmağı öz öhdəsinə götürüb.
Bundan əlavə, Dünya Bankının indiyədək ölkədə 12 layihəsi təsdiqlənməyərək dayandırılıb. Sözügedən layihələr üzrə bank tərəfindən ölkəyə 1,06 milyard dollar vəsaitin ayrılması nəzər tutulurdu. Bu layihələrin çoxu su infrastrukturu, sanitariya, tullantıların idarə olunması sahələrində olub (4 layihə) və bank tərəfindən 100,5 milyon dollar ayrılacağı gözlənilirdi.
Artıq yekunlaşmış layihələrə gəldikdə, sayca layihələrin çoxu dövlət idarəetməsi sektoruna aid olsa da (37 layihə, bankın öhdəlikləri 237,35 milyon dollar), həcm ifadəsində bank ən çox vəsaiti nəqliyyat sektorundakı layihələrə ayırıb (13 layihə üzrə 1,37 milyard dollar).
Növbəti kateqoriya - hələlik təsdiqlənməyən layihələrdir. Hazırda ölkədə dörd belə layihə mövcuddur ki, onların hamısı hazırlıq mərhələsindədir. Bunlar “Azerbaijan COVID-19 Emergency Response Project” layihəsi (layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir), bank tərəfindən 65 milyon dollar ayrılacaq “Regional əlaqələr və inkişaf” layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 milyon dolların ayrılacağı gözlənilən “Azerbaijan Railways & Logistics Modernization Program” layihəsi və 117 milyon dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş “National Solid Waste Management Project” layihəsidir.

Dünya Bankı hesab edir ki, son dörd ildə ilk dəfə olaraq 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi ölkənin xaricə birbaşa investisiya qoyuluşunu üstələyəcək. Qurumun region üzrə dərc olunmuş yeni hesabatına görə, 2021-ci ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq (yəni xaricdən cəlb etdiyi birbaşa investisiyalar göndərdiyi birbaşa investisiyaları üstələyəcək) və ÜDM-in 1,3 faizini təşkil edəcək. 2022-ci ildə bu göstəricinin ÜDM-in 1,2 faizinə, 2023-cü ildə isə 1,1 faizinə bərabər olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan xaricə 825,3 milyo dollar dəyərində birbaşa investisiyalar göndərib və 55,5 milyon dollar məbləğində xaricdən birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 769,8 milyon dollar və ya ÜDM-in 1,8 faizini təşkil edib. Müqayisə üçün bildirək ki, 2019-cu ildə ölkə xaricə 2 milyard 431,7 milyon dollar birbaşa investisiya qoyub və 1 milyard 53,1 milyon dollar birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 1 milyard 378,6 milyon dollar və ya ÜDM-in 2,9 faizini təşkil edib.
Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri bilavasitə “ağıllı kənd” ideyası əsasında həyata keçiriləcək. Azərbaycanda “Ağıllı kənd” barədə ilk təklif məhz Dünya Bankı tərəfindən irəli sürülüb. Dörd il əvvəl Dünya Bankı bu idarəetməni Azərbaycan kəndlərində uzun illər boyu həyata keçirdiyi kənd inkişafı layihəsinin davamı kimi təklif edib. Dayanıqlı kənd formalaşdırmaq məqsədilə. Qurumun 17 illik “Kənd investisiyaları”layihəsi çərçivəsində Azərbaycanın 2100 kəndində yerli icmalarla birlikdə müxtəlif fəaliyyətlər həyata keçirilib: icmaların təlimləndirilməsi, əsas problemin həllinə fokuslanması və kiçik investisiya yardımı ilə həmin problemin həllinə nail olunması. Bu zaman yerli icmanın da problemin həllində cüzi də olsa öz vəsaiti ilə iştirak etməsi vacib şərtlərindən biri olub - mülkiyyət hüququ yaransın deyə...
Dünya Bankı bu layihənin davamı olaraq Azərbaycan hökumətinə “Ağıllı kənd”i təklif edib. Qurumun cəlb etdiyi mütəxəssislərin 1 milyon dollara hazırladığı layihənin 3-4 dövlət qurumuna xüsusi təqdimatı həyata keçirilib. Qurum “Ağıllı kənd”in tətbiqinə məhz əvvəlcədən işlədiyi kəndlərdən başlanmasını təklif edir, bu da səbəbsiz deyil: həmin kəndlərin icma halında ümumi problem ətrafında müzakirə aparmaq, həll yollarını tapmaq, onun aradan qaldırılmasında bilavasitə iştirak etmək təcrübəsi formalaşıb. Kənd icmalarına Dünya Bankının xətti ilə çoxsaylı təlimlər keçirilib. Bir sözlə, insan amilinə hesablanmış idarəetmənin qurulması üçün o kəndlərdə baza var.
Maraqlıdır ki, Dünya Bankı hazırladığı “Ağıllı kənd”in tətbiqi üçün Azərbaycan hökumətinə güzəştli kredit də təklif edir. Layihəyə əsasən 2 min nəfər əhalisi olan bir kənddə “Ağıllı kənd”in qurulması üçün 50-100 milyon dollar arası vəsait tələb olunur. Bu vəsaiti Dünya Bankı 15 illik müddətə, ilk 5 ili güzəşt dövrü olmaqla kredit şəklində təklif edir.

Rəşad Həsənov
Beləliklə, görürük ki, Dünya Bankı ilə əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Dünya Bankının Azərbaycanla əməkdaşlığa maraq göstərməsi təbiidir: “Hazırda Azərbaycanda yeni konyuktur yaranıb. Bütün steykholderlər başa düşürlər ki, işğaldan azad olunmuş ərazilərdəki bərpa işləri üçün Azərbaycanın daha çox vəsaitə ehtiyacı var. Hər kəs bu prosesdə hansısa formada iştirak etmək istəyir, ona görə də Azərbaycana böyük maraq var. Dünya Bankının da BMT-nin strukturu kimi prosesə qatqısının olması bu qurumun öhdəliyi xarakterini də daşıya bilər”.
Ekspert hesab edir ki, növbəti mərhələdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsinin şahidi olacağıq: “Azərbaycanın kredit öhdəliklərinə əməl etməsində indiyədək hər hansı problem yaranmayıb. Yəni müsbət tarixçəli müştəridir. Bu baxımdan, xüsusilə infrastruktur layihələrinin icrasında Dünya Bankı iştirakını genişləndirə bilər. Nəzərə alsaq ki, bərpa işlərinə çoxmilyardlıq vəsaitlər sərf olunacaq, onda bu prosesdə şəffaflığın təmin olunmasının prosesə digər donorların cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyə bilərik. Dünya Bankının iştirakçısı olduğu layihələrdə şəffaflığın təmin olunmasına effektiv nəzarət edilməsi bu baxımdan da Azərbaycan üçün avantaj yarada bilər”.
Dünya SAKİT,
“Yeni Müsavat”






