Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qızı Şahzadə Lətifə atasının onu girov saxladığını söyləyərək, İngiltərə polisindən 20 il əvvəl böyük bacısı Şahzadə Şəmsənin itkin düşməsini yenidən araşdırmasını istəyib.
Musavat.com "BBC Türkcə"yə istinadən xəbər verir ki, Şahzadə Lətifə Kembric polisinə ünvanladığı məktubunda bildirib ki, bacısı Şəmsə İngiltərədə yaşayarkən atası tərəfindən qaçırılıb.
“Sizdən istədiyim tək şey bu məsələyə diqqət yetirməkdir. Çünki bu, onun azad olunmasını təmin edə bilər. Kömək və diqqətiniz onu azad edə bilər”, - deyə Lətifə qeyd edib.
Şahzadə Lətifə
O, bacısının İngiltərə ilə güclü əlaqələrinin olduğunu vurğulayıb: “Bu, çox mürəkkəb və ciddi bir məsələdir və ictimaiyyətə açıqlaya bilmədiyim tərəfləri var”.
"BBC" telekanalı Şahzadə Lətifənin 2019-cu ildən bir villada girov saxlanıldığını, burada yazdığı məktubun dostları tərəfindən Kembric Polis İdarəsinə göndərdiyini bildirib.
Hazırda 38 yaşında olan Şəmsə 2000-ci il avqustun 19-da Kembricdə yoxa çıxıb. O vaxtdan bəri görünməyən şahzadənin atasının əmri ilə zorla BƏƏ-yə aparıldığı ehtimal olunur.
Şahzadə Şəmsə
Şahzadə Lətifə də 2018-ci ildə ölkəni dəniz yolu ilə tərk etmək istəyərkən Hindistan sahillərində tutulub və ölkəyə geri aparılıb. Bir çox insan haqları müdafiəçisi Lətifənin geri qaytarılmasını “adam oğurluğu” adlandırıb.
O, fevralın 16-da yayımladığı bir videoda atasının onu bir villada girov saxladığını, qapıları bağladığını və polislər tərəfindən qorunuluğunu deyib. O, tibbi və hüquqi yardım almaq imkanının olmadığını da söyləyib.
Xatırladaq ki, Şeyx əl-Məktumun keçmiş həyat yoldaşı Şahzadə Haya da 2019-cu ilin əvəllərində iki övladı ilə İngiltərəyə qaçıb.
Toğrul İsmayıl,
Musavat.com






