İnsanlara hürriyət, millətlərə istiqlal!

DSK sədrləri “yoxa çıxıb”-müxalifət namizədlərinin imzaları əllərində qala bilər

865 02.10.2015 08:25 Ölkə A A


Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət oktyabrın 2-də saat 18-də başa çatır. Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

İndi isə məlum olub ki, bir sıra dairələrdə deputatlığa namizədlər dairə seçki komissiyalarının sədrlərini  iki gündür yerlərində tapa bilmədiklərindən sənədlərini təqdim edə bilmirlər. Müsavat Partiyasının Seçki Qərargahının sədri Gülağa Aslanlı “Yeni Müsavat”a bu barədə açıqlamasında dedi ki, dairə seçki komissiyalarının sədrləri, məsul şəxsləri iş yerlərində tapılmır ki, deputatlığa namizədlər imza vərəqələrini və digər sənədləri təqdim etsinlər. 

Onun dediyinə görə, deputatlığa namizədliyi irəli sürülən şəxslər əksər dairələrdə DSK sədrlərinin və məsul şəxslərin iş yerlərində olmaması üzündən sənədlərini təqdim edə bilmirlər. Sənədlərin təqdim olunması üçün qoyulan vaxt isə oktyabrın 2-də saat 18-də bitir: “Müsavat Partiyasının namizədləri əllərində sənədlər gözləyirlər ki, DSK-ların sədrləri nə vaxt iş yerlərinə gələcəklər. Əgər DSK-ların sədrləri bu son iki gündə saat 9-dan saat 18-dək oturmalı olduqları iş yerlərində olacaqlarsa, Müsavat Partiyasından olan namizədlərin hamısı sənədlərini təhvil verəcəklər. DSK sədrlərini yerlərində tapmaq müşkülə çevrilib. Məsələn, 62 saylı DSK-nın işçiləri deyirlər ki, sədr yoxdur, saat 2-dən sonra gəlir. 29 saylı DSK-nın sədri MSK-nın nümayəndəsinə deyir ki, mən iş yerimdəyəm və Müsavatın nümayəndəsi ilə söhbət edirəm. 

Halbuki həmin vaxt səlahiyyətli nümayəndəmiz DSK sədrinin ümumiyyətlə iş yerində olmadığını deyir. Açıq-aydın görünür ki, DSK-lara bir mərkəzdən göstəriş verilib ki, onlar bu gün və sabah iş yerlərində olmasınlar. Burada məqsəd namizədlərin sənədlərinin qəbul edilməməsi və vaxt bitdikdən sonra ”namizədlər sənədlərini təqdim etmədilər" kimi açıqlamalar verməkdir. Mən YAP-ın yetkilisi Siyavuş Novruzovun da nəzərinə çatdırıram ki, hər gün mətbuatda yalan açıqlamalar verməklə xalqın başını aldatmaq olmaz, gücü çatırsa, DSK sədrlərini iş yerlərində əyləşdirsinlər, elə bir şərait yaratmasınlar ki, DSK sədrlərini biz Daxili İşlər Nazirliyinin 102 xidməti ilə axtarmalı olaq".

Yerlərdən ayrı-ayrı namizədlər tərəfindən verilən xəbərlərdə də yerli icra hakimiyyəti strukturlarının və DSK-ların namizədlərə problemlər yaratdığı bildirilir. 

79 saylı İmişli seçki dairəsində qəribə vəziyyət yaranıb. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev sabiq deputat İltizam Əkbərlinin deputatlığa namizədliyinin qeydə alınmaması üçün DSK sədrinə təzyiq göstərir. Bu barədə musavat.com-a İltizam Əkbərli məlumat verib.

1992-93-cü illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş və rayonda böyük nüfuzu olan İltizam Əkbərlinin sözlərinə görə, o, 550 seçicinin imzasını toplayaraq, başqa sənədlərlə birlikdə DSK-ya təqdim edib: “İmza toplayarkən biz hərtərəfli şəkildə diqqətli olduq, imzasından imtina edə biləcək şəxslərdən, o cümlədən qadınlardan imza götürmədik. 

Çünki bunların qadınların imzalarını ”saxta çıxarmaq" kimi bir təcrübələri var. Bununla belə, artıq üç gündür ki, icra başçısının təzyiqi ilə mənim namizədliyimin qeydə alınması əsassız olaraq ləngidilir".

İ.Əkbərli bildirir ki, DSK sədri Sabit Yaqubov saxtakarlıq etməkdən imtina edərək, DSK-nın möhürünü icra başçısına təqdim edib və bütün iş günü ərzində işdə olmayıb: “Bir gün sonra isə DSK-nın bütün üzvlərini çağırıb, RİH-də toplantı keçirirlər. DSK-nın ekspert qrupu da mənim imzalarımın saxta çıxarılmasından imtina edib. Ancaq Vilyam Hacıyev heç bir qanuna əməl etmədən öz niyyətində israrlıdır”.

Buna bənzər xəbərlərdən biri də Şirvan şəhərindəndir. Müsavat Partiyasının Şirvan şəhər 46 saylı seçki dairəsindən namizədi başqan müavini Elman Fəttahın imza vərəqələri DSK-ya təqdim olunduqdan sonra yoxlama prosesinə icra hakimiyyəti müdaxilə edib. Bu barədə Müsavat Partiyası Şirvan təşkilatının sədri Əlikram Xurşidov öz facebook səhifəsində yazıb. Həmin yazını sizə təqdim edirik: “Elman Fəttahın imzatoplama kampaniyasını uğurla bitirib imza vərəqələrini 29.09.2015 tarixdə Şirvan şəhər 46 saylı seçki dairəsinə təhvil verdikdən sonra onların DSK-da deyil, icra başçısı Mərdan Camalov tərəfindən yoxlanılmasının gizlin tərəfləri üzə çıxmaqdadır. Elman bəyin namizədliyinə görə imza vermiş şəxsin mənə etdiyi zəng zamanı imzasının gizlədilməsini xahiş etməsi bunun bariz nümunəsidir. Müsavatdan bu qədərmi qorxursunuz? Bunu debatlarınızda boynunuza almağa icazə veririk”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovla keçmiş daxili işlər naziri İsgəndər Həmidov eyni dairədən deputatlığa namizəddir. Bəs İsgəndər Həmidov Cavid Qurbanovun xeyrinə geri çəkilə bilərmi? Bu barədə modern.az saytının sualını İsgəndər Həmidov özü cavablandırıb. O bildirib ki, hələlik bu vaxta kimi deputatlığa namizədlikdən əl çəkmək kimi bir fikri olmayıb: “Hələ belə bir fikir ağlımdan keçməyib. Üstəlik, nəzərə alaq ki, seçki kampaniyası da başlamayıb”.

Keçmiş nazir bununla belə, deputatlığa namizədliyini geri götürməsi məsələsini də istisna etməyib. Lakin o, bunun yalnız məsləhətlə ola biləcəyini vurğulayıb: “Cavid Qurbanov da, mən də kəlbəcərliyik. İndi ağsaqqallar, ağbirçəklər bir yerə gəlib məsləhət bilsə, mən namizədliyimi geri götürərəm. Bilirsiniz ki, Kəlbəcər seçki dairəsindən başqaları da deputatlığa namizəddir. Məsləhət bilsələr, onlar da namizədliyini geri götürə bilər”.

Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin də namizədliyi 63 saylı Dairə Seçki Komissiyasında qeydə alınıb. Bu barədə musavat.com-a Pənah Hüseynin seçki qərargahının fəalları məlumat veriblər. Bildirilir ki, uzun sürən çək-çevirdən, tərəddüddən sonra, nəhayət, dünən 63 saylı DSK-dan bildiriblər ki, Pənah Hüseynin təqdim etdiyi sənədlər və imzalar onun deputatlığa namizəd kimi qeydə alınması üçün yetərlidir.

Qeyd edək ki, P.Hüseyn bir gün öncə imza kampaniyası və imza vərəqələrinin DSK-da yoxlanılması prosesi zamanı baş verən neqativ hallar haqqında sayta müsahibə vermişdi.
P.Hüseynin namizədliyinin qeydə alınması ilə bağlı ona bildirilmişdi ki, sənədləri dairədə deyil, yoxlanmağa aparılıb. Sənədlərin DSK-dan kənarda yoxlanması isə nonsensdir. 

AMİP-in də namizədlərinin bəzilərinə problemlər yaradıldığı bildirilsə də dünən partiyanın siyasi şurasının üzvü Əli Orucovun namizədliyi 9 saylı Binəqədi 2-ci Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Əli Orucov bildirdi ki, artıq rəsmən qeydə alınmış namizəd olaraq seçkinin növbəti kampaniyasını da belə uğurla aparacağına tam əmindir.

E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR