Bəxtiyar Hacıyev: “Ağ Ev yaxınlığında bir parkda yoxlamaq istəmişdim, dron havaya qalxmadı və bu ərazidə uçuşun qadağan edildiyi mesajı ekrana gəldi”
Avropa Liqasının qrup mərhələsində keçirilən “Düdelanj”- “Qarabağ” matçında erməni təxribatı baş verib. Belə ki, yarış zamanı dronla meydançanın mərkəzinə qondarma rejimin “bayrağı” gətirilib.
Yaşanan xoşagəlməz hadisə dronlardan istifadə məsələsini gündəmə gətirib.
Dronlar uzaqdan idarə olunan pilotsuz uçuş aparatıdır. Son illərdə tez-tez istifadə olunan bu aparatların nə qədər müsbət tərəfləri olsa da, bir o qədər də xoşagəlməz hadisələrə səbəb olub.
Amerikada hava limanlarının 8 km yaxınlığında, 120 metrdən yüksəkdə, insanların çoxluq təşkil etdiyi stadionlarda dronların uçurulması qadağandır. Lakin bu qadağalar meşə yanğınları zamanı nisbətən yumşaldılır.
İngiltərədə dronların 150 metrdən yüksəkdə uçurulmasına, eyni zamanda insanlara 50 metrdən daha çox yaxınlaşmasına icazə verilmir. Dronlardan hər il daha çox istifadə olunması ölkə rəhbərliyi tərəfindən bununla bağlı qadağaların daha da artırılmasına səbəb oldu. Artıq evlərin yaxınlığında çəkiliş aparılması və məsələyə daxil olmayan insanların çəkilişə daxil edilməsi qadağandır.
Yaponiyada bir vətəndaş Fukusimaya yaxın yerdən radioaktiv çirklənməyə məruz qalmış torpağı bir qutuya qoyub drona bağlayaraq Yaponiya baş nazirinin ofisinə göndərib. Halbuki, qanuna görə dron nazirliklərin yerləşdiyi əraziyə buraxıla bilməz. Yaşanan xoşagəlməz hadisədən sonra ölkə rəhbərliyi dronların istifadəsi ilə bağlı qərarı sərtləşdirəcəyini açıqlatyıb.
Türkiyədə hava limanında dronların təyyarələrin uçuşuna təhlükə yaratdığı üçün dövlət səviyyəsində məsələ ilə bağlı müzakirələr başladılıb. Belə ki, artıq Türkiyədə siğortası və uçuş icazəsi olmayan dronların istifadəsi qadağandır. Eyni zamanda hərbi-strateji bölgələrdə, həbsxanalarda, insanların çox olduğu ərazilərdə dronların istifadəsi qadağandır.
Ölkəmizdə də sürətlə məşhurlaşan dronların istifadə qaydaları və bir çox qadağalar mövcuddur.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən ictimai fəal, dronu olan Bəxtiyar Hacıyev bildirib ki, Azərbaycanda rəsmi olaraq dronlardan istifadə qaydaları müəyyənləşdirilməyib: “Azərbaycanda dronlar (pilotsuz uçan aparatlar) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi illərdir dronlardan istifadə üçün qaydalar hazırlayacağını desə də, qanunvericilikdə dəyişikliklər ediləcəyi barədə təşəbbüslər edəcəklərini bildirsələr də, bu günə qədər Azərbaycanda rəsmi olaraq dronlardan istifadə qaydaları müəyyənləşdirilməyib. Bu da onunla nəticələnir ki, ayrı-ayrı insanlar pərakəndə şəkildə ölkəyə dron idxal edirlər və heç bir qanuni çərçivə olmadan istifadə edilir. Dronlardan istifadəyə icazə üçün DTX, DSX, XDMX, Müdafiə Nazirliyindən rəy alınması tələb olunur, bəzi hallarda hətta vətəndaşın müraciəti Hərbi Hava Qüvvələrinə də göndərilir. Bu isə 2019-cu ildə, Yüksək Texnologiyalar Nazirliyi üçün xoşagəlməz bir haldır. Çünki onlar vətəndaşların foto və video çəkiliş üçün istifadə etdikləri dronlarla hərbi dronları eyni sıraya qoyurlar”.
Bir çox xarici ölkədə dronlardan istifadə etdiyini bildirən Bəxtiyar Hacıyev heç bir maneəyə rast gəlmədiyini qeyd edib: “Bir dron istifadəçisi kimi ABŞ, Mərkəzi və Cənubi Amerika ölkələrində, Asiyanın və Avropanın bir çox ölkələrində drondan istifadə etmişəm. Bir çox hallarda paytaxt şəhərlərində çəkilişlər etmişəm və heç bir maneə ilə üzləşməmişəm. Əksər dövlətlərdə dronlar adi mobil telefon, fotoaparat kimi qəbul edilir və dronların müxtəlif sahələrə tətbiqi üzərində düşünülür. Bəzi ölkələrdə ümumi qaydalar müəyyənləşdirilib ki, məsələn, əhalinin sıx olduğu yerlərdə, 50 metr yüksəklikdən aşağı olmamaq şərti ilə uçurmaq lazımdır”.

Bəxtiyar Hacıyev bildirib ki, ölkəmizdə dronların istifadəsi il1ə bağlı qərar nə qədər gecikdirilsə, bu sahədə vəziyyət xaotik olaraq qalacaq: “Dronlardan istifadə qaydalarını hazırlamaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi üçün elə də çətin olmamalıdır. Dünyada qəbul olunmuş standartlar var və dünyanın bir çox ölkəsində dronların uçuşunun qadağan edildiyi ərazilərin (həbsxana, dövlət obyektləri, hərbi hissələr və s) GPS koordinatları dron istehsalçılarına göndərilir, onlar da bu əraziləri uçuşu qadağan edilmiş ”No Fly Zone" siyahısına daxil edirlər. Belə ərazilərdə istifadəçi dronu havaya qaldırmaq istəsə də, proqram təminatı buna imkan vermir və dron hərəkətsiz qalır. Məsələn, ABŞ-da ilk dronu mağazadan aldıqdan sonra onu Ağ Ev yaxınlığında bir parkda yoxlamaq istəmişdim. O zaman dron havaya qalxmamış və bu ərazidə uçuşun qadağan edildiyi mesajı ekrana gəlmişdi. Vaşinqtonun digər tərəfində isə dronu uçurmaq mümkün olmuşdu. Düşünürəm ki, müvafiq qurumlar dronlardan istifadə üçün belə sadə və dünyada qəbul olunmuş praktika əsasında qaydaları hazırlamağı nə qədər gecikdirsə, dronlardan istifadə də o qədər xaotik, nəzarətsiz və qaydasız olacaq. Nə qədər gec deyilsə, qaydaları hazır etməli və ictimaiyyətə bildirməlidirlər ki, həm vətəndaşlar peşəkar foto və video çəkilişlərini həyata keçirə bilsinlər, həm də dövlət öz strateji obyektlərinin ətrafında dron uçuşlarının qarşısını rahat ala bilsin".
Məleykə AĞASOY,
“Yeni Müsavat”






