İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşə miqrantlar gedir– Kreml labüd ölümə Rusiyaya çörək dalınca gələnləri yollayır

3159 17.08.2023 19:20 Yazarlar A A

 

Son 1 həftədə Rusiyadan miqrantlarla bağlı xeyli mənfi səciyyəli xəbərlər gəlib. Bunlardan bir neçəsi hazırda oxuduğunuz saytda verilib.

Xəbərlərin üçünün başlığı belədir: 1. “Rusiyada əmək miqrantlarının ovu başlandı”; 2. “Rusiyada tacik miqrantları incidirlər - Tacikistan narahatlıq ifadə edib”; 3. “Rusiya 100-ə yaxın tacik məhkumu Ukraynaya döyüşə göndərib”.

Hər üç xəbərin bir-birilə əlaqəli olduğu elə başlıqlarından da bilinir.

Miqrantlara qarşı ov başlanıb və onun motivi bəs-bəlli ortadadır: Rusiya Ukrayna müharibəsində məruz qaldığı insan itkilərinin yerini əmək miqrantlarının hesabına doldurmaq istəyir.

İndilikdə hədəf Orta Asiya respublikalarından gəlib Rusiyanın iri şəhərlərində çalışan gənc və orta yaşa qədər olan kişilərdir.

“Ovu” gedən respublikalar Özbəkistan, Tacikistan və Qırğızıstandır. Qazaxlar və türkmənlər hələlik hədəfdə deyillər.

Bu, ona görədir ki, bu iki ölkədən Rusiyada çalışanlar azdır. Qazaxıstan özü əmək miqrantı qəbul edib işlədən ölkədir, Türkmənistan isə qapalı məmləkətdir, türkmənlərin ölkə xaricinə kütləvi çıxışı mümkün deyil.

Bəs nə əcəb sözügedən kampaniya Qafqaz respublikalarını – Gürcüstanı, Ermənistanı və Azərbaycanı əhatə etmir?

Bunun da keçərli və tutarlı səbəbləri var. Bu ölkələrin vətəndaşları heç də tacik, özbək və qırğızlar kimi kompakt şəkildə, eyni yerdə işləyən əmək miqrantı deyillər. Onların fəaliyyət sahəsi müxtəlif sferaları əhatə edir – A.-dan Z.yə qədər.

Gürcülər açıq deməsələr də, 08.08.08 (2008-ci ilin avqustun 8-də Rusiyanın Gürcüstana hücumu) müharibəsinə görə Rusiyanı düşmən sayırlar və ondan ötrü gedib Ukraynada, gürcülərə daha yaxşı münasibət bəsləyən ölkədə vuruşan deyillər.

Rusiyada yaşayan ermənilərin bir hissəsi məhz Qarabağ müharibəsindən canını qurtarıb Rusiyaya qaçanlar, o biri yarısı isə 2020-ci ilin oktyabrında Ermənistanın 44 günlük müharibədə özünü ard-arda aldığı zərbələrdən qorumaq üçün rinqin küncünə qısılıb başını tutan boksçuların gününə düşdüyü vaxtə köməyə gəlməyənlərdir. İndi belələri ruslarla çiyin-çiyində Baxmutda labüd ölümə gedəndirlərmi?

Azərbaycanlılarla bağlı məsələ də mürəkkəbdir. Onların daha gənclərinin bir hissəsi vaxtında ölkəni tərk edib, bir hissəsi qeyri-leqal yaşayır, bir hissəsi hərbi xidmətə yararlı deyil, sənədləri var, çox hissəsi yaşlıdır, artıq hərbi vəzifə daşıyıcısı deyillər, hərbi komissarlıqlarla dil tapanlar da olmamış deyil.

Ona görə də əl altında yalnız taciklər, özbəklər və qırğızlar qalıb. İndi Rusiyada məhz onları məcburən hərbi qeydiyyata almağa başlayıblar.

Bu məsələdə rus məmurlar bir bicliyə də qol qoyublar. Onlar Rusiya vətəndaşlığı almaq üçün müharibədən əvvəl müraciət edən miqrantların ərizəsinə ötən ilin ikinci yarısından, RF ordusunun Ukraynada asan qələbə qazanmayacağı məlum olduqdan və ordu böyük itkilər verdikdən sonra baxmağa başlayıblar. Artıq heç bir gənc miqranta yox deyilmir, hamısının ərizəsinə müsbət cavab verilir və ertəsi gün onlara hərbi komissarlıqlardan çağırış vərəqəsi gəlir: “Gəlin vətənə borcunuzu ödəyin”. Məsələn, təkcə 2022-ci ildə Rusiya pasportu alan Tacikistan vətəndaşlarının sayı 60% artıb. Bundan əvvəl onlara “gözləyin” deyirdilər. Son kampaniyada isə hamı məcburən mülki və hərbi qeydiyyata alınır.

Elə çıxa bilər ki, öz əhalisi147 milyondan çox olan Rusiyada əsgər çatışmazlığı var. Elə deyil. Əslində Rusiya əksəriyyəti rus olmaqla milyonlarla gənc insanı səfərbər edə bilər, ancaq Kreml başbilənləri ölkəni demoqrafik fəlakətə məruz qoymaq istəmirlər, təxminən belə düşünürlər: “Rusların sayı onsuz da ildən-ilə azalır, əksər ailələrdə cəmi bir uşaq böyüdülür, onların da yarısı kişi cinsindən deyil, onları da basaq, müharibədə qırdıraq, bəs rus xalqının gələcəyi necə olsun?”

Başqa xalqlardan olan kişilərə, miqrantlara gələndə isə düşüncə tərzi dəyişir: “Rusiya onlar üçün yaylağa dönüb. Gəlirlər, işləyirlər, pul qazanırlar, öz ölkələrindəki qohum-əqrəbalarını da dolandırırlar, indi zəhmət çəksinlər, onlara çörək verən ölkəni qorusunlar”.

“Qorusunlar” yumşaq sözdür, nəzərdə tutulan fikirin əsl ifadəsi belədir: “Bu ölkənin yolunda özlərini qurban versinlər”.

Bu, nasizmdirmi? Bəli. Bir tikə çörəyə möhtac olan insanların çarəsiz durumundan istifadə edərək onları işğalçı müharibəyə, ölümə göndərmək ksenofobiya əlamətidir. Əgər Rusiyaya hücum olsaydı, o zaman miqrantalr bəlkə də könüllü şəkildə səfərbər olardılar və öz “çörək ağacları”nı qorumağa girişərdilər.

Hazırda isə həm Rusiyanın apardığı müharibə mənasızdır, həm də ölüm-itim həddən artıq çoxdur. Bu müharibədən sağ və salamat qayıtmaq ehtimalı çox aşağdır.

Ona görə də bu avantüraya müqavimət var. Tacikistan hökuməti Rusiya Federasiyasındakı tacik əmək miqrantlarının vəziyyətini öyrənmək və onlar arasında izahat işi aparmaq üçün Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk və Ufaya “işçi qrupları” göndərib.

Təkcə Rusiyada yaşayan əmək miqrantları deyil, başqa respublikalardan gələrək Rusiya ərazisində cinayət törədən və bu ölkənin həbsxanalarında cəza çəkən gənc kişilərə də potensial əsgər gözü ilə baxılır. Onları “Vaqner” kimi özəl hərbi şirkətlərə müqavilə bağlamağa şirnikləndirir və birbaşa cəbhəyə göndərirlər. Onlar orada öləcəklər, şikəst olacaqlar, bu, Rusiyanın hərbi komissarlarını o qədər də narahat eləmir.

Bir sözlə, Rusiya Ukrayna cəbhəsindəki qızmar kömürü başqa millətlərdən olan kişiləri maşa edərək götürmək istəyir.

Buraya hələ Rusiyanın əsasən etnik azlıqlarının yaşadığı respublika və diyarlarından, digər federal subyektlərindən səfərbər olunaraq Ukraynadakı “ət maşını”nın gavahınının ağzına göndərilən qeyr-rusları da əlavə etmək olar. Onlar da Kremldə oturanlar üçün “düşmən çəpəri”dir.

Buraya hələ Rusiyanın əsasən etnik azlıqlarının yaşadığı respublika və diyarlarından, digər federal subyektlərindən səfərbər olunaraq Ukraynadakı “ət maşını”nın gavahınının ağzına göndərilən qeyr-rusları da əlavə etmək olar. Onlar da Kremldə oturanlar üçün “düşmən çəpəri”dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR