İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüş dostlarını xilas, düşmənləri məhv edən qəhrəman sanitar – onun igidliyi barədə erməni general da yazıb

4268 14.09.2019 15:06 Yaxın tarix A A

Orta məktəb illərində o, elmə, təhsilə marağı ilə yanaşı, həm də çevikliyi, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. Məktəbli Səmədin arzusu müəllimlik peşəsinə yiyələnmək olub. Elə müəllimləri də onun gələcəkdə tanınmış bir pedaqoq olacağına şübhə etməyiblər.

Səməd Abdullayev bu “gələcəyi” çox da uzağa aparmayıb. Məktəbi bitirdikdən bir neçə il sonra tanınıb, məşhurlaşıb, amma müəllim kimi yox, qəhrəman və igid kimi...

Səməd Abdullayev 1920-ci ildə Ağdaşda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdaş Pedaqoji Texnikumunda təhsil alıb. İlk pedaqoji fəaliyyətinə Oğuz rayonunda müəllim kimi başlayıb.

1939-cu ildə Səməd Abdullayev həqiqi hərbi xidmətə yollanıb. Tbilisidə hərbi-sanitar təlimatçılar məktəbini bitirdikdən sonra Şimali Qafqaz və Krımda xidmətini davam etdirib.

1941-ci ildə müharibə başlananda Səməd Abdullayev hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibində döyüşlərdə iştirak edib. Həmin ilin sonunda hərbi əməliyyatlar zamanı ağır yaralanıb. Hospitalda müalicə aldıqdan sonra ön cəbhədə xidmətdən möhlət hüququ alsa da, Səməd Abdullayev yenidən döyüş bölgələrinə qayıdıb.

1943-cü ilin iyun ayında Krım istiqamətində gedən döyüşlərdə tibb xidməti starşinası Səməd Abdullayev yaralı döyüşçülərə döyüş meydanında tibbi yardım göstərəndə mühasirəyə düşmək ehtimalını anlayaraq silahla 19 nəfər alman döyüşçüsünü məhv edib, mühasirə halqasını yararaq yaralı döyüşçüləri arxaya çıxarıb.

Göstərdiyi qəhrəmanlığa görə Səməd Abdullayev “İgidliyə görə” medalı ilə təltif olunub.

Xidmət etdiyi hərbi hissədə Səməd Abdullayev şəxsi heyətin hörmətini qazanıb, onu hərbi sanitar yox, döyüşçü sanitar adlandırıblar. Döyüş meydanlarında Səməd Abdullayevin “yükü” ikiqat olub - bir əlində sanitar çantası, bir əlində silahı.
1943-cü ilin noyabrında Kerç istiqamətində gedən ağır döyüşlərdə Səməd Abdullayev döyüş meydanında yaralı vəziyyətdə tək qalmış komandirini xilas edib. Əraziyə ardı-arası kəsilməyən bombaların, mərmilərin düşməsinə baxmayaraq Səməd Abdullayev komandirini tək qoymayıb.

Həmin əməliyyat zamanı beş alman döyüşçüsü ilə əlbəya döyüşə girərək onları məhv edib, özü isə yaralanıb. Yaralı vəziyyətdə komandirini təhlükəsiz yerə çıxaran Səməd Abdullayevi təcili səhra qospitalına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1943-cü il tarixli fərmanı ilə tibb xidməti starşinası Səməd Həmid oğlu Abdullayev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub.

Qəhrəmanın təltifi anasına təqdim olunub.

Səməd Abdullayev Kerç yaxınlığındakı Geroyevski qəsəbəsində dəfn olunub. Hazırda həmin yerdə müharibə qəhrəmanlarının xatirəsinə abidə kompleksi ucaldılıb.

Səməd Abdullayevin qəhrəmanlığı ilə bağlı sovet mətbuatında mütəmadi olaraq yazılar dərc olunub, onunla birgə xidmət edib müharibə xatirələrini yazanlar öz kitablarında Səməd Abdullayevə xüsusi yer ayırıblar.

Hətta milliyətcə erməni olan general-mayor Andranik Kazaryan özünün “Krım uğrunda döyüşlrin qəhrəmanları” kitabında Səməd Abdullayevə səxavətlə yer ayırıb:

“Döyüşlər zamanı tez-tez bu çağırışlar eşidilirdi: “Abdullayev, təcili bura”, “Abdullayev, kömək lazımdır”, “Abdullayev, xilas et”. Səməd Abdullayev güllə yağışı altında bu şağırışların ardınca tələsirdi. O, heç vaxt darda qoymurdu, ölümlə üz-üzə dayananda belə. Azərbaycan xalqının qəhrəman oğlu Səməd Abdullayevi heç nə qorxurtmurdu, o, yalnız onu gözləyənləri, yaralı döyüşçüləri düşünürdü. Təəssüf ki, o, öz arzusuna, qələbə gününə qovuşmaq istəyinə çata bilmədi. Biz onu dəfn etdik, onun arzularının arxasınca irəliyə, qələbəyə doğru addımladıq...”

Hazırda Səməd Abdullayevin oxuduğu Ağdaş rayon Qolqəti kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Həmçinin Qolqəti kəndində qəhrəmanın abidəsi ucaldılıb, ev muzeyi yaradılıb.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR