İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətin ayırdığı 1 milyardın ən kasıba çatma mexanizmi: Marketlərdə ianə rəfləri yaradılsın...

2543 23.03.2020 16:19 Gündəm A A

Koronavirus dünyaya təhdid sovurmaqda davam edərkən, hər zaman münaqişələri və müharibələri ilə parçalanan dünya bir məqsəd uğrunda birləşib. Dövlətlər bu illətlə mübarizə üçün milyardlar ayırır, biri digərinə dərmanla, həkimlə, işçi qüvvəsi ilə yardım edir. Canını heçə sayıb çalışan tibb işçiləri, həkimlər isə bu günün qəhrəmanlarıdır. Bu zaman hamını bir sual düşündürməlidir, bəs mən kim üçün, nə edə bilərəm?

Çünki koronavirus elə bir bəladır ki, burada təkcə öz canını qorumaqla xilas ola bilməzsən. Ətrafını da, yaşadığı cəmiyyəti də qorumalısan. İçində olduğun gəmi batarsa, sənin sağ qalmaq imkanın yoxdur.

Məlum olduğu kimi, hökumət koronavirusla mübarizə, onun vurduğu ziyanın aradan qaldırılması üçün 1 milyard manat vəsait ayırıb. Bu vəsait iqtisadiyyatın, turizmin və digər sahələrin ayaqda qalması üçün sərf olunacaq. Dövlət işində çalışan və hazırda tətilə göndərilənlər də bu vəsaitdən bəhrələnəcəklər. Ancaq bu vəsaitin Sədərək ticarət mərkəzində araba sürərək hər gün ailəsinə 15-20 manat çörəkpulu aparan Əhməd dayıya və ya X şadlıq evində çalışan ofisianta, kafedə qab yuyub 10 manat qazanan Qəmər xalaya gəlib çatmasının mexanizmi hələ ki, yoxdur. Bu gün aptek və marketlər istisna olmaqla, bütün ictiami-iaşə obyektləri, ticarət mərkəzləri, şadlıq evləri, restoranlar, mərasim evləri bağlanıb. Bu sektorda minlərlə qeyri-rəsmi çalışanın olması və bu gün onların çətin maddi durumda qalması heç kimə sirr deyil. Onların arasında körpə uşağı, xəstəsi, qocası olanlar da var. Ana südündən məhrum olub, süni qidaya möhtac uşaqlar var bəlkə də və bu gün acdırlar...

Təklifim odur ki, marketlərdə ianə rəfləri yaradılsın. Hər gün evinə bazarlıq edən və imkanı çatan şəxslər çörək, makaron, yağ, şəkər tozu, ən zəruri gündəlik istifadə olunan tərəvəz və meyvələr, süni uşaq qidası, uşaq bezi, sabun, yuyucu toz kimi təmizlik vasitələri və sair alıb həmin rəfə qoysunlar. Kimin imkanı nəyə çatırsa, 50 qəpiklik 1 çörək və ya 1 manatlıq bir paket makaron... Hər kəs anlayır ki, bu gün yığım günü deyil, insanlığı xilas etmə günüdür. Digər tərəfdən dövlətin ayırdığı vəsaitdən iri supermarketlərin həmin rəfləri üçün müəyyənləşdirilsə, bir dövlət məmuru , səlahiyyətli şəxs müəyyən zəruri malları alıb pulsuz paylanılmaq üçün oraya qoysa, bu həmin imkansız təbəqə üçün əlçatan olar.

Təbii ki, indi düşünəcəksiniz ki, bəzi fürsətçilər həmin rəfləri 1 saatda yağmalaya bilər. Ancaq bu iş nəzarət altında həyata keçirilməlidir. “Rahat”, “Bravo”, “Araz”, “Oba”, “Bolmart”, “Bizim”, “Favorit” kimi iri supermarketlərin ianə rəfləri üçün bir nəfər dövlət işçisi ayrılsın və onun qarşısındakı kompüterdə yardım üçün müraciət edən vətəndaşın rəsmi iş yerinin, aylıq gəlirinin olub-olmamasını bildirən proqram təminatı olsun. Necə ki, bankların kredit şöbələri üçün vətəndaşın gəlirləri ilə bağlı bu məlumatlar açıqdır. Rəsmi iş yeri, sosial müavinət, pensiya kimi aylıq gəliri olmayan imkansız vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməklə, müəyyən limit çərçivəsində bu ərzaq məhsullarından götürə bilsin. Təbii ki, hər şey şəffaf və nəzarət altında...

İanə rəflərinin təminatı üç istiqamətdən ola bilər. Birincisi, qeyd etdiyimi kimi, dövlətin ayırdığı 1 milyard manat vəsaitdən, ikincisi iş adamları, xeyirxah şəxslərin ianəsi və sadə vətəndaşların cüzi də olsa dəstəyi ilə.

Bu fonddan həm də imkansız olduğu təsdiqlənən şəxslərin kommunal xərclərinin ödənilməsi üçün də sərf oluna bilər. Çünki qeyd etdiyimiz təbəqə bu ayın sonu və gələn ayda elektrik, təbii qaz və suya olan borclarını ödəyə bilməyəcəklər və əksər yerlərdə smartkart sistemi tətbiq olunduğu üçün avtomatik olaraq mənzillərinin elektriki, suyu, qazı kəsiləcək.

Bu gün Bakı kimi böyük şəhərlərdə sosial münasibətlər elə bir vəziyyətdədir ki, çox insan qonşusunu yaxından tanımır, vəziyyəti ilə bağlı dəqiq məlumatı yoxdur. İmkanı olsa belə, ürək edib yardım təklif edə bilmir, ehtiyacı olsa belə ərki çatıb yardım istəyə bilmir. Ona görə də, bunun üçün ən gözəl məkan supermarketlərdir.

Bu addım həm sözügedən təbəqəni, yəni rəsmi iş yeri olmadan çalışan və hazırda işsiz qalan həmin təbəqəni xilas etməyə imkan yaradacaq, həm də cəmiyyətdə bir yardımlaşma əhval-ruhiyyəsi yaradacaq, ümidsizlik aradan qalxacaq və sabaha inam yaradacaq. Hər kəs görəcək ki, görüşüb-öpüşmədən, qucaqlaşmadan, yaxın təmas olmadan da doğmalaşmaq mümkündür...

Nərgiz LİFTİYEVA, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR