Dövlət Reyestri Xidmətinin idarəsinin tanınmış klinikaya qarşı apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin "N.Tusi adına Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakimə Səriyyə Seyidovanın sədrliyi iliə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin klinikanın xeyirinə çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. ƏMDK-nın qurumunun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, "N.Tusi adına Klinika" MMC Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini məhkəməyə verib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 53 saylı ünvanda yerləşən iddiaçının özəl mülkiyyətində olan 5900,0 kv.metr torpaq sahəsinin üstündə əlavə tikilmiş, mövcud vəziyyətdə olan iki ədəd birmərtəbəli (E və D) və bir ədəd 3 mərtəbəli tikililərin iddiaçının adına müvafiq qeydiyyatının aparılmaqla texniki pasport və reyestr çıxarışının verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib.
Qərardan narazı qalan ƏMDK-nın qurumu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.






