İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qurumlarını izləyən “üçüncü göz”...

1349 03.12.2019 15:19 Proje A A

Prezidentin “köməkçilərim” dediyi qurum və şəxslər ictimai nəzarəti necə təmin edir? 

Dövlət qurumlarında şəffaflığın təmin edilməsi sağlam cəmiyyətin əsas prioritetlərindəndir. Bu məqsədlə ictimai nəzarətin zəruriliyi, onun təmin olunmasında vətəndaş cəmiyyəti və medianın rolu da danılmaz şərtlərdir. 

Təsadüfi deyil ki, prezident İlham Əliyev bu məsələdə medianı və vətəndaş cəmiyyətini özünün ən yaxın köməkçisi hesab edib. Prezidentin bu məsələdəki mövqeyini nəzərinizə çatdıraq: “Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki, sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.

ƏLİMƏMMƏD NURİYEV: “QANUN VAR, İSTƏK VAR, AMMA RESURSLARA GƏLƏNDƏ PROBLEM YARANIR...”

İctimai nəzarətin təşkilində üzərinə böyük missiya düşən strukturlardan biri də vətəndaş cəmiyyəti institutlarıdır. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri də bu institutların funksionallığını artırmaqdır. 

Açıq Hökumətin Təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev musavat.com-a açıqlamasında xatırladır ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının təşəbbüsü ilə “İctimai iştirakçılıq haqqında” qanun da qəbul edilib. Bu qanun ictimai nəzarətin həyata keçirilməsi üçün geniş imkanlar açır və burada ictimai nəzarətin təmin edilməsi üçün hüquqi mexanizmlər, alətlər mövcuddur. Onun fikrincə, bu qanunun mühüm alətləri, formulaları ictimai nəzarətin, daimi əsaslarla dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun yaradılmasıdır. 

ictimainezaret-2.jpg (61 KB)

Ə.Nuriyev hesab edir ki, bu məqsədin həyata keçirilməsi üçün ictimai dinləmə və müzakirələrin baş tutması, normativ hüquqi aktların vətəndaş cəmiyyətində məsləhətləşmələr aparması vacibdir: “Orada ayrıca bir istiqamət də Milli Məclisdə qəbul edilən normativ hüquqi aktların məsləhətləşib, həyata keçirilməsindən keçir. İctimai rəy sorğularının təşkili də mühüm tələblərdən biridir. Amma bu alətlərdən, təəssüf ki, istifadə olunmayıb. Halbuki istifadə olunsaydı, ictimai nəzarətin həyata keçirilməsində şəffalığın artılmasına nail olmaq mümkün olardı. Qərarların hazırlanması, icrası və qəbulu, monitorinq prosesundə vətəndaş cəmiyyətinin iştirakı qaçılmazdır”.

Müsahibimiz bildirdi ki, hazırda müstəqil tədqiqatların aparılması üçün resurslar yoxdur. Halbuki dövlət orqanları tərəfindən qəbul olunan bir çox proqramların icra prosesi zamanı vətəndaş cəmiyyətinin monitorinqlər həyata keçirməsi şərtdir: “Resurslara gələndə problemlər yaranır. Bir çox layihələrə Milli QHT Şurası, eyni zamanda Gənclər Fondu dəstək verir. Onların layihələri isə olduqca kiçik layihələrdir. Bu layihələr əsasında geniş tədqiqatlar aparmaq mümkün deyil. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında ictimai nəzarəti təmin etmək üçün “İctimai iştirakçılıq haqqında” qanun var və həmin qanunda ictimai nəzarəti həyata keçirmək üçün konkret  hüquqi mexanizmlər və alətlər öz əksini tapıb. Bu gün 12 mərkəzi icra hakimiyyəti orqanı yanında ictimai nəzarəti həyata keçirmək üçün İctimai Şuralar yaradılıb. 30-dan çox mərkəzi icra hakimiyyəti orqanında hələ də belə İctimai Şuralar yaradılmayıb. Bundan əlavə olaraq cəmi 6 yerli icra hakimiyyəti orqanın yanında İctimai Şuralar yaradılıb”. 

“BU PROBLEM BEYNƏLXALQ REYTİNQLƏRDƏ AZƏRBAYCANA AŞAĞI BALLARIN VERİLMƏSİNƏ SƏBƏB OLUR” 

Ə.Nuriyev bildirir ki, Mili Məclisin büdcə müzakirələrində də QHT-lər əsas tərəf olmalıdır. Onun fikrincə,  vətəndaş cəmiyyətinin iştirak etməməsi beynəlxalq reytinqlərdə qiymətləndirmə zamanı aşağı balların verilməsinə səbəb olur: “Beynəlxalq reytinqlərdə bu qiymətləndirmə aparılanda Azərbaycana aşağı ballar qoyulub. Demokrat təsisatlar ayrı-ayrı reytinq cədvəllərində bunu nəzərdə tutur. Müstəqil montorinq sistemi var. Prezident İlham Əliyev də son çıxışlarında rəqəmlərin şişirdilməsi, büdcədən oğurlanmalar olduğunu dedi. Bununla bağlı monitorinqlər qaçılmazdır. Beynəlxalq təşkilatlara Azərbaycan hökumətinin hesabatları ilə yanaşı alternativ hesabatlar da təqdim olunur. “Normativ aktlar haqda” qanunda da qeyd edilir ki, ictimai müzakirə keçirilməlidir”. 

ictimainezaret-1.jpg (161 KB)

Məlumat bazalarının aydın kriteriyalar əsasında formalaşdırılması, onlara asan çıxışların yaradılmasını vacib şərt kimi qiymətləndirən Ə.Nuriyevin dediyinə görə, bu, ictimai nəzarətin əsasını yaradan məqamlardır. Amma bazaların olmaması, mövzud olanların isə açıq olmaması son nəticədə problem yaradır: “Amma buradakı ən böyük maneçiliklər qeyri-hökumət təşkilatlarının peşəkarlıq səviyyəsinin və maliyyə resurslarının yetərsizliyidir. Özəl sektor bu layihələrə dəstək vermir. Ya da dəstək verirsə, ancaq özünə dəstək verir. Son nəticədə tədqiqatların, sorğuların aparılması ilə bağlı problemlər yaranır. Proqnozlaşdırmanı aparmaq üçün sorğu keçirilməlıidir və bu, makro səviyyədə, ayrı-ayrı sahə, institutlar səviyyəsində olmalıdır”. 

OSMAN GÜNDÜZ: “BİZ İNFORMASİYAYA MALİK OLMALIYIQ Kİ...”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə musavat.com-a açıqlamasında deyib ki, vətəndaş cəmiyyəti institutları bu problemi həll etmək üçün ilk növbədə informasiyalara çıxış əldə etməlidirlər. "Biz informasiyaya malik olmalıyıq ki, ona uyğun olaraq da çıxış yollarını axtaraq" - deyən Osman Gündüz şuranın saytında mobil telefonlarla neqativ hallarla bağlı məlumatların qəbulu üçün resurs yaradılmasını təklif edir. 

ictimainezaret-3.jpg (10 KB)

OSMAN GÜNDÜZ: “İQTİSAD UNİVERSİTETİNDƏ İDARƏETMƏNİN TƏRKİB HİSSƏSİYİK” 

Musavat.com xatırladır ki, bu günə qədər bəzi universitetlərin nəzdində də İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb. O.Gündüz Azərbaycan İqtisad Universitetində yaradılan bu şuranın üzvüdür. 

Onun dediyinə görə, bu məsələdə təcrübəsi olan universitetlərin nümunəsinə diqqət edilməlidir: “Bəzi universitetlər üçün bu, bir vitrindir. Mənim üzvü olduğum İqtisad Universitetində İctimai Şuranın xeyli səlahiyyətləri var. Özümüz qəbul keçiririk, giriş-çıxış imkanlarımız var, apellyasiya şuralarında iştirak edirik. Orada idarəetmənin tərkib hissəsiyiq. Rektorun özünün səlahiyyətləri olan bəzi məsələlər var ki, bizim rəyimiz müstəsnadır. Hesab edək ki, hansısa problem var və bu, həll olunmalıdır. Rektor bu məsələdə ictimai şuranın rəyini soruşur. Biz orada ona görə iştirak edirik ki, funksional olaq, fəaliyyətimiz effektli olsun. Bu, daha çox universitetin birinci şəxsinin tutduğu mövqedən asılıdır. O, nə cür davranırsa, aşağıdakılar da - imtahan mərkəzləri, rektorluq o cür hərəkət edir. Rektorlar istəsələ relə edə bilirlər ki, ictimai şuranın ora hədsiz dərəcədə köməyi dəyir. İctimai şura universistetə imic qazandırır”. 

O.Gündüz bildirir ki, bəzən İctimai Şuranın tam tərkibdə toplanmasına ehtiyac olmur. Daxili yazışmalar vasitəsilə komissiyanın iclasında şura üzvlərindən kimin qatılacağı müəyyən edilir və funksionallıq təmin olunur: “Tam tərkibdə iştirask etməyə ehtiyac olmur. Rektorların qəbulu olur. Orda bizdən iki nəfər iştirak edir. Attestasiyada bizim nümayəndəmiz var. Artıq universitetdə rüşvətin olmaması universitet üçün yüksək bir şey hesab olunmur. 4-5 il qabaq belə idi ki, filan universitetdə rüşvət yoxdursa, bu, onun üstünlüyü sayılırdı. İndi gərək uyniversitet qapılarını açsın, xaricə inteqrasiya olsun, rəqəmsallaşsın, kitabxanaları olsun, xaricdən yüksək səviyyəli insanları dəvət etsin. Bu sadaladıqlarımızın olmasında, imicin formalaşmasında ictimai şura böyük rol oynayır”. 

ictimainezaret-4.jpg (115 KB)

SƏADƏT BƏNANYARLI: “HƏR İKİ TƏRƏFDƏN OBYEKTİV HƏQİQƏTLƏR ORTAYA QOYULARSA, ARZUEDİLƏN NƏTİCƏYƏ ÇATA BİLƏRİK”

Hüquq müdafiəçisi Səadət Bənanyarlı hesab edir ki, ictimai nəzarətin təmin edilməsində əsas rol qeyri-hökumət təşkilatlarının üzərinə düşür. 

Onun fikrincə, bəzi qurumlar bu məsələdə QHT-lərin üzünə qapı açıb və bu, müsbət tendensiyadır: “Amma bu məqamda da QHT-lərin öz sərhədləri var. İctimai nəzarət funksiyasını düzgün başa düşmək, onun sərhədlərinə uyğun addımlar atılmalıdır. Yəni, QHT-lər ictimai nəzarət səlahiyyətləri çərçivəsində hansısa dövlət qurumunun fəaliyyətinə müdaxilə edə bilməz. Onlar nəzarət etməli, hesabatlar təqdim etməli, qüsurların düzəldilməsi üçün təkliflər səsləndirməlidir”. 

S.Bənanyarlı deyir ki, İctimai Komitə olaraq Ədliyyə Nazirliyinin bütün sahələrində ictimai nəzarəti həyata keçirirlər: “İstər idarəetmə, istər QHT-lərin qarşılıqlı istəkləri, qanunun imkan verdiyi çərçivədə ictimai nəzarətin həyata keçirilməsi üçün vacibdir. Hər iki tərəfdən obyektiv həqiqətlər ortaya qoyularsa, arzuedilən nəticəyə çata bilərik. Hər bir struktur özü maraqlı olmalıdır ki, ictimai nəzarəti həyata keçirən komitə onların nəzdində fəaliyyət göstərsin. Bunun üçün onlar özləri bu sistemi hazırlayıb ortaya qoymalıdır”. 

Müsahibimiz xatırlatdı ki, ədliyyə nazirinin əmri ilə respublikamızda ilk dəfə 2006-cı ildə İctimai Komitə yaradılıb. Onun sözlərinə görə, hazırda seçki yolu ilə formalaşdırılan və tərkibi 11 nəfər qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət olan bu qurum aktiv şəkildə fəaliyyət göstərir.

ZEYNAL MƏMMƏDLİ: “MƏTBUATIN ÜZƏRİNƏ GƏRƏYİNDƏN ARTIQ YÜK QOYMAQ DOĞRU DEYİL”

Bu məqsəd uğrunda gözləntilərin ən böyük payı heç şübhəsiz ki, medianın üzərinə düşür. İ.Əliyevin “mənim köməkçilərim” adlandırdığı media ictimai nəzarət funksiyasını uğurla icra edə bilirmi? 

Media eksperti Zeynal Məmmədli hesab edir ki, bu məqamda mətbuatı qınamaq, onun üzərinə gərəyindən artıq yük qoymaq doğru deyil: “Cəmiyyətin özündə medianın rolu ilə bağlı təsəvvürlər yoxdur. Azərbaycan cəmiyyətində “medianın rolu nə olmalıdır” sualına cavab yoxdur. Bu zaman media cəmiyyətə uyğunlaşaraq proseslərin fərqində olmur. Son nəticəsə hər iki tərəf bu nəzarət mexanizminin tələblərinin fərqində deyil. “Kimdir günahkar” sualını qoysaq, bu, çox ciddi müzakirələrə səbəb olacaq. Cəmiyyət ictimai nəzarət məsələsində özü də aktiv olmalı, medianın çərçivələrini də dərk etməlidir. Cəmiyyət medianın bu missiyasına inanmır. Nəzarəti yerinə yetirən tərəf haqlı da olsa, haqsız da olsa, bu məsələdə ictimai şüurda fərqli yanaşma olmalıdır”. 

Sevinc TELMANQIZI,
musavat.com

Qeyd: Yazı “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR