Dövlət qulluğuna qəbul imtahan verməklə, yoxsa müsahibədən keçməklə həyata keçirilməlidir?
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev dövlət qulluğuna bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsini təklif edib. Qanun layihəsini təqdim edən deputat Kamal Cəfərov isə sonra açıqlama verərək deyib ki, bu təklif qulağa xoş gəlsə də, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər: “Dövlət qulluğuna qəbul zamanı test imtahanının əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir”.
Qeyd edək ki, hazırda dövlət qulluğuna qəbul iki mərhələdən ibarət olmaqla həyata keçirilir. Müraciət edən şəxs öncə test imtahanı verir. İmtahandan müvafiq tələb olunan nəticəni göstərə bildikdə canlı müsahibə ilə onun bilik və bacarığının yoxlanılması həyata keçirilir. Bu mərhələni də uğurla keçən şəxslər dövlət qulluğu kateqoriyasına aid işlə təmin olunur.
Bəs dövlət qulluğuna qəbul imtahan vermək, yoxsa ancaq müsahibədən keçməklə həyata keçirilməlidir? Həqiqətənmi dövlət qulluğuna qəbul müsahibə ilə olsa, rüşvətə yol açar? Yaxın ölkələrdə bu məsələ necə tənzimlənir?
REAL Partiyasının icraçı katibi, iqtisatçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, dövlət qulluğuna qəbulun müsahibə mərhələsində problemlərin yarandığı, süni əngəllərin, qanunsuz halların məhz müsahibə mərhələsində baş verdiyi haqda tez-tez iddialar irəli sürülür, şikayətlərə rast gəlinir: «Zaman-zaman belə məlumatlar yayılır ki, hətta test imtahanında yüksək bal toplayan vətəndaşlar müsahibə mərhələsindən keçə bilməyiblər. Müsahibə mərhələsinin dövlət qulluğuna qəbulda rüşvətə və digər neqativ hallara yol açdığı barədə tez-tez şikayətlərlə də rastlaşırıq. Müsahibə mərhələsinin keçirilməsi zamanı insan faktoru önə çıxır. Ona görə də neqativ halların məhz bu mərhələdə yaşanması daha realdır. Odur ki, mən hesab edirəm, eləcədə də əksər ölkələrin təcrübəsi deyir ki, dövlət qulluğuna qəbulda test imtahanı vacibdir. Test imtahanını ləğv etmək, özü də ləğv edib tamamilə müsahibə ilə qəbulu həyata keçirmək müsbət nəticə verməz. Əksinə, daha mənfi nəticələrə gətirib çıxarar".

Natiq Cəfərli
Natiq Cəfərli qeyd etdi ki, ən yaxşısı beynəlxalq təcrübədən istifadə etmək lazımdır: “Test imtahahanından lazımi balı toplayan şəxs işə 3 və ya 6 aylıq müqavilə ilə qəbul edilir. Həmin müddətdə onun işinin nəticəsinə baxılır və buna uyğun olaraq yeni uzun müddətli əmək müqaviləsi bağlanır. Bir çox ölkələrdə bu mexanizm tətbiq edilir. Müsahibədənsə bu metodu tətbiq etmək daha yaxşı olar. Mən hesab edirəm ki, dövlət qulluğuna qəbulda müsahibələr ya tamamilə ləğv edilməli, ya da sayı minimuma endirilməlidir və dövlət qulluğuna qəbulda əsas kimi test imtahanının nəticəsi götürülməlidir. Müsahibə mərhələsinin ləğvi daha məntiqlidir. Eyni zamanda test suallarında müəyyən dəyişikliklər həyata keçirilməlidir. Yəni suallar qanunların maddələrinin əzbərlənməsi ilə yanaşı, dövlət qulluğuna qəbul olunmaq istəyən vətəndaşın hansısa situasiyalarda insanın özünün verəcəyi qərarların yoxlanması məsələlərini də əhatə etməlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






