Amma keçmiş vicdan məhbuslarının prezidentə təşəkkür mesajı yollaması və xəbərin “Azərbaycan” qəzetindən başqa heç bir mətbu orqanda dərc olunmaması diqqətimizi çəkdi. Xəbəri dəqiqləşdirmək üçün hər üç keçmiş vicdan məhbusu ilə əlaqə saxladıq.
Vidadi İsgəndərli “Azərbaycan” qəzetinin yalan yazdığını, heç yerdə belə bir ifadə işlətmədiyini bildirdi: “Həbsdən çıxdığım ilk an AzTV-nin müxbirinə dedim ki, rüşvətxorlara, korrupsionerlərə qarşı mübarizəmi davam etdirəcəyəm. Nə təşəkkür? Boş-boş cəfəngiyatdır. Niyə minnətdar olmalıyam? Həbsdən çıxan kimi mətbuata dedim ki, bu fərman girovluqdan azad olunma barədə fərman idi, əfv yox”.
Şahin Həsənli yalnız İctimai Palataya, mətbuata və hüquq müdafiəçilərinə təşəkkür etdiyini bildirdi: “Yalan məlumatdır, iftiradır. Nəyə görə təşəkkür etməliyəm ki? 21 ay həbsdə saxladıqlarına görə? Mənim 3 ayım qalmışdı azadlığa buraxılmağıma. Özlərindən yazıblar”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a açıqlamasında bu məsələni araşdıracağını qeyd etdi. Onun sözlərinə görə, müxbir deyilməyən sözü yazmaz: “İnanmıram ki, jurnalist bunu özündən yazsın. Ancaq mən bunu araşdıraram. Əsas məsələ təşəkkür deyil, onların azadlıqda olmasıdır”.






