İnsanlara hürriyət, millətlərə istiqlal!

DÖVLƏT NEFT ŞİRKƏTİNİN XARİCDƏKİ BİZNES İMPERİYASININ GİZLİNLƏRİ

5180 20.11.2011 09:13 Gündəm A A

(əvvəli ötən saylarımızda)

Gürcülər benzinin qiymətindən narazıdır

Gürcüstan əhalisi hesab edir ki, ölkədə benzinin qiyməti olduqca bahadır. Bu barədə Gürcüstan mətbuatında çoxsaylı materiallara rast gəlinir. Məsələn, belə iddia olunur ki, Azərbaycanın aşağı keyfiyyətə malik “Requlyar” markalı benzinin bir litrinin 2,15 lariyə (təxminən 1,3 dollar) olması Gürcüstan əhalisinin iqtisadi vəziyyətinə cavab vermir. Bu ölkədə fəaliyyət göstərən “Gənc Maliyyəçilər və İqtisadçılar” təşkilatının rəhbəri Merab Caniaşvili hesab edir ki, Gürcüstanda benzinin qiymətinin tənzimlənməsi qaydası ona aydın deyil: “Bizim ölkədə benzinin topdansatış bazarının 80 faizi SOCAR-ın nəzarətindədir. Ölkədə istifadə olunan benzinin 92 faizini məhz SOCAR-ın məhsulu olan ”Requlyar" təşkil edir. Əslində bu benzinin qiyməti SOCAR-ın yanacaqdoldurma məntəqələrində ucuz olmalıdır. Çünki Azərbaycandan özü gətirir".

Kulevi terminalı kimindir?

SOCAR-ın Gürcüstandakı ən böyük investisiya layihəsi Kulevi terminalıdır. Amma rəsmi sənədlər terminalın SOCAR-a aid olduğunu təsdiqləmir. Gürcüstandakı şirkətlərin qeydiyyatına dair sənədlərlə tanış olarkən məlum oldu ki, Poti şəhərinin yaxınlığında yerləşən sözügedən terminal əslində “Qaradəniz Terminalı” MMC kimi qeydiyyatdan keçib. Bu cəmiyyətin yalnız bir payçısı var - “Konserveyşen Holdinq B.V”. 2010-cu ilə olan məlumatı özündə əks etdirən rəsmi çıxarışda qeyd olunub ki, həmin bu “Konserveyşen Holdinq B.V” Hollandiyada qeydiyyatdan keçib. Rəsmi ünvanı belədir: “Amsterdam, Prins Bernxardpleien 200,1097". Maraqlıdır ki, sənədlərdə MMC-nin baş direktoru və terminalın sahibi kimi Azərbaycan vətəndaşının adı göstərilib - Kərim Quliyev.
Aşkar etdiyimiz fakta rəğmən Kulevi terminalı 2008-ci ildən SOCAR səltənətinə aid edilir. Terminalın SOCAR-a verilməsi prosesi isə əməlli başlı səs-küy yaradıb. Həmin dövrlərdə (2006-2007-ci illər) Gürcüstan mətbuatında yer alan məlumatlara görə, Kulevi terminalı 2004-cü ildə Gürcüstanda məşhur iş adamı Badri Patarkaçişviliyə məxsus olub. 2006-cı ildə o terminalı SOCAR-a satıb. Gürcü mətbuatı yazır ki, hakimiyyət terminalın SOCAR-a satılması üçün iş adamına təzyiq göstərib. Son nəticədə Patarkaçişvili məcburiyyət qarşısında qalaraq terminaldan əlini üzməli olub. İş adamının özü də 2007-ci ildəki çıxışlarının birində terminalı satmağa məcbur olduğuna dolayı işarələr edib. 2008-ci ildə isə Patarkaçişvili dünyasını dəyişib.
Qeyri-rəsmi məlumatlara görə, SOCAR Kulevi terminalına 500 milyon dollara qədər vəsait yatırıb.
Gürcüstandakı axtarışlarımız nəticəsində SOCAR-ın bu ölkədəki varidatının siyahısını da əldə edə bildik. Yanacaqdoldurma məntəqələrindən başqa şirkətin Gürcüstanda sahib olduğu daşınmaz əmlak aşağıdakı kimi sıralanır:

    • Poti yaxınlığındakı Kulevi terminalı;
    • 31 regionda Qazpaylayıçı şəbəkə;
    • Tiflis, Qorqasali küçəsi 17-də mənzil - 283 kv. m;
    • Tiflis, 300 araqviyalı küçəsi 24 ünvanında bina və 4178 kv.m. torpaq sahəsi;
    • Tiflis, Kizixskaya 23 ünvanında bina və 2300 kv.m. torpaq sahəsi;
    • Tiflis, Kizixskaya 16 ünvanında bina və 3070 kv.m. torpaq sahəsi;
    • Marneuli, 26 May adına küçədə 1713 kv.m. torpaq sahəsi;
    • Marneuli, 26 May adına küçədə bina - 505 kv.m

Bu siyahı Gürcüstanın İqtisadiyyat Nazirliyinə göndərdiyimiz sorğu vasitəsi ilə əldə edilib.

Çxartişvilinin müəmmalı payı

“SOCAR Energy Georgia” özünün hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin 51 faizə payı ARDNŞ-yə məxsusdur. 49 faiz pay isə PETRO-TRANS-FZCO şirkətinindir (Bu şirkətin bir ucu gedib “Middle East Petrolium”a çıxır). Bu şirkət də məhz Birləşmiş Ərəb Əmirliklərinə qeydiyyatdan keçib. Onu da öyrənə bildik ki, 2006-cı ildə şirkətin pay bölgüsü başqa formada olub. Əvvəllər cəmiyyətin üç payçısı olub. Şevardnadze hökumətində iqtisadiyyat naziri olmuş İvane Çxartişvili üçüncü tərəf kimi çıxış edib. 2006-cı ildə PETRO-TRANS-FZCO öz payının 8,2 faizini İ.Çxartişviliyə satıb.
Gürcüstandakı mənbələrin bizə təqdim etdiyi cədvələ görə, həmin vaxt pay bölgüsü belə olub (Orijinalda təqdim olunur - N.D):
2010-cu ilin yayında Çxartişvili Gürcüstandan qaçıb. Gürcüstanın “İnterpresnius” İnformasiya Agentliyinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanları sabiq baş nazir Zurab Noqaideliyə qarşı ifadə vermək üçün Çxartişviliyə təzyiq ediblər. Sabiq iqtisadiyyat naziri hazırda İngiltərədə yaşayır. Biz onun elektron ünvanını əldə etsək də, təəssüf ki, sabiq nazirlə əlaqə yaratmaq istəyimiz nəticə vermədi. Maraqlıdır ki, tanış olduğumuz sənədlərdə Çxartişvilinin 2011-ci il noyabrın 13-ə qədər “SOCAR Energy Georgia”nın payçısı olduğu göstərilir. Amma hazırda şirkətin yalnız iki payçısı var. Qeyri-rəsmi məlumatlara görə, Çxartişvili sonradan öz payını PETRO-TRANS-FZCO-ya satıb və buna görə də şirkətin payı birdən-birə 49 faizə yüksəlib.
Onu da qeyd edək ki, “SOCAR Energy Georgia”nın üç törəmə şirkəti var - “SOCAR Georgia Gaz”, “SOCAR Georgia Petrolium” və “SOCAR Georgia Security”. Araşdırmada SOCAR-ın qaz təchizatı sahəsindəki fəaliyyətə diqqət yetirilməyib. Təkcə bu sahə ayrıca və dərin tədqiqat tələb edir.

SOCAR Gürcüstan Futbol Federasiyasının rəsmi sponsorudur

Daha bir diqqətçəkən məqam isə SOCAR-ın gürcü futbolunun qayğısına qalması ilə bağlıdır. Məsələ bundadır ki, Azərbaycan futbolu hələ ağ günə çıxmamış SOCAR Gürcütanda futbolun inkişafına ciddi diqqət ayırır. O qədər ciddi ki, hətta Gürcüstanın Futbol Federasiyasının maliyyələşməsini də SOCAR öz üzərinə götürüb. 2010-cu ildən SOCAR Gürcüstan Futbol Federasiyasının rəsmi sponsorudur. Bu barədə razılaşma sənədi ötən il dekabrın sonunda imzalanıb. Eyni zamanda, SOCAR Gürcüstan futbol çempionatının texniki sponsorudur. Bu da hələ son deyil. Onu da dəqiqləşdirə bilmişik ki, Gürcüstanın Şahmat Federasiyası da SOCAR-ın maliyyəsi üzərində dayanır. Şirkət bu federasiyaya da sponsorluq edir. Eyni zamanda, SOCAR “Kim, harada, necə” intellektual proqramının da maliyyə təminatçısıdır. Amma bütün digər informasiyalar kimi gürcü futbolu və şahmatına ayrılan vəsait barədə də məlumat verilmir. Gürcüstan Futbol Federasiyasının rəhbəri Zviad Saçinava bildirib ki, SOCAR Gürcüstanda futbol infrastrukturu layihələrini reallaşdırmağa və uşaq futbolunu inkişaf etdirməkdə maraqlıdır.

Gürcülər neft pullarından daha çox faydalanır, nəinki azərbaycanlılar

SOCAR Gürcüstanda özünün xeyriyyəçiliyi ilə də seçilir. Azərbaycan neftinin satışından əldə olunan gəlirlər hesabına şirkət 2007-ci ildən üzü bəri bir qonşu ölkənin əhalisinə demək olar ki, pul paylayır. “SOCAR Energy Georgia”nın özünün saytındakı xeyriyyəçilik nümunələrinə məlumatlar əks olunub. Lakin həyata keçirilmiş aksiyaların bir çoxunun maliyyə tutumu barədə məlumat verilmir. Məlumatlardan görünür ki, SOCAR Gürcüstanda hətta gürcü polifonik musiqi mərkəzinin saxlanmasına da böyük həvəslə pul ayırır.
Bundan başqa, “Suxaşvilebi” gürcü milli balet qrupu da məhz Azərbaycan neftindən bəhrələnir. Dünya iqtisadi böhran yaşayan dövrlərdə SOCAR müğənni Vaxtanq Kikabidzenin konsertini də maliyyələşdirib. Konserti SOCAR tərəfindən maliyyələşdirilən incəsənət adamlarından biri də məşhur tenor Plaçido Dominqodur. Bu vaxta qədər SOCAR bu vaxta qədər ən böyük maliyyə yardımını “Sakartvelo” Universitetine edib - 66 min lari. Gürcü jurnalistlərinin köməkliyi ilə onu da öyrənə bildik ki, bu təhsil müəssisəsi Mixail Saakaşvilinin anasına məxsusdur. Əldə etdiyimiz məlumata görə, universitetin yaradıcılarından biri prezidentin anası Quili Alasaniya, digəri isə onun qardaşı oğlu Nikoloz Alasaniyadır. Sonradan bu məlumatı universitet barədə reystr çıxarışı da təsdiq etdi (05.10.2011-ci il). Tanış ola bildiyimiz bu sənəddə prezidentin anasının universitetdə 37,5 faiz paya malik olduğu göstərilib. Onun qardaşı oğlu Nikolaz Alasaniya isə 12,5 faiz paya sahiblik edir.
Ümumiyyətlə, SOCAR-ın Gürcüstandakı xeyriyyəçilik fəaliyyəti getdikcə daha da genişlənir. Qurumun 2007-ci ildən 2011-ci ilə qədər həyata keçirdiyi xeyriyyəçilik aksiyalarının sayı barmaqla sayılası deyil. Bir qədər açıq olan məlumatlara əsaslanaraq deyə bilərik ki, SOCAR həyata keçirdiyi xeyriyyəçilik aksiyalarının təxminən yarısına 860 min 630 lari xərcləyib (təxminən 520 min dollar - N.D). Elə tədbirlər var ki, şirkət xərclədiyi vəsaitlə bağlı məlumat açıqlamır. Məsələn, məlum deyil ki, Marneuli rayonunun Sadıxlı qəsəbəsindəki xəstəxananın təmirinə nə qədər vəsait sərf olunub. Bundan başqa, SOCAR Marneulidəki “Çay evi”ni hansı məbləğə əldə etdiyini və orada aparılan yenidənqurma işlərinə nə qədər vəsait sərf etdiyini açıqlamır. Son məlumatlara görə, bu il oktyabrın 13-də Gürcüstanın İctimai Kanalındakı “Maombe” proqramında SOCAR-ın daha bir xeyriyyəçilik layihəsindən bəhs olunub. Bildirilib ki, Gürcüstanın Səhiyyə Nazirliyi ilə SOCAR arasında yeni bir razılaşma sənədi imzalanıb. Bu razılaşmaya görə, SOCAR 2012-ci ildə Gürcüstanın 16 uşaq bağçasının qaz və elektrik enerjisinə görə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Qeyd edək ki, araşdırmamızda iştirak etmiş gürcüstanlı jurnalist Maqda Memanişvili “SOCAR Energy Georgia” şirkətinə xeyriyyəçilik aksiyaları ilə bağlı göndərdiyi sorğulara cavab verilməyib. Şirkətdən yalnız onu deyiblər ki, sorğu Mahir Məmmədovun masasının üzərindədir və o, Bakıdan qayıdan kimi suallara cavab veriləcək. Üstündən aylar keçib, amma şirkət rəhbəri hələ də Bakıdan “qayıtmayıb”...
Onu da qeyd etmək lazımdır ki, SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir. 2007-ci ildən 2011-ci ilə qədər SOCAR ümumilikdə 570 milyon lari (y341 milyon dollar) həcmində vergi ödəyib.

ARDNŞ-i dələduz şirkət audit edib

Nəhayət, araşdırmamızın son tapıntısı Azərbaycan Dövlət Neft Şirkətini auditdən keçirmiş və Azərbaycan iqtisadçılarına yaxşı tanış olan “Ernst &Young” şirkətilə bağlıdır. Bu auditor şirkəti ARDNŞ-in 2010-cu il üzrə bütün göstəricilərinin qaydasında olması barədə rəy verib. Biz bu auditor şirkətinin də izinə düşüb ilginc bir faktı aşkarladıq. 2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində məşhur “Wall Street Journal” belə bir xəbər yayımlayıb ki, həmin bu “Ernst &Young”a qarşı Nyu-York prokurorluğu tərəfindən ittiham irəli sürülüb. Rusiyanın vesti.ru saytı “Wall Street Journal”a istinadən xəbər verib ki, prokurorluq adıçəkilən auditor şirkətini dələduzluqda ittiham edib. “İş Nyu-York prokuroru Endryu Kuomonun şəxsi nəzarəti altındadır. ”Lehman Brothers Holdings"in müflis olmasında günahlandırılan “Ernst & Young” “Repo 105" tranzaksiyaları zamanı 50 milyard dolların qanunsuz olaraq silinməsindən məlumatlı olub. Prokurorluq bu qənaətə gəlib ki, 2001-2007-ci illər ərzində ”Lehman Brothers"i auditor yoxlamasından keçirmiş “Ernst & Young” qanunsuz maliyyə əməliyyatlarını bilərəkdən gizlədib".
Hələlik bu qədər. Amma SOCAR-ın xarici ölkələrdəki fəaliyyəti təkcə bizim araşdırmadakı istiqamətlərlə məhdudlaşmır. Məsələn, SOCAR-ın Nigeriya neftinin daşınması prosesindəki iştirakı, Avropa ölkələrindəki fəaliyyəti də ayrıca araşdırma mövzusu ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR