Dövlət Komitəsindən bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz: “Eyni zamanda qanuna uyğun olaraq dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
Azərbaycan dövləti vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir və dini etiqad azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Ancaq vicdan azadlığı adı altında qanunvericiliyə zidd əməllərin törədilməsinə də göz yumulmamalıdır”.
Dekabrın 15-də Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini pisləyən qətnamə qəbul edib. Qətnamədə Avropa Parlamentinin Rafiq Tağının qətlini qəti şəkildə pislədiyi vurğulanır, Azərbaycan hökumətinin Rafiq Tağının qətlini aydın şəkildə pisləməməsindən, ictimaiyyətin istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməməsindən məyusluq vurğulanır.
Sənəddə deyilir: “Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə, beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır”.
Qətnamədə Azərbaycan hökumətinə vaxtilə Rafiq Tağı ilə birlikdə dini ədavəti qızışdırmaq ittihamı ilə məhkum edilmiş Samir Sədaqətoğlunun təhlükəsizliyini təmin etmək tövsiyə olunur.
Avropa Parlamenti Azərbaycan hökumətini dinlər mövzusunda sərbəst debatların qarşısının alınması üçün Cinayət Məcəlləsindən sui-istifadə etməkdən çəkinməyə çağırır: “Bəzi din və inanc sistemlərinin tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin “təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”.






