İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət idarəçiliyində ictimai nəzarət: faydaları nədir?

3164 05.12.2019 13:35 Proje A A

Dövlət idarəçilik aparatında nəzarət mexanizminin olması əsas şərtlərdən biridir. Təcrübələr göstərir ki, nəyinki dövlət idarəçiliyində, eyni zamanda digər sahələrdə də nəzarət olduğu zaman ortaya qoyulan iş daha əhatəli və keyfiyyətli olur.

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 

Bəs, ictimai nəzarət özü nədir? 

Belə ki, ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. 

Azərbaycan qanunverciliyinə görə, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilərlər.

Son zamanlar ölkə başçısı İlham Əliyev  ciddi kadr islahatları, struktur dəyişikliyi həyata keçirir. Prezidentin apardığı bu islahatlar ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Bu gün Azərbaycan idarəçiliyin yeni mərhələsindədir və bu mərhələdə ictimai nəzarətə də geniş yer verilib. 

Ölkə başçısı uzun illərdir ki, davamlı qaydada istər siyasi, istərsə də iqtisadi komandasını xalq qarşısında açıq tənqid edir, onlara məsuliyyətlərini xatırladır və ictimai nəzarəti həyata keçirilməsi üçün cəmiyyətdən dəstək istəyir.

Картинки по запросу Prezident İlham Əliyev

Məsələn, Prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında demişdi ki, önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər: “Öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət. Ölkədə neqativ halların qarşısının alınması üçün ictimai nəzarət olmalıdır. Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”,-deyə prezident hələ o zaman vurğulamışdı. 

Ölkə prezidenti digər çıxışlarında da ictimai nəzarət məsələsini dəfələrlə qabardıb və bildirib ki, o, bəzi məsələlərdən elə mətbuat vasitəsilə xəbər tutur. Həmçinin prezident vətəndaşlara müraciətində də bildirib ki, problemləri ilə bağlı ona müraciət etsinlər. 

Məsələn, dövlət başçısı bu il aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunu açarkən sakinlərlə görüşü zamanı bildirib ki, dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir: “Mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.

Azərbaycanda ictimai nəzarət dedikdə vətəndaş cəmiyyəti də yada düşür. Bəs vətəndaş cəmiyyəti ictimai nəzarəti tam olaraq həyata keçirə bilirmi?

Картинки по запросу Əliməmməd Nuriyev

“Yeni Müsavat”a mövzu ilə bağlı açıqlama verən ekspert Əliməmməd Nuriyev söyləyib ki, vətəndaş cəmiyyəti strukturları ictimai nəzarət funksiyasının öhdəsindən gələ bilir: “Sadəcə bunun üçün müvafiq şəraitin yaradılması çox vacibdir. Və eyni zamanda qanunvericilik təminatları olmalıdır. Azərbaycan Respublikasının "İctimai iştirakçılıq haqqında" qanunu 2014-cü ilin iyun ayından qüvvədədir. Eyni zamanda buna qədər də Azərbaycan Respublikası konstitusiyasında ictimai nəzarətlə, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı müddəalar yer alıb. Vətəndaş cəmiyyətinin əsas vəzifəsi vətəndaşların könüllü təşkilatı olaraq ictimai problemləri aşkar etmək, üzə çıxarmaq, onlarla bağlı təkliflər vermək, bütünlükdə vətəndaşla dövlət orqanları arasında körpü rolunu oynamaq, eyni zamanda tədqiqatların aparılması, şəffaflıq hesabatlarının verilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsidir. Azərbaycanda vətəndaş cəmiyyətləri  bunu həyata keçirir. Amma elə məsələlər var ki, vətəndaş cəmiyyətlərinin bu vəzifəni tam olaraq və müasir çağırışlara uyğun yerinə yetirməsində problemlər yaradır. Bu maneələrdən biri dövlət orqanlarının vətəndaş cəmiyyətlərinə münasibətində hələ də yad mövqeyinin olmasıdır”. 

Əliməmməd Nuriyev bildirib ki, hələ də bəziləri vətəndaş cəmiyyətlərini bu ölkənin inkişafında mühüm  bir təsisat kimi qəbul etmək fikri yoxdur: “Bəziləri vətəndaş cəmiyyətlərini dövlətə qarşı qurum kimi baxırlar. Bəziləri bunu bilərəkdən, bəziləri bilməyərəkdən edir. Bəziləri vətəndaş cəmiyyətləri fəlsəfəsindən xəbərsizdir. Bəziləri ümumiyyətlə öz fəaliyyətlərini qapalı surətdə qurmağa çalışırlar.  İstəmirlər ki, onların fəaliyyəti haqqında kənar müzakirələr olsun. Bəzilərinin şəffaflıq hesabatları ilə bağlı problemləri var. Bu baxımdan dövlət orqanları vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq etməkdən uzaqdırlar. Bir çox hallarda onların fəaliyyətinə mane olurlar. Azərbaycan Respublikasının Konstitusiyasında 2007-ci ildə qəbul edilən "İctimai birliklər haqqında" qanunda, eyni zamanda vətəndaş cəmiyyətlərinin inkişafı ilə bağlı dövlət konsepsiyasında, Azərbaycan Respublikası prezidentinin çoxsaylı çıxışlarında ictimai nəzarətin gücləndirilməsinin vacibliyi qeyd olunur. Bu prosesin də həyata keçirilməsi vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə olmalıdır. Çünki onlar ümumi maraqları olan, fərdi maraqları olmayan bir təchizatlardır. Digər tərəfdən vətəndaş cəmiyyətinin özündə  resurslara çıxışla bağlı problemlər var. Yəni resurslar yetərincə deyil. İstənilən fəaliyyətin həyata keçirilməsi müəyyən resurslar tələb edir. Bu resurslar bir tərəfdən insani resurslar olmalıdır. İnsani resurslarla bağlı, yəni kadrlarla bağlı həm təlimlərin keçirilməsi, həm peşəkar tədqiqatların aparılması vacibdir”.

İctimai nəzarətin effektli təşkili və milli maraqların qorunması istiqamətində medianın da rolu əvəzsizdir. Bu gün Ermənistanla həm də informasiya savaşındayıq. Bu baxımdan media həm ictimai nəzarəti həyata keçirməli, həm də milli maraqlarımızın qorunması istiqamətində fəaliyyət göstərməlidir. 

Картинки по запросу Qulu Məhərrəmli

“Yeni Müsavat”a danışan media eksperti Qulu Məhərrəmli düşünür ki, bu gün media ictimai nəzarət funksiyasını tam olaraq həyata keçirə bilmir: “Müasir dünya təcrübəsi, sosiologiya elmi təsdiq edir ki, dünyada ictimai nəzarətin ən mükəmməl sistemi mediadır. Yəni media xalqın adından hakimiyyət, məmurlar üzərində ictimai nəzarəti həyata keçirir. Azərbaycanda media bunu edə bilirmi? Bu sual uzun illərdir ki, aktual qalır. Düşünürəm ki, hazırda təəssüf ki, media bu funksiyanı yerinə yetirə bilmir. Çünki media bir çox hallarda azad deyil. Belə bir medianın hakimiyyət üzərində ictimai nəzarətçi olması isə mümkün görünmür. Əlbəttə ki, ayrı-ayrı bizim araşdırma aparan jurnalistlərimiz var. Onlar problemləri araşdırıb, cəmiyyətə çatdıra bilirlər”.

Dünyada qəbul edilmiş təcrübə budur ki, mühüm iqtisadi dəyişikliklər dövründə, yaxud böhran situasiyalarında ictimai nəzarət güclü olmalıdır. İnsanlar üzləşdikləri problemləri bildirməli, şikayətlərini çatdırmalıdırlar. Ona görə də xalqın səsi parlamentdə, mediada və ictimai müzakirələrdə eşidilməlidir.

Bu günlərdə Azərbaycan parlamenti də özünü buraxdı. Uzun müddət idi ki, parlamentdəki bəzi deputatlar qınanırdı. Ekspertlər, ictimai şəxslər bildirirdilər ki, bir çox deputatlar xalqın problemini Milli Məclisin tribunalarından çatdıra bilmir, hər hansı bir məsələ ilə bağlı çıxış etmirlər. Yaxud da etməyi bacarmır, hər dəfə danışan zaman gülüş obyektinə çevrilirdilər. Halbuki, deputatın əsas funksiyası seçicisinin problemlərini müvafiq dairələrə çatdırmaq, bunun həlli üçün çalışmaqdan ibarətdir. Milli Məclisin buraxılması bu ümidləri də artırıb ki, yeni tərkib ölkə başçısının söylədiyi kimi ictimai nəzarətə də xidmət göstərəcək. Bu isə ümumən Azərbaycan dövlətinin inkişafı, xalqının problemlərinin həlli istiqamətində yeni bir mərhələ olar. 

Azərbaycanda  nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarət institutlarının fəaliyyətinin daha səmərli qurulması üçün dünya təcrübəsinin öyrənilməsi də önəmlidir. Dünya təcrübəsinin öyrənilməsi müasir dövrdə ictimai nəzarət mexanizmlərinin hansı formada və necə tətbiq olunmasını daha aydın dərk etməyə kömək edir. 

İctimai olmağın bir tərəfi də iştirak etməkdir. İştirak müasir (demokratik) idarəetmənin ayrılmaz bir hissəsidir və vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesinə cəlb olunmasını təmin edir. Bu baxımdan söyləmək olar ki, Azərbaycanda ictimai nəzarətin gücləndirilməsi, həm də demokratik idarəetmənin dərinləşməsi, genişlənməsidir. Ekspertlər hesab edirlər ki, ictimai nəzarəti gücləndirməklə Azərbaycan demokratik qərb dəyərlərinə bir qədər də yaxınlaşır və ölkədə insan, vətəndaş amili daha da önə keçir. 

Son zamanlar əslində qonşu ölkələrimizdə də oxşar tendensiya getməkdədir. Məsələn, şimal qonşumuz olan Rusiyada  2014-cü il 2 avqust tarixində “Rusiya Federasiyasında ictimai nəzarətin əsasları haqqında” federal qanun qüvvəyə minib. Bu qanun dövlət və yerli özünüidaretmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirlməsinin hüquqi əsaslarını müəyyən edir.

Bu federal qanuna görə ictimai nəzarət deyildikdə, ictimai nəzarət subyektlərinin dövlət hakimiyyəti, yerli özünüidaretmə orqanları, dövlət və bələdiyyə təşkilatları, publik funksiyaları həyata keçirən digər qurumların işinin müşahidə edilməsi, onlar tərəfindən qəbul edilən aktlar və qərarların analizi və ictimai qiymətləndirməsi ilə bağlı fəaliyyəti başa düşülür.

Qardaş ölkə Türkiyədə isə "Kamu Mali Yönetimi ve Kontrol Kanunu"  adlanan bu qanun 2003-cü ilin 10 dekabrında Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilərək, həmin ilin 24 dekabrında rəsmi qəzetdə yayımlanıb. 

Qanuna görə ictimai nəzarətin məqsədi aşağıdakılardır:

- Dövlət gəlirlərinin, xərclərinin, öhdəliklərinin effektiv, iqtisadi və səmərəli şəkildə idarə edilməsi

- Dövlət orqanlarının qanunlara və digər qaydalara uyğun olaraq fəaliyyət göstərməsi

- Hər cür maliyyə qərarlarında və əməliyyatlarında qanun pozuntularının və korrupsiyanın qarşısının alınması

- Qərarların qəbul edilməsi və monitorinqi üçün müntəzəm olaraq hesabatların və məlumatların əldə edilməsi

- Aktivlərin sui-istifadə və israfının qarşısının alınması və itkilərdən qaçınılması.

Onu da qeyd edək ki, Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsi əsasən dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunur. Bu işin uğurla baş tutmasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti danılmazdır. Bu qurum tərəfindən mütəmadi olaraq, qeyri-hökumət təşkilatlarının müxtəlif layihələrinin maliyyələşdirilməsinə maddi dəstək göstərilir. Bu maddi dəstəyin nəticəsində vətəndaş cəmiyyəti, QHT-lər ölkədə ayrı-ayrı layihələr əsasında ictimai nəzarəti həyata keçirə bilirlər. 

Əli Rais,
Musavat.com

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi “SƏLİS Jurnalist” müsabiqəsi üçün hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR