İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət əmanətlərlə bağlı bu addımı atmağa məcburdur” – ekspert

 

Azərbaycanda əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun müddəti 1 illiyə uzadılır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının verdiyi məlumata görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir.

Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi. Qanuna əsasən Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla tam sığortalanır və tam kompensasiya olunur. V.Qasımlı deyir ki, sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək: “Əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatmış, başqa sözlə, 9.6 faizdən çox artmışdır. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6 faiz (291 milyon AZN), tələbli depozitlər isə 18.5 faiz (436  milyon AZN) artıb.

Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirmişdir. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artmış, xarici valyutada olan əmanətlər isə 65 faiz azalmışdır. Nəticədə, 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalmışdır. Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir”.

Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3 faizini (2.3 milyard manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə  əmanət portfelinin 77 faizi (6.4 milyard manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24 faizini (1.5 milyard manat) 30 min manata qədər əmanətlər təşkil edir.

Mərkəz rəhbərinin sözlərinə görə, əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır: “Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsilə iqtisadiyyatın səmərəlilik, hesabatlılıq və şəffaflıq imkanları genişlənir. Prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir. Əmanətlərin tam sığortalanması gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq”.

V.Qasımlı hesab edir ki, qanunun müddətinin uzadılması həm də bankların maraqlarına uyğundur: “Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir avantajdır. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır”.

Onun fikrincə, Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır: “Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5000 lari (3 200 AZN), Rusiyada 1.4 milyon rubl (36 000 AZN), Türkiyədə 100 000 lirə (32 000 AZN) və Qazaxıstanda 15 milyon təngə (66 000 AZN) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250 000 dollar (425 000 AZN), Kanadada 100 000 dollar (170 000 AZN), əksər Avropa İttifaqı ölkələrində 50 000 avro (100 000 AZN), Malayziyada 250 000 rinqit (104 000 AZN) və Estoniyada isə 100 000 avro (200 000 AZN) həcmində olan əmanətlər sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur.”

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, hökumətin əmanətlərin tam sığortalanmasına dair qanunun müddətini uzatmaqdan başqa yolu yox idi: “Bu, əvvəlcədən bəlli idi ki, qanunun müddəti uzadılacaq, bunu etmək zəruriydi. Ona görə ki, bank sektorunda vəziyyət əvvəlki kimi qeyri-qənaətbəxş olaraq qalır. Bunu hələ bir qədər yumşaq deyirəm. Bank sektorunda vəziyyət  olduqca gərgindir. Banklarda likvid vəsait qıtlığı var. Mərkəzi Bank rəhbərliyi və digər mənbələr desələr də ki, maliyyə qıtlığı yoxdur, bu, real deyil. Nə qədər ki, bankların problemli kreditlər məsələsi həll olunmayıb, bu kreditlərin məbləği yüksək olaraq qalır, vəziyyət belə də qalacaq. Qeyri-likvidlik olduğu bir şəraitdə isə bankların normal kreditləşmə həyata keçirməsi, normal xidmət göstərməsi qeyri-mümkündür. Ona görə də banklarda maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün başqa vasitələrdən istifadə olunmalıdır. Əmanətlərin tam sığortalanması bu vasitələrdən biridir”.

Ekspertin sözlərinə görə, bu addımla hökumət əhalidə manatla depozit yerləşdirməyə marağı artırmaq, eyni zamanda mövcud əmanətlərini geri çəkməməsinə nail olmağa çalışır: “Düzdür, bunun effekti bir qədər də yüksək deyil. Lakin müddətin uzadılmaması əhalidə banklara olan aşağı inamı daha da azaldar, əmanətlərin geri çəkilməsi prosesi yenidən sürətlənər. Onsuz da insanların yığım imkanı elə də yüksək deyil, devalvasiyalardan sonra əhalidə banka inam da qalmayıb ki, olan-qalanını orada saxlamağa ürək eləsin. Bunu edənlər də çalışırlar əllərindəki vəsaiti xarici valyutaya çevirib, elə qoysunlar banka. Bank üçünsə indiki şəraitdə xarici valyuta ilə əmanət cəlb etmək sərfəli deyil”.

P.Heydərovun fikrincə,  qanunun müddətinin 1 il uzadılması hökumətin bu il üçün bank sektorunda müsbət tendensiyaların güclənməsi gözləntilərinin olmasından xəbər verir: “2016-cı ildə vəziyyət kritik idi, valyuta bazarında qeyri-sabitlik vardı. Həmin il manat 15 faizədək dəyər itirdi, 11 bank bağlandı. Belə bir şəraitdə əmanətlərin tam sığortalanması qanununun müddətinin 3 il götürülməsi məntiqli idi. Amma indi vəziyyət xeyli fərqlidir: manat sabitdir, valyuta bazarında ajiotaj yoxdur, neftin qiyməti yüksəkdir, ölkənin tədiyə balansı müsbətdir, makroiqtisadi sabitlikdə müəyyən dayanıqlıq hiss olunur. Buna görə də hökumət bu dəfə müddəti 1 il müəyyən edib. Mümkündür ki, gələn il yenidən artırmaq zərurəti yaransın. Amma indiki şəraitdə 1 illik müddət məntiqli görünür. Hökumət bu addımla böyük risk edir. Bu gün 2-3 bank birdən bağlansa, dövlətin üzərinə böyük yük düşəcək. Amma bank sektorunda vəziyyəti sabitləşdirmək üçün dövlət məcburdur bu addımı atsın”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Şərh yoxdur