Türkiyə vətəndaşını öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət hadisəsi ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bülbül prospektində yerləşən restoranda bıçaqlanıb.
Onu azərbaycanlı dostu Elxan Əliyevin bıçaqladığı məlum olub. Hadisə yeyib-içmək məclisindən sonra baş verib.
Bıçaq A.Mazlumun ürək nahiyəsindən dəyib. 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.Mazlumun həyatını xilas etmək mümkün olub.
E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün A.Mazlum "Topaz"da xeyli miqdarda pul udub.
Buna görə də, dostu E.Əliyevə qonaqlıq verib. Mübahisənin isə pul üstündə başladığı bildirilir.
Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.
İlkin Muradov
Musavat.com






