İnsanlara hürriyət, millətlərə istiqlal!

“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb - REPORTAJ, FOTOLAR

861 23.10.2019 14:39 Reportaj A A

Sahil Babayev: “Bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Musavat.com xəbər verir ki, təşkil edilən tədbirdə deputatlar, media kapitanları və qalib jurnalistlər iştirak ediblər. Tədbir başlamazdan öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media kapitanları ilə birlikdə DOST mərkəzini gəzib. Nazir yaradılan mərkəz haqqında media kapitanlarına, jurnalistlərə məlumat verib və əhaliyə göstərilən xidmətlərlə birbaşa tanışlıq olub.

Tədbirdə iştirak edən millət vəkilləri və media kapitanları əvvəlcə DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Nazir bildirdi ki, gənclərlə çalışmağa xüsusi önəm verirlər.

O, söylədi ki, universitetlərlə əlaqə qurmuşuq və tələbələr burada praktika keçirlər: “Bir var ki, işə CV üzərindən kimisə götürmək, bir də var ki, o insanın potensialına real bələd olub, onu seçmək. Bu proses daimi olacaq. 31 mərkəzdə orta hesabla 4000 işçi olacaq. Bu, o deməkdir ki, nazirliyin yükü də ciddi şəkildə azalacaq. Çünki nazirliyin ümumi işçilərinin sayı 9300-dür. DOST mərkəzində işçilər işə götürüldükcə, nazirliyin vətəndaşlarla birbaşa təması aradan qalxacaq. Nazirlik DOST üçün siyasət, tənzimləyici və arxa ofis rolunu oynayacaq. Yəni, vətəndaşla təmasda nə kimi hallar yerində həll olunursa, hamısı DOST - da olacaq. Hansı ki, xüsusi araşdırma tələb edən məsələlər var və onlar arxa ofis kimi nazirlik tərəfindən araşdırıldıqdan sonra DOST-a təqdim ediləcək".

Mərkəzlə tanışlıqdan sonra tədbirin qalib jurnalistlərin mükafatlandırılması hissəsində çıxış edək nazir Sahil Babayev prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini qeyd etdi.

O, bildirdi ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub: “Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır”.

Nazir dedi ki, cənab prezident sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramlar icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacağını bəyan edib: “Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib, “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”.

S.Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib.

O, bildirib ki, “E-sosial” internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına ictimai nəzarət imkanı verib: “Burada özünüməşğulluq proqramı iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında “İşsizin DOSTu” proqramı iştirakçılarının siyahısı təqdim olunur”.

Nazir ictimaiyyətlə əlaqələrin effektiv təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 24 iyul 2019-ci il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat, II yerin qaliblərinin (2 nəfər) hər biri üçün 800 manat, III yerin qaliblərinin (3 nəfər) hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarının (5 nəfər) hər biri üçün 200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar, həmçinin həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarına mükafat və diplomlar verilib.

Qeyd edək ki, mükafat alanlar arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da olub. O, müsabiqəyə təqdim etdiyi yazıya görə 2-ci yerlə mükafatlandırılıb.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR