Vaşinqton Şimali Koreyanın nüvə-raket probleminin həllində güc tətbiq etməyə can atmır. Bunu ABŞ prezidenti Donald Tramp Seulda Cənubi Koreya lideri Mun Ce-in ilə birgə iştirak etdiyi mətbuat konfransında bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp Pxenyanın nüvə-raket eksperimentlərinin bütün dünya üçün təhlükə törətdiyinə baxmayaraq, Vaşinqtonun “problemi güc yolu ilə həll etməyə can atmadığını” qeyd edib. Onun sözlərinə görə, məsələnin diplomatik həlli daha məqsədəuyğundur.
Koreya Respublikasının lideri Mun Ce-in isə öz növbəsində Şimali Koreyanı nüvə silahından imtina barədə danışıqlara vadar etmək üçün bütün diqqəti təzyiq və sanksiyalar üzərində cəmləməyin lazım olduğunu vurğulayıb.
Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.






