Dolların “ucuzlaşması” xeyirli əlamətdir, yoxsa psixoloji test?
Son günlər Mərkəzi Bank dolları ucuzlaşdırır. Ekspertlər manatın dövriyyəsinin kəskin şəkildə azaldılmasını bu şəkildə izah edirlər. Bildirilir ki, Mərkəzi Bank monetar siyasəti sərtləşdirməklə psixoloji əməliyyat həyata keçirir. Simvolik olaraq, manatı gücləndirərək ölkədə dollarımn ucuzlaşması qənaəti yaratmağa çalışır. Ekspertlərin sözlərinə görə, dolların bu şəkildə “ucuzlaşdırılması” xeyirli əlamət deyil və manatın tezliklə ucuzlaşacağına işarədir.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, dolların ucuzlaşması qısamüddətli təsirdir: “Bu, ona görə baş verir ki, ölkədə milli valyutanın qıtlığı var. Manat çatmır. Buna görə də dollar almaq istəyən çoxdur. Sadəcə olaraq dollar almaq üçün milli valyuta gərək əldə olsun. O da yoxdur. Ona görə manat son günlər qalxıb. Amma biz şahidi olduq ki, Mərkəzi Bank artıq uçot dərəcəsini artırdı. Bu proses davam edəcək. Mərkəzi Bank bunu ona görə etdi ki, dövriyyəyə əlavə milli valyuta buraxılacaq. Yəni banklara kreditlər verəcək. Başqa yol da yoxdur.
Çünki dövriyyəyə manat buraxılmasa, iqtisadiyyatımız fəaliyyət göstərə bilməyəcək. Buna görə də Mərkəzi Bank manat buraxmaq məcburiyyətindədir. Dövriyyəyə əlavə manat buraxılan kimi dolların yenidən artmasını görə bilərik. Əgər bu prosesər düzgün idarə olunmasa, məhz bu cür də olacaq. Dollar əhəmiyyətli dərəcədə artacaq. Hazırda milli valyutanın artması üçün heç bir faktor yoxdur. Neftin qiyməti artmır, hasilat artmır. Buna görə də ölkədə valyuta gəlirlərimiz azalır. Gəlir azaldığı bir şəraitdə manatın möhkəmlənməsi mümkün deyil. Ona görə mən düşünürəm ki, yazda yenidən manatın yenə devalvasiyasını görəcəyik”.
Ekspert Rəşad Həsənov isə musavat.com-a bildirib ki, Mərkəzi Bank iqtisadi qaydaların əksinə mövqe sərgiləyir: “Hazırda görünən odur ki, Mərkəzi Bank sadəcə ictimai rəyə uyğun olaraq məzənnə siyasəti həyata keçirir. Belə ki, Mərkəzi Bankın artıq bazar iştirakçılığı kifayət qədər məhdudlaşdırılıb və hazırda yanvar və dekabr aylarında çox ciddi şəkildə bazara müdaxilə etmək məcburiyyətində qalıb. Xüsusilə devalvasiyadan sonra yaranmış situasiya, panika ciddi intervensiya xərcləri yaratmışdı. O baxımdan da hazırda bu prosesin uzun müddətliliyinin qarşısını almaq məqsədi ilə Mərkəzi Bank artıq prosesin əksinə olaraq, iqtisadi qaydaların əksinə mövqe sərgiləyir. Bu cür mövqe sərgiləməklə əhalinin və biznesin əlində cəmlənmiş xarici valyutanın bazara axınını təmin etmək siyasəti həyata keçirməyə başlayıb. Heç bir əsas olmadan dolların məzənnəsini zaman-zaman kiçik faizlərlə aşağı salmağa başlayıb və hazırda bu prosesin davamını biz müşahidə edirik”.
Ekspertin sözlərinə görə, burada müəyyən xarici faktorlar da var: “Bu faktorların əhəmiyyəti çox aşağıdır. Yanvar ayında FED-in uçot dərəcəsini artırmaq qərarı, eyni zamanda bundan sonrakı dövrdə uçot dərəcəsini artırmaq ehtimalının aşağı düşməsi beynəlxalq birjalarda dolların qısamüddətli dövr üçün məzənnəsinin ucuzlaşmasına gətirib çıxarıb. Nəzərə alsaq ki, Azərbaycanda manatın məzənnəsi bivalyuta səbəti əsasında dollar-avro münasibətləri fonunda formalaşır. Avroya nisbətdə dolların ucuzlaşması sonda Azərbaycanda da məzənnəyə müəyyən təsir göstərir.
Amma prosesin hazırda süni əsaslarla, ictimai rəyə hesablanmasını göstərən arqumentlərdən biri də odur ki, baxmayaraq ki, Mərkəzi Bank hazırkı situasiyaya yenə də intervensiyaya gedir, bazarda iştirak edir. Bir neçə gün əvvəl Mərkəzi Bank bazara 32 milyona qədər dollar çıxarmaq məcburiyyətində qalıb. O deməkdir ki, manatın əslində məzənnəsinin Mərkəzi Bankın müəyyən etdiyi kurs olaraq möhkəmlənməsi iqtisadi əsaslardan deyil, ictimai əsaslardan və aparılan məzənnə siyasətindən irəli gələn bir rəqəmlərdir. O proses müəyyən müddət davam edəcək. Düşünürəm ki, arada hökumət müəyyən qədər manat qazanmaq istəyir. Böyük ehtimalla, yaxın dövrlərdə irihəcmli rəqəmlərlə borclanma prosesi həyata keçiriləcək. Ölkəyə hansısa formada xarici valyuta gətiriləcək.
Prosesin davamlılığına müəyyən qədər təsir etməyə cəhd göstərəcəklər. Əks halda, düşünürəm ki, aparılmış siyasət sonda yeni bir məzənnə dəyişikliyinə gətirib çıxara bilər ki, bu da manatın yenidən kəskin şəkildə ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda, bu gün baş verənlərə dəstək göstərən, kömək olan amillərdən biri də biznes aktivliyinin aşağı düşməsidir.
Təkcə yanvar ayında ötən illə müqayisədə ölkəyə idxalın həcmi təxminən 50 faiz artıq azalıb. İdxal həcminin azalması statistik rəqəmlərdə 50 faizdir. Düşünürəm, real rəqəmlərdə bu, kifayət qədər böyükdür. Çünki 2016-cı ilin yanvarı və 2015-ci ilin yanvarı ilə müqayisə etdikdə, burada nəzərə almaq lazımdır ki, 2016-cı ildə idxal olunan məhsulların leqal şəkildə qeydiyyata alınması idxal rəqəmlərinin əslində müqayisədə daha az olmasını, 3-4 dəfə az olmasını deməyə əsas verir.
Məhz bu arqument özü də yəni xarici valyuta axınını məhdudlaşdıran amil hesab olunu ki, o, özü də Mərkəzi Bankın bu gün həyata keçirdiyi məzənnə siyasətinə haradasa təkan verir. Amma əgər məhsulların azalması və idxal ehtiyatının yaranması və yenidən sahibkarların yeni yaranmış situasiyaya uyğunlaşmasından sonra nisbətən aktivləşməsi ölkədə yeni bir ciddi dollar tələbi formalaşdıracaq.
Bu da Mərkəzi Bankın hazırkı məzənnə siyasətini uzunmüddətli dövrdə davam etdirə bilməməsinə səbəb olacaq. Çünki 2016-cı il ərzində Neft Fondunun bazarda iştirakçılığı, dollar konventasiyası kifayət qədər aşağı düşəcək, 4 dəfə azalacaq. Təxminən gözlənilir ki, il ərzində Neft Fondu bazara 3,5 milyard dollar çıxarsın. Artıq milyon dolları yanvar ayında çıxarıb. Bu, ölkədə xarici valyuta qıtlığının yaranmasına gətirib çıxaracaq. Prosesi uzun müddət bu şəkildə davam etdirmək çox çətindir”.
Röya RƏFİYEVA






