İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar ucuzlaşdı, amma qiymətlər olduğu kimi qaldı...

Ekspert: “Güman ki, may ayının əvvəllərindən - yeni məhsullar çıxdıqdan sonra qiymətlərdə bir qədər ucuzlaşma baş verəcək”


Manatın dollara nisbətdə məzənnəsinin 1.72-1.75 ətrafında sabitləşməsinin iki ayı tamam olur. Bu müddət ərzində bir çox məhsulların qiymətinin ucuzlaşması gözlənilsə də bu baş vermədi. Xüsusən ərzaq bazarında qiymətlərdə heç bir ucuzlaşma müşahidə olunmadı. Bunun əksinə olaraq , digər bir çox sahələrdə, xüsusən də tikinti materialları bazarında qiymətlərdə ciddi ucuzlaşma müşahidə olunur. İş adamları bu sahədə yaranan durğunluğu azaltmaq üçün dolların yeni məzənnəsi ilə aldıqları malları daha ucuz satmağa çalışırlar.


Bəs görəsən, ərzaq bazarında ucuzlaşmanın olmamasının, əksinə, bəzi məhsulların bahalaşmaqda davam etməsinin səbəbi nədir? Burada monopoliyanın rolu varmı? Ərzaq bazarının digər sektorlardan fərqi nədədir?

Bu sualları cavablandıran Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu, əsasən tələb və təkliflə bağlıdır: “Tikinti sektorunda onsuz da durğunluq müşahidə olunur. Həm təmir sahəsində, həm də tikinti sahəsində əvvəlki illərə nisbətən aktivlik azalıb. O sahədə çalışan iş adamları dövriyyəni saxlamaq üçün bəzən məcburən qiymət artımına getmirlər. Çünki yüksək qiymətlər onsuz da az olan müştəriləri daha da qaçırdır. Ərzaq məhsullarında isə vəziyyət fərqlidir. Onlar gündəlik tələbat mallarıdır. İnsanlar üçün vacib hesab olunan bir sahədir. Tələb çox olduğuna görə ciddi bir ucuzlaşma olmur. Burada ölkəyə ərzaq gətirənlərin və istehsalçıların gələcəkdə baş verəcək devalvasiyaya hesablanmış risk anlayışı da özünü göstərir. Əgər gələcəkdə dollar bahalaşarsa, onlar bu faktoru indidən qiymətlərdə nəzərə alırlar və ucuzlaşmaya getmirlər”.


İqtisadçının fikrincə, manatın məzənnəsi bu kurs ətrafında 4-5 ay sabit qalsa, bəlkə o zaman ucuzlaşma baş verdi: “Həmçinin burada mövsümi amillər də rol oynayır. Mart və aprel aylarında bəzi məhsullar tükəndiyindən bu da qiymətlərə təsir edir. Çox güman ki, may ayının əvvəllərindən - yeni məhsullar çıxdıqdan sonra qiymətlərdə də bir qədər ucuzlaşma baş verəcək. O zaman da qiymətlərə, indiki məzənnədə sabit qalsa qiymətlərdə az da olsa azalma müşahidə edə bilərik. Ancaq yaxın zamanlarda belə bir ucuzlaşmanın olması ehtimalı çox azdır. Birincisi, ərzaq məhsulları gündəlik tələbat mallarına daxil olduğu üçün insanlar məcburən bunu alırlar. Bu da qiymətlərin aşağı düşməsinə mane olan amillərdən biridir. İkinci amil isə risk faktorudur”.


Natiq Cəfərli vurğuladı ki, bahalaşmaya təsir edən digər bir məsələ də dolların alış və satış qiymətidir: “4 faizlik marja ləğv olunduğundan banklar dolları rəsmi məzənnədən ucuz alıb baha satırlar. Rəsmi məzənnə 1.72 AZN olsa da, dolların ən ucuz satışı 1.75 AZN-dir. Bir neçə qəpiklik fərq böyük məbləğlərdə ciddi fərq yaradır”.


İqtisadçı həmçinin etiraf etdi ki, qiymətlərin ucuzlaşmamasında monopoliyanın da rolu var: “Bu, Azərbaycan iqtisadiyyatının ənənəvi bəlasıdır. Dolların məzənnəsinin 0.78 AZN olduğu dövrdə belə Azərbaycanda ərzaq qiymətləri qonşu ölkələrlə müqayisədə çox baha idi. Səbəb də inhisarçılığın gətirdiyi təsirlər idi. Ölkədə rəqabətli mühit olsaydı, işləmək üçün normal şərait olsaydı, bazarda oyunçuların sayı yetərincə olsaydı, təbii ki, bunun qiymətlərə müsbət təsiri olardı. Monopoliyanın bu günə qədər qalmasının, hökumətin bunda maraqlı olmasının bir göstəricisi də odur ki, artıq 20 ildir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə danışıq aparır, ancaq üzv olmur. ÜTT-yə üzv olmağın gecikdirilməsinin əsas səbəbi korporativ maraqlardır. ÜTT-yə üzvlük ən azından idxal mallarında beynəlxalq oyun qaydalarının tətbiq olunmasına gətirib çıxara bilərdi ki, bu da inhisarçılığa qarşı mübarizədə mühüm rol oynayardı. İkinci göstərici odur ki, 10 ilə yaxıdır parlamentdə Rəqabət Məcəlləsi birinci oxunuşdan keçdikdən sonra rəfə qaldırılır. Bu günə qədər də Rəqabət Məcəlləsi qəbul olunmayıb. Deməli, burada kimlərinsə marağı var və o maraqlar bu qanunun qəbuluna mane olur. Rəqabət Məcəlləsi qəbul olunsaydı, ən azı ölkə daxilində bəlli oyun qaydaları və inhisarçılığa qarşı mübarizə üçün hüquqi mexanizm yaranmış olardı. Bunun qəbul olunmamasının səbəbi də məhz korporativ maraqlardır”.


Nərgiz LİFTİYEVA

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR