İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar qıtlığı sahibkarları çətin duruma salıb: “Borcumuzu ödəyə bilmirik” - FOTOLAR

4523 12.01.2016 18:05 Gündəm A A
Bakıda bir neçə gündür ki, yaranan dollar qıtlığı sahibkarları çətin vəziyyətə salıb. Buna səbəb sahibkarların xaricdən gətirdikləri malların ödənişini edə bilməməsidir.

Bu məlumatı musavat.com-a “Sədərək” Ticarət Mərkəzində çalışan bir qrup sahibkar verib. 

“4 gündür ki, dollar ala bilmirik. Dubaydan, Çindən, Türkiyədən mal almışıq. Aldığımız malı manatla satmışıq. İndi dollar alıb, borcumuzu ödəyə bilmirik. Mal aldığımız ticarətçilər qarşısında çətin vəziyyətdə qalmışıq” - deyə sahibkarlar bildirir.

Xatırladaq ki, yanvarın 8-də Bakıda dollar gün ərzində bir neçə dəfə bahalaşmaqla, 1.86 manatadək yüksəlmişdi. Həmin vaxt “exchange”lərdə bu qiymətə dollar almaq mümkün idi. 

Daha sonra Mərkəzi Bank tərəfindən kommersiya banklarına xəbərdarlıq edildi. Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcəklər. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər. Bu xəbərdarlıq dolların məzənnəsinin 1.626 manata düşməsinə səbəb oldu. Lakin bundan sonra dollar “yoxa çıxdı”.

Artıq paytaxt Bakıda əksər valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayandırıblar. İşləyən valyutadəyişmə məntəqələri isə dollar satışını dayandırıblar və yalnız alış əməliyyatını həyata keçirirlər. 28 May küçəsində yerləşən bəzi “exchange”lərin əməkdaşları deyirlər ki, onlar Mərkəzi Bankdan dollar ala bilmirlər. 

Hazırda yalnız müştərilərdən 1.56-1.60 manata aldıqları dolları 1.61-1.62 manata satdıqlarını iddia edən  “exchange”lərin qarşısında növbə yaranıb. Ölkədə fəaliyyət göstərən böyük banklar belə, dollar satışını dayandırıb. 

Hazırda “Kapitalbank”ın filiallarından dollar almaq mümkündür. Ancaq burada da böyük növbələr yaranıb. Bir nəfər 500 dollar almaq istəyirsə, şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bir nəfərin ala biləcəyi dolların limiti isə 1000 dollardır.

Sadə vətəndaşlar da əllərində olan manatı dollara dəyişmək istəyirlər. Lakin hazırkı vəziyyətdən ən çox zərərçəkən sahibkarlardır. Sahibkarlar aldıqları malın pulunu ödəyə bilmədikləri üçün hazırda çarəsiz vəziyyətdədirlər. 

Sahibkarlar deyirlər ki, qarşılaşdıqları vəziyyət onlar üçün çox çətindir: “Biz mal aldığımız şəxslərin qarşısında etibarımızı itiririk. Ödənişi manatla edə bilmirik. Dollar bir gün ərzində 1.85 manatdan 1.62 manata düşür. Sonra isə dollar satışı dayanır. Bu, nə deməkdir? Onsuz da devalvasiya bizi pis vəziyyətə qoyub. İndi də dollar qıtlığı...”

“Qara bazar” isə yenə də iş başındadır. “Sədərək” Ticarət Mərkəzi “qara bazar”ın ən geniş şəkildə yayıldığı yerlərdən biridir. Burada ticarətçilər əsasən tanıdıqları dollar alverçiləri ilə alış-veriş edirlər. Ticarət mərkəzində çalışan sahibkarlar deyirlər ki, ən ucuz “qara bazar” məhz buradadır. Lakin indi yaran vəziyyət bu “qara bazar”ın da işini dayandırıb. 

Dollar alverçiləri sahibkarların və dollara ehtiyacı olan şəxslərin qarşılaşdıqları bu vəziyyətdən istifadə edərək, süni şəkildə dolları 1.90 manatadək yüksəldiblər. Yəni “qara bazar”da dolların satış qiyməti 2 manata yaxınlaşır.

Qeyd edək ki, Mərkəzi Bankın yaydığı məlumatda görə, bu gunə olan məzənnəyə əsasən, 1 dollar 1.5685 manatdır.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR