İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğum günündə səlahiyyətləri alınan prezident...

1733 24.06.2019 13:00 Gündəm A A

Bu gün Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin həm doğum, həm də prezidentlik səlahiyyətlərinin Milli Məclis tərəfindən ondan alındığı gündür.

Öncəliklə sabiq dövlət başçımızın keçdiyi həyat yolu barədə məlumat verək:

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edib və 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edib.

O, ilyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb.

O, 1988-ci ildə Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra iyunun 4-də Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərliyi ilə qanuni hakimiyyətə qarşı Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

Bundan bir həftə sonra Milli Məclisin qərarı ilə onun səlahiyyətlərinə son verilir. Elçibəyin prezidentlikdən kənarlaşdırılması barədə qanun layihəsini o zaman AXC iqtidarına qarşı ana müxalifət sayılan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov qanunverici orqana təqdim edib. Bu qanun layihəsini isə AMİP-dən olan vəkil Fuad Ağayev hazırlayıb. 23-24 iyun tarixlərində gedən gərgin müzakirələrdən sonra layihə qəbul olunub.

Səlahiyyətləri əlindən alındıqdan sonra Ə.Elçibəy siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR