İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğrudanmı Putin dalandadır?..

1351 22.08.2019 09:40 Yazarlar A A

Biz astroloji “proqnoz”lara inanmırıq və dünyanın aparıcı siyasətçilərinin astroloji göstəriciləri haqqında təsəvvürümüz də yoxdur. 

Amma bu il iki siyasətçi üçün elə də uğurlu olmadı - bəli, söhbət Türkiyə və Rusiya prezidentləri haqqındadır. 

Sonuncu munisipal seçkilərə qədər prezident R.T.Ərdoğanın partiyası faktiki olaraq məğlubiyyət nə olduğunu bilmirdi, necə deyərlər, bir qələbədən digərinə gedirdi və hətta ən tənqidi yönümlü, müxalifətçi sosioloqun və ya politoloqun ağlına belə gəlmirdi ki, hazırkı prezidentin siyasi qürubu haqqında danışsın.

Formal olaraq onun partiyası sonuncu munisipal seçkiləri də uddu, amma əksər böyük şəhərlərdə, xüsusən də İstanbulda, qələbə çələngləri müxalifətə qismət oldu.

Odur ki, indi nəinki R.T.Ərdoğanın siyasi karyerasının qürubu haqda danışır və mühakimə yürüdürlər, hətta qeyri-peşəkar analitik kimi görünməkdən ehtiyat etməyərək növbəti prezident seçkilərində onun  potensial rəqiblərinin adlarını da çəkirlər.

Nə qədər qəribə olsa da, təxminən oxşar mənzərə Rusiyada da müşahidə olunur; Moskva Şəhər Dumasına seçkilər R.T.Ərdoğanın dostu prezident V.Putin üçün əsl baş ağrısına çevrilibdir.

Amma dərhal qeyd edək ki, burada Türkiyənin Rusiyadan əsas fərqi o saat nəzərə çarpır. Prezident Ərdoğan İstanbulda təkrar seçkilərin keçirilməsini israr etdi və seçkilər keçirildi, təkrarən müxalifətin nümayəndəsi qalib gəldi, bununla da seçkinin, necə deyərlər, nöqtəsi qoyuldu: qeydə alınmamış namizədlər olmadı, heç kim ciddi pozuntular və ya təzyiqlər haqqında danışmadı.

Bunları niyə görə deyirik? Düşünürük ki, son munisipal seçkilər dünyaya, xüsusən də onun Avropa seqmentinə göstərdi ki, Türkiyə yetərincə demokratik ölkədir və ona subyektiv ölçülərlə yanaşmaq, onu tipik, despotik Asiya -müsəlman ölkəsi kimi təsnif etmək əbəsdir.

Rusiyadasa hər şey daha mürəkkəbdir. Burada hər şey ondan başladı ki, müxalifətin bəzi təmsilçilərinin seçkilərə yolu, ümumiyyətlə, bağlanıldı və onların bir hissəsini nümayişkaranə şəkildə qeydə almadılar.

Əlbəttə, müxalifətçilər arasında Aleksey Navalnıy kimi, necə deyər, sanballı siyasi staja malik olanlar var, amma etirazlar əvvəllər indiki kimi kütləvi, hiss olunan xarakter daşımırdı: indiki müxalifət bir neçə təsirli aksiya təşkil edə bildi.

Bütün hakimiyyəti dövründə Putin ilk dəfə olaraq real və hiss olunan ictimai təzyiqlə qarşılaşdı və burada da Türkiyədə olduğu kimi V.Putin epoxasının qürubundan danışmağa başladılar və Rusiyaya ikinci yenidənqurmanın lazım olması haqqındakı təhlil xarakterli yazılar sırf akademik mülahizələr kimi deyil, real siyasi perspektiv qəbul olunmağa başladı.

V.Putinin avtoritar hakimiyyəti -Rusiyanın xəstə siyasi və ictimai iqliminin ilkin siyasi diaqnozu belədir. Demə, böyük Konfutsi həqiqətən də haqlı imiş: predmetlərə və hadisələrə onların əsl adlarını qaytarmaq lazımdır, onda onlar öz əsl həqiqi məzmunlarını tapacaqlar.

Diaqnoz varsa, deməli müalicə də olacaq, xüsusən də nəzərə alanda ki, bioloji xəstəliklərdən fərqli olaraq, sağalmaz ictimai xəstəliklər olmur.

Hazırda “Putin mifi”nin ifşası baş verir: Putinin “ümummilli lider” olması haqqındakı mif çökür, hamı başa düşür ki, Rusiyanı hansısa “ümummilli lider” deyil, bir partiyanın adamı idarə edir, üstəlik, çox sərt avtoritar üsullarla idarə edir.

Proseslərin davamı isə artıq mücərrəd politoloji konsepsiyaların predmeti deyil - aydın məsələdir ki, müxalif ovqat getdikcə güclənəcək.

Mümkündür ki, növbəti prezident seçkilərində Putin üçün siyasi anlamda çox çətin olacaq - bəziləri nahaq yerə yazmır ki, Rusiya lideri artıq siyasi dalandadır.

Etiraf edək ki, Rusiya hadisələri bizi əsasən Qarabağ problemi konteksində maraqlandırır. N.Paşinyanın Xankəndidəki çıxışından sonra Dağlıq Qarabağ hərbi-siyasi və diplomatik teatrında vəziyyət olduqca gərgindir. Aydın deyil, danışıqlar davam edəcək, ya yox? Üstəlik, əgər ermənilər Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan edirsə, danışıq aparmağın bir mənası varmı? Odur ki, erməni baş nazirinin bəyanatlarını dolayı yolla müharibəyə çağırış kimi dəyərləndirən siyasi müşahidəçilər həqiqətən də haqlıdırlar.

Düşünürük ki, Kremli də məsələnin belə qoyuluşu qane etməyəcək, o cümlədən də digər həmsədrləri. Axı “Qarabağ düyünü”nün belə “həlli” heç Moskvanın da regional maraqlarına cavab vermir: Kreml hesab edir ki, Dağlıq Qarabağ hələ heç kimin deyil və qeyri-müəyyən statuslu bir ərazidir, ən əsası da o, hələ uzun müddət beləcə qalmalıdır ki, Moskva bundan istifadə edərək bu iki ölkəni öz orbitində saxlaya bilsin. 

Odur ki, bu payız sərt keçməyi vəd edir. Biz Rusiyada baş verən perspektiv xarakterli prosesləri də nəzərdən qaçırmamalıyıq - bu ölkədə tədircən yeni, Avropa tipli, demokratik müxalifət yetişir və belə davam etsə, uzağı 5-10 ilə liberal düşüncəli rusiyalı intellektualların haqqında çox danışdıqları “ikinci yenidənqurma” söhbətləri də heç də yersiz və ya əsassız olmayacaqdır.

Bütün hallarda, başqalarını bilmirik, biz özümüz də əminik ki, qonşu Rusiyada “ikinci yenidənqurma” mütləq olacaq. Odur ki, gəlin “birinci yenidənqurma”nın dərslərini unutmayaq - o vaxt keçmiş SSRİ-nin demokratiya düşərgəsində bizə yer tapılmadı, Rusiyanın yeni düşüncəli insanlarının demək olar ki, hamısı bizim əleyhimizə oldu.

Ən əsası isə budur ki, ermənilər belə oyunlarda çox mahir ustadırlar, onların yəqin yeni Rusiya müxalifətilə də artıq əlaqələri var. Odur ki, gəlin biz də siyasətimizə çevik və axımlı məzmun verək, çünki regionun geosiyasi mənzərəsi Rusiyadakı proseslərdən asılı olaraq dəyişə bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR