Bakıda brend mallar satılan mağazada geyim əşyalarını ələ keçirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi mənimsəmdə ittiham edilən Çingiz Rəhimovun həbs müddətini uzadıb.
İstintaq orqanının təqdimatına əsasən Ç.Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İş üzrə istintaq davam edir.
Rəsmi məlumata görə, Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.
Bu barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 min manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç. Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyektdən oğurluq etdiyini etiraf edib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İlkin Muradov,
Musavat.com
Direktorun yoxluğundan istifadə edib mağazadakı brend malları satan şəxsin işi






