İnsanlara hürriyət, millətlərə istiqlal!

Dirçəliş konsepsiyası

1668 18.11.2019 08:10 Yazarlar A A

“Neyləyirdim bəzəyi ua düzəyi?

Dama, divara yapardım təzəyi".

(Sabir)

Dünən respublikamızın zəhmətkeşləri 17 noyabr Milli Dirçəliş Gününü qeyd elədilər, bulvarda hərbi paltarlı uşaqlar dombalaq aşdılar. Sonuncunu güman edirəm, bulvarımız uzanıb Aya çatandan bəri ora getməyə heç bir həvəs qalmamışdır. Doğrusu bilmirəm bu nə adətdir, bizdə bütün bayramlarda, xüsusilə Bayraq günündə-filanda balacalara hərbi paltar geyindirmək moddadır. Görünür torpaqlarımızı işğaldan azad eləmək üçün uşaq batalyonları qurmağı fikirləşirik. Əks halda, bu militar siyasət nədən yaransın? Niyə bayramlarda uşaqlara alim, həkim, müəllim, icra başçısı, nazir, prokuror, hakim, bələdiyyə sədri, köşə yazarı paltarı geyindirməyək? 

Söz düşmüşkən, MSK sədri Məzahir müəllim qarşıdan gələn bələdiyyə seçkilərinə xalqımızın böyük maraq göstərdiyini açıqlamışdır. Deyir, indiyədək 499 müşahidəçi qeydə alınıbdır. Sən dəqiqliyə fikir ver. Heç Almaniyada, Fransada, Amerikada seçki olanda müşahidəçi sayını bu cür dəqiqliklə müəyyən etmirlər. Ya 500 deyirlər, ya 400 deyirlər... Bu gün müşahidəçi sayını belə yüksək dəqiqliklə göstərən adam sabah səslər sayılanda bir bülletenin də qutuya artıq girməyinə imkan verməz. 

499 rəqəmi eyni zamanda seçkiyə psixoloji maraq da oyadır. Dükan-bazarda adətən belə qiymətlər qoyurlar, 500 manatlıq malı 499 manata göstərirlər, sən də cumub alırsan. Hamınızı bayram endirimindən yararlanıb bələdiyyə seçkisində fəallığa səsləyirəm. Keçən dəfəki bələdiyyə seçkiləri zamanı 489,57 müşahidəçi qeydə alınmışdı, indi isə artım vardır. 

Müqayisə açmışkən, biz bu 17 noyabr dirçəlişini 1988-ci ildə mitinqlərimizə görə qeyd edirik. Üstündən 31 il keçəndən sonra uca millətimiz nəinki Bakının Azadlıq meydanının həndəvərinə dolaşa bilmir, hətta Lökbatandakı stadiona toplaşmağa həvəsi qalmayıbdır. Deməli milli dirçəlişimizə nail olmuşuq. Bizim əksimizə, fransızlar 300 ildir dirçələ bilmir, hər gün Bastiliya meydanına sarı jiletdə çıxıb mitinq edirlər. (Bastiliya - türk sözüdür, orda polis milləti basdaladığı üçün adı belə qalıb). Millət gərək nə istədiyini, həyatdan nə arzu elədiyini dəqiqləşdirsin, yoxsa ömrü küçədə keçir. 

Misal üçün, bizim həyatda ən böyük məqsədimiz nədir? Ay sağ olasan: icra başçısı olmaq. İcra başçısının bacısı oğlu olmaq. Bəd ayaqda, nazir müavininin sürücüsü uğurunu, nailiyyətini qazanmaq. Vəssalam. Ta insana bu fani dünyada nə lazımdır ki? O üzdən, vaxtaşırı gündəmə belə temalar çıxır: “İcra başçısının dükanları açıqlandı”, “Nazirin villaları düzü-dünyanı tutubdur”, “Yeni icra başçısı bacısı oğluna vəzifə verdi” və sairə. Bəzən adam nəsə dəyişiklik söhbətləri eşidir, qorxur dövlətçiliyimizə ziyan dəyər. Ancaq səs-küy yatandan sonra görürsən köhnə hamam, köhnə tas. Sevinirsən ki, milli dəyərlərimizdən uzaqlaşmadıq, yenə vəzifəli adamlar zəhmətkeşlərə keçi afişaya, dəvə nalbəndə baxan kimi baxacaqdır. Həm də o “bunlar yeyib doyub, başqası gəlsə daha acgöz yeyəcəkdir” afyorizmimiz, milli konsepsiyamız növbəti dəfə təsdiqini tapır, zamanın sınağından üzüağ çıxır. Görürük ki, həqiqətən köhnələr yeyib doymuş imiş. Elə həmin 17 noyabr 1988-ci ildə Sovet Azərbaycanının hər hansı rayonundakı ispalkom, raykom indiki müstəqil Azərbaycanın icra başçılarının əlinə su tökməyə yaramazdılar - sərvət, dövlət baxımından. Demək dirçəlişimiz həqiqətən baş tutubdur. 

Bunu idman sahəsində də görürük. Futbol üzrə milli komandamız Avropa çempionatına seçmə turnirində Uelsə uduzubdur. Ümumən 7 oyunda 23 mümkün xaldan cəmi 1 xal toplayaraq xalqımızın ürəyini açıblar. Hətta bunun üçün xaricdən Yurçeviç adlı məşqçi gətirmişik. Yəqin 1 xalı toplamağa. Lakin millimiz Uelsə uduzandan bir gün qabaq gənclər komandamız Lixtenşteyni udmuşdur və bizi çaşdırıbdır. İndi nə etmək istəyir bunlar? Lixtenşteynə o tərəfdə uduzub, vətəndə udmaq artıq nəsə yadlaşmaq əlamətidir. Milli dirçəliş konsepsiyamıza uyğun deyildir. Hələ görürsən bəzisi başlıq qoyub: “Lixtenşteyndən revanş aldıq”. Ayıb deyilmi? Bəs bizim sülhsevərliyimiz harda qaldı? 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR