İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diqlas” hasara alındı: söküntü başlayıb

519 25.05.2019 09:40 Ölkə A A

Ticarət mərkəzinin ətrafında piştaxtalar qurulub, ticarət bərpa olunub...

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin söküntüsü sürətlənib. “Yeni Müsavat”ın əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, ticarət mərkəzinin qarşısında olan piyada keçidinin girişləri bağlanıb.  “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Bundan əlavə, ticarət mərkəzinin qarşısından polislərin quraşdırdığı maneə götürülüb. Bunun yerinə təhlükəsizlik məqsədilə dəmirdən hasar çəkilib.  “Diqlas”ın arxasında, sağ və sol yanlarında eskalatorlar işləyir. Bu texnikalarla ticarət mərkəzinin konstruksiyaları sökülür, ətraf ərazi təmizlənir.

Yanan ticarət mərkəzinin içərisində də söküntü işlərinə başlanılıb. Yuxarı mərtəbədə dəmir konstruksiyaların söküntüsü həyata keçirilir. Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov bildirib ki, söküntünü Fövqəladə Hallar Nazirliyi həyata keçiriəcək. Onun sözlərinə görə, söküntünün 4 ay ərzində tamamilə yekunlaşdırılması planlaşdırılır.

“Diqlas”ın ətrafında gəzdiyimiz zaman müşahidə etdik ki, ərazidə xeyli sayda piştaxtalar tikilib. Piştaxtaların arxasında dayanan satıcılarla da söhbət etdik. Onlar bildirdilər ki, ticarət mərkəzi yanmazdan öncə “Diqlas”ın arxasında özlərinin şəraiti olub. Yanğın nəticəsində alov ticarət mərkəzindən kənara da keçib, həmin piştaxtalar da yanıb. Satıcılar bildirdilər ki, bazar rəhbərliyi onlara hörmət edib, yeni yerlərindən bir müddət pul almayacaqlarını deyiblər. Piştaxtalarda  çin istehsalı olan ucuz geyimlər, xırdavat məhsulları, uşaq oyuncaqları və digər bu kimi məhsullar satılır. Piştaxtalar qurulduqdan sonra “Diqlas”la “Lotos” arasındakı yol daralıb və oradan bazara gələnlərin keçməsi çətinləşib. Satıcılar bildirdilər ki, “Diqlas”ın yerində nə tikiləcəyini bilmirlər. Ancaq hesab edirlər ki, orada yenə də ticarət mərkəzi inşa olunacaq və piştaxtalarını yol kənarından söküb, yeni ticarət mərkəzinin içərisində quracaqlar.

“Diqlas”da malları yanan sahibkarlara gəlincə isə onlara  da dövlət tərəfindən ayrılan vəsait tamamilə ödənilib. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yayıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov tədbirlərin  birində jurnalistlərə açıqlamasında söyləyib ki, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında dəyən ziyanın inventarizasiyasi başa çatdırılıb və hazırda istintaq prosesi davam edir.  S.Məmmədov həmçinin bu tipli hadisələrin bir daha təkrarlanmaması üçün sahibkarlara öz əmlaklarını sığortalanmasını tövsiyə edib: ““Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub. Onlara dəyən ziyanın inventarizasiyasi başa çatdırıldı və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik".

Nazir müavininin sözlərinə görə, beynəlxalq təcrübəyə uyğun olaraq bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir: “Həmçinin belə hallar baş verdikdə sığorta mexanizmləri işə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir. Sözsüz ki, Azərbaycanda bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər”.

Hazırda ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb.

Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği  mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara - 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə,  binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə,  aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər...

Onu da qeyd edək ki, “Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, bina bərpa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın zamanı ölən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR