| Radikal dini qruplara qarşı çıxışlar əks tərəfin sərt cavabı ilə nəticələndi; kompromat savaşı böyüyür; müxalifət isə meydanın boşalmasını səbəb göstərir |
Dini mühitdə “çirkli xəbər” savaşı
Bu ilin əvvəlində Suriyada müxalif qruplar arasında savaşların başlaması hər iki tərəfdən öldürülən azərbaycanlıların da sayına təsir etdi. Hər gün öldürülən azərbaycanlılar barədə xəbərlər əvvəlcə mediada, daha sonra cəmiyyətdə həyəcan və nigarançılıqla qarşılandı. Ortada olan rəqəm də hürkütücü idi - 1 ay ərzində 14 azərbaycanlı gənc döyüşlərdə öldürülmüşdü. Yalnız bundan sonra mətbuatda hakimiyyətin Suriyada savaşan azərbaycanlılar, ümumiyyətlə, yerli radikal dini qruplarla bağlı hərəkətə keçəcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Bundan az sonra Suriyaya savaşçı göndərməkdə günahlandırılan sələfi icmasının liderləri arasında “cihadçı” çağırışlarla bağlı qarşılıqlı ittihamlar səsləndirildi. Qamət Süleymanov və Əlixan Musayevin ittihamları xeyli dərəcədə sərt idi. Hiss olunurdu ki, hakimiyyətdən təzyiq olduğu üçün sələfi qrupları məsuliyyətdən sığortalanmağa çalışırlar.
Kompromat savaşçıları
Az sonra bu prosesə rəsmi qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi qoşuldu. QMİ Qazılar Şurası fitva verərək Suriyada gedən savaşların müqəddəs müharibə olmadığını, orda ölənlərin isə şəhid sayılmadığını bəyan etdi. Eyni zamanda QMİ Azərbaycandan Suriyaya savaşçı göndərilən məscidlərlə bağlı ciddi tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq da etdi. Bu hadisədən sonra daha əvvəl sələfi icması daxilində başlayan informasiya müharibəsi şeyxə qarşı kompromat hücumları ilə zənginləşdi. Ardınca baş verənlər isə düşünülmüş informasiya müharibəsi idi. Ancaq bu müharibə əsasən çirkli informasiya, qaralayıcı xəbərlər üzrə aparılır. Məsələn, şeyxin fitvası ilə təxminən eyni vaxtda ANS-də radikal dini cərəyanlarla bağlı tənqidi material verildi və bundan sonra reportajın müəllifi Mirşahin Ağayev barəsində də mətbuata ləkələyici informasiyalar ötürüldü. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin radikal dini cərəyanlarla bağlı tənqidi bəyanatları quruma, onun rəhbərliyinə, eləcə də regional - Sumqayıt, Bakı - idarələrinin rəhbərlərinə qarşı kompromat hücumlarına rəvac verdi. Eyni zamanda radikal dini qrupları tənqid edən ruhani Hacı Şahin Həsənli və DQİDK keçmiş sədr müavini Elçin Əsgərovun barəsində də mediaya kompromatlar ötürüldü.
Müşahidələr onu deməyə əsas verir ki, bu informasiyalar planlı şəkildə, xüsusən də “youtube” və sosial şəbəkələrdən istifadə etməklə sürətlə yayılır. Çoxlu sayda şəxslər, qurumlar və mərkəzlər barədə kompromatların sürətlə hazırlanaraq müxtəlif istiqamətlərdən yayılması bu prosesi həyata keçirənlərin təcrübəli şəxs və ya şəxslər olduğunu göstərir. Aydın olan daha bir məqam ondan ibarətdir ki, kompromat savaşı aparan sələfi qruplar bu prosesə xeyli dərəcədə hazırlıqlı təsir bağışlayırlar. Hətta o dərədəcədə ki, ölkə mediası, rəsmi dövlət qurumları, dini icmalar bu kompromat hücumunun qarşısında dayana bilmədilər.
Bu prosesdə mediaya total “komment hücumunun” baş verməsi Azərbaycanda “vəhhabi”, “təkfirçi”, “xəvaric” və sair adlarla adlandırılan radikal dini qrupların xeyli dərəcədə yayıldığını və güclü şəbəkəyə sahib olduğunu göstərdi. Demək olar ki, bütün yazılara, müzakirələrə qatılan radikal dəstəkçilər çəkinmədən radikal fikriləri dəstəkləyir, əks fikirləri kəskin tənqid və təhqir edirlər.
Medianın udduğu “xəbər yemi”
Azərbaycanın yerli mediası ilk günlərdən, necə deyərlər, bu “yemi uddu”. Xüsusən də internet mediası göndərilən mənbəsiz, şayiə və ya qaralama məqsədli bilgi olduğu açıq görünən kompromatları xəbər etdi. Əlbəttə, bu cür kompromatları xəbər edən media orqanlarının əsas məqsədi ittihamlarla dolu xəbərləri qaçırmamaq olsa da, bununla əslində kompromat yayan qrupun məqsədlərinə özləri də bilmədən xidmət etdilər. İndi artıq kompromat arealı xeyli böyüyüb, xüsusən də geniş yayılan yeni media - internet saytları müxtəlif səbəblərdən bu cür kompromatları xəbər kimi yayırlar. Qaralama kampaniyası isə medianın bu marağına görə günü - gündən genişlənir. Bu məlumatlar bir qayda olaraq mənbələri göstərilmədən, qarşı tərəfin rəyi alınmadan yayılır və son illərdə kifayət qədər bölünən Azərbaycan cəmiyyəti bu cür kompromatları rahat şəkildə həzm edir.
Hazırlıqsız yaxalanan hökumət
Bu prosesdə aydın göründü ki, müvafiq dövlət və ictimai qurumlar bu istiqamətdə olacaq hücuma qətiyyən hazır deyilmişlər. Əvvəlcə ondan başlayaq ki, ölkənin əsas dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi böyük strukturuna və maliyyə imkanlarına rəğmən informasiya hücumuna hazırlıqsız yaxalandı. Şeyx haqda dövriyyəyə buraxılan kompromatlar ciddi şəkildə təkzib olunmadı, QMİ rəhbərinə yaxın adamların təkzib açıqlamaları isə əks effekt verərək, ciddi şübhələrə və yeni ittihamlara səbəb oldu. Bundan başqa, böyük imkanlarına baxmayaraq QMİ rəhbərliyinin radikal dini qrupları və onların yerləşdiyi məscidləri yalnız dövlətin imkanlarından istifadə etməklə hədələməsi, özü tərəfindən heç bir addım atmaması QMİ-nin dini qurum kimi xeyli dərəcədə zəif olduğunu, fəaliyyət göstərə bilmədiyini nümayiş etdirdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də kompromatlar qarşısında olduqca təsirsiz göründü. Dövlət Komitəsinin radikal dini qruplara qarşı ölkə boyunca maarifçilik seminarları keçirməsi hadisəsini kənara qoysaq, sağdan-soldan gələn xəbərlərə qarşı cavab zərbəsi vura bilmədi.
Milli Məclis üzvlərinin Suriyada savaş və radikal dini cərəyanlar məsələsinə ciddi reaksiya verməsi onu göstərdi ki, hakimiyyət tərəfindən bu mövzuda ciddi narahatlıq yaranıb. Ancaq indiki halda hakimiyyətin bu problemi necə həll edəcəyi ilə bağlı dəqiq konsepsiya yoxdur. Deputatların Suriyada savaşanlara cinayət işi açılması, radikallığı təbliğ edən saytların bağlanması, radikal sələfilərin daha çox yayıldığı ticarət mərkəzlərinin bağlanması kimi təklifləri bu axtarışların nəticəsi kimi görünür. Eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarovun bu barədə xəbərləri mətbuatdan izləməsi ilə bağlı açıqlaması, spiker Oqtay Əsədovun isə Quranın məclislərdə Azərbaycan dilində oxunması ilə bağlı fikirləri hakimiyyətin üst qatında mövzuya qətiyyən hazırlığın olmadığını göstərdi.
Siyasi hakimiyyətin və rəsmi medianın mövqeyi də xeyli dərəcədə maraqlı oldu. Aydın oldu ki, hökumət mediası bu mövzuda, yumşaq deyilsə, piyadadır. Rəsmi qurumların, hakimiyyətin ən yüksək pilləsindəki şəxslərin açıq şəkildə tənqid etdiyi və ya hücuma məruz qaldığı, dövlət üçün həyəcan təbili çalındığı bir vaxtda rəsmi mətbuat, telekanallar prosesdə demək olar ki, iştirak etmədilər. Yalnız müstəqil və qismən müxalif media bu prosesdə aktivlik göstərdi. Daha çox siyasi müxalifətə qarşı ixtisaslaşan hakimiyyət mediası radikal dini qrupların kompromat hücumları qarşısında hətta dövlət orqanlarının maraqlarını müdafiə edə bilmədi.
İndi gözlər təhlükəsizlik orqanlarına dikilib. Dövlət rəsmilərinin də açıqlamalarından belə görünür ki, hətta yüksək vəzifəli şəxslər də gözləyir ki, bu vəziyyətdən çıxış üçün əsas işi təhlükəsizlik orqanları görəcək. Şeyxülislam özü də şikayət gələn məscidlərlə bağlı çıxışında hüquq-mühafizə orqanlarına işarə edib. Hesab edirik ki, bu, çox yanlış və uğursuz yanaşmadır. Çünki hüquq-mühafizə orqanları bu kimi vəziyyətdə hərəkətə gələcək sonuncu vasitədir. Buna qədər ölkə ictimaiyyətinin, ictimai-siyasi qurumların, dini mərkəzlərin, təhsil qurumlarının, qanunvericilik orqanının və sairin görəcəyi çoxlu işlər var. Ancaq görünən odur ki, bu kimi vəziyyətə hazır olmayan (halbuki müstəqil ekspertlər, media illərdir bu barədə yazırdı) dövlət aparatı təhlükəsizlik orqanlarını irəli verməyə hazırlaşır, hər şeyi ənənəvi olaraq güc vasitəsilə “yoluna qoymaq” variantını seçir.
Bu kimi proseslərdə isə bu vasitə çox uğursuzdur və əks-effekt verə bilər. İndi belə demək mümkündürsə, cəmiyyət, dini və ictimai qurumların önə çıxması, necə deyərlər, güc qurumlarının görəcəyi işlərdən önə keçmələri lazımdır.
Müxalifət olanları meydanın boşalması ilə izah edir
Bu prosesdə nə qədər qəribə də olsa, Azərbaycanın siyasi müxalifəti kənarda qalıb. Azərbaycan siyasətçiləri baş verənləri necə dəyərləndirir? Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, dini mühitdə yeni proses baş vermir, sadəcə, siyasi gündəmin zəif olması, ortaya yeni mövzuları çıxarır: “Azərbaycanda dini vəziyyətin kəskinləşdiyini və yaxud da dini qruplar arasında qarşıdurmaların yeni müstəviyə qədəm qoyduğunu düşünmürəm. Vəziyyət əvvəlki kimidir. Sadəcə, siyasi qüvvələrin aktivliyi aşağı düşdükcə, dini sahədə baş verənlər mətbuat tərəfindən qabardılır. Bu aspektdən yanaşsaq, daha doğru olar. Hesab etmirəm ki, hazırda dini qurumlarla bağlı yeni situasiya var. Suriyada döyüşən və ya öldürülənlərlə bağlı xəbərlər yeni deyil. 1994-cü ildə çeçen-rus savaşında Azərbaycanın dini qruplaşmalarından vuruşanlar yox idimi? O dövrdə də olub, ondan sonrakı dövrdə də. Pankisi dərəsində də vuruşanlar arasında azərbaycanlılar vardı. 1997-98-ci illərdə dini qruplarla bağlı mətbuat kifayət qədər materiallar verirdi, bəzi dini qruplaşmalar serial qətllərdə ittiham olunurdu. Yəni 2014-cü ili dini qruplaşmaların savaşının yeni müstəviyə çıxdığı zaman hesab etmirəm. Bundan istifadə edənlər, gündəm yaratmaq istəyənlər var. Bunları siyasi müxalifətin küncə sıxışdırılmasının tərkib hissəsi də hesab etmək olar. Siyasi müxalifətin yerini dini qruplaşmaların tutması faktoru bəzən müxalifətin də işinə yarayır. Amma ümumiyyətlə Azərbaycanda dini qruplaşmalarla bağlı nəyin dəyişdiyi mənə aydın deyil”.
Hüseyn BƏYQARA






