İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN veteranlar şurasının sədri: "Azərbaycanın dövlət müstəqilliyini qoruya bilən gəncliyi var”

1720 19.06.2017 17:32 Ölkə A A

"Ölkəmizin bütün bölgələrində polis veteranlarının cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında fəaliyyətlərinin güclənməsinin şahidi oluruq. "

DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov bu yaxınlarda Göygöl, Ağstafa və Qazax rayonlarında olub, polis şöbələrinin şəxsi heyəti və həmin bölgələri təmsil edən ictimaiyyət, gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən bu görüşlərdə F.Süleymanov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi gənclər siyasəti, gənc nəslə diqqət və qayğısı gələcəyimizin qurucularına olan inam və etibarının ifadəsi idi. Ulu öndərimiz müstəqil düşüncəyə malik vətənpərvər nəslin yetişməsini qürur hissi ilə ifadə edərək deyib: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.”

F.Süleymanov daha sonra deyib ki, Azərbaycan xalqı qəhrəmanlıq ənənələrinə daim sadiqdir, öz vətənini qorumağa hazır olan mətin gənclər yetişdirir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının hünəri yaddaşlarda yaşayacaq. Gənc nəsil xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.

Tədbirdə iştirak edən DİN Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Laçın Paşayev polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətindən danışıb.

Görüşlərdə daha sonra dini ekstremizmin, radikal cərəyanların, separatçı meyllərin, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları və digər mövzulara da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR