İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN vergi işçisinin adam öldürməsi xəbərinə reaksiya verdi

2799 05.05.2014 18:28 Son xəbər A A
"Yeni Müsavat" qəzetinin 3 may 2014-cü il tarixli sayında dərc olunmuş yazıda cari ilin aprel ayında Abşeron rayonunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin açılmadığı, qəzanı törədən şəxsin himayə olunduğu barədə iddialar əsassızdır və həqiqətdən uzaqdır”. Bu açıqlamanı musavat.com saytına yazılı olaraq DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə göndərib. O, daha sonra bildirir: “Həqiqətən 12.04.2014-cü il tarixdə Abşeron rayonunun Fatmayi qəsəbəsinin ərazisində həmin qəsəbə sakini Zəka Məstəliyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə velosiped sürən həmyerlisi, 14 yaşlı Kənan Əliməmmədovu vurmuş, nəticədə sonuncu şəxs kəllə-beyin xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir. Məqalədə qeyd olunanların əksinə olaraq, faktla bağlı Abşeron RPŞ-nin İstintaq bölməsində dərhal CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aprelin 16-da Kənan Əliməmmədov xəstəxanada ölmüş, buna görə cinayət işi CM-in 263.2-ci maddəsinə tövsif olunmuşdur.
Məlumat üçün bildirirəm ki, sözügedən cinayət işi üzrə təxirəsalınmaz bir sıra istintaq-əməliyyat tədbirləri, o cümlədən hadisə yerinə baxış keçirilmiş, hadisəni törədən Zəka Məstəliyev şahid qismində dindirilmiş, digər şahidlərin də ifadəsi alınmışdır. Qəza baş verən zaman Z.Məstəliyevin içkili vəziyyətdə olması barədə həmin məqalədə səslənmiş fikirlər də araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin atası olan Abbasqulu Əliməmmədov istintaq orqanı tərəfindən zərərçəkmişin hüquqi varisi kimi tanınaraq dindirilmişdir.  Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmə-avtotexniki ekspertizası da təyin olunmuş, bu ekspertizanın rəyi alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcəkdir”.

Nəzərə çatdıraq ki, bir neçə gün öncə “Yeni Müsavat”a daxil olan məlumatda bildirilirdi ki, Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti Xüsusi Vergi rejimli müəssisələrin auditi şöbəsinin rəisi Zəka Məstəliyev Abşeron rayonunun Fatmayı kəndindəki bağ evinə gedərkən qəza törədib. Yüksək sürətlə hərəkət edən Z.Məstəliyev velosiped sürən Kənan Əliməmmədovu vurub. 

Mənbənin məlumatına görə, K.Əliməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: “Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qəzadan 4 gün sonra dünyasını dəyişib. Z.Məstəliyev əslən Fatmayıdan olsa da, özü şəhərdə yaşayır. Ancaq kənddə böyük bağ evi var və tez-tez kəndə gedib-gəlir”.

Mənbə onu da bildir ki, ortada ölüm faktı olmasına baxmayaraq faktla bağlı cinayət işi açılmayıb və Z.Məstəliyev azadlıqdadır: “Bu da kənddə müxtəlif şayiələrin yayılmasına səbəb olub. Bəzi şayiələrə görə, Z.Məstəliyevin azadlıqda olması vergilər naziri Fazil Məmmədovun onu himayə etməsi ilə bağlıdır. Hətta bəzi məlumatlara görə, hadisə baş verən zaman Z.Məstəliyev içkili vəziyyətdə olub”. 

M.MAHRIZLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR