İnsanlara hürriyət, millətlərə istiqlal!

Din-məzhəb qardaşlarına yiyə durmayanların indiki həşiri

1286 19.10.2019 09:30 Yazarlar A A

Ərəb dövlətlərinin Türkiyəyə qarşı tutduğu mövqenin adı nədir, yəqin ki, politologiya elmi yaxın zamanlarda bunun adını qoyacaq. Ancaq Türkiyəyə sığınaraq labüd qətliamdan, kütləvi zorlanmadan canını qurtarmış, bir-iki ildən sonra hansısa yolla qaçıb Avropaya sığınmış qaçqın ərəblərin ağız-ağıza verərək Türkiyəni pisləmələrinin bir adı var: nankorluq.

Türkiyə vaxtında sərhədləri açmasa, İŞİD və Əsəd vəhşətindən başılovlu, dəhşət içində qaçan milyonlarla binəsib qaçqını qəbul etməsə, bütün zamanların ən qanlı genosid aktı yaşanacaqdı.

O zamanlar bütün Avropa şokdaydı, hamı qaçqın dalğasının (artıq dalğa da deyildi, əsl sunamiydi) onları vuracağından qorxur, öz sərhədlərini bağlayırdılar.

Bəzi Avropa ölkələri (Macarıstan, İtaliya, Xorvatiya, Serbiya) suriyalı qaçqınlara keçid belə vermirdilər, verəndə də onları məftil hasarların içində, konvoylar altında, sağa-sola bir addım atmalarına imkan vermədən ötürürdülər. Macarıstanda bir jurnalistin suriyalı qaçqını təpikləməsi o dövləti idarə edənlərin müvafiq problemə münasibətinin göstəricisi idi.

Finlandiya, İslandiya kimi ölkələr haralardansa keçib ölkə ərazisinə gəlmiş, son pənah yeri kimi klsəyə sığınmış qaçqınları bağırda-bağırda xüsusi avtomobillərə oturdub birbaşa aeroporta aparır, gəldikləri ölkəyə deportasiya edirdilər.

İngiltərə qaçqın axınının qorxusundan, kvota üzrə qaçqın qəbul etmək öhdəliyi qəbul etməyin dərdindən bütün Avropadan üz döndərməyə hazır idi, sonda elə də etdi.

Fransa və Almaniya suriyalı qaçqınları qəbul edib yerbəyer etmək üçün Türkiyəni bir neçə milyardlıq yardım edəcəkləri ilə şirnikləndirirdilər.

Avropanın nisbətən kasıb ölkələri qaçqınların bu yerlərdə bənd almayacaqlarını bilsələr də, əndişəli idilər.

Yunanıstan bərə rolunu oynayırdı deyə, o qədər də narahat deyildi. Çünki suriyalı qaçqınlar bu kasıb, iqtisadi problem içində boğulan ölkədən onlara pasiban çıxmayacağını bilirdilər.

Belə bir durumda illərdən bəri AB-yə qəbul edilməyən Türkiyənin fədakarlığı, səxavətliliyi, humanizm dəyərlərini əsas tutması bütün Avropa Birliyini xilas etdi.

Türkiyə ona vəd olunan 3 milyard avronu Avropadan ala bilməsə də, özü qaçqınları yerləşdirmək, qidalandırmaq üçün 50 milyard dollardan çox ziyana düşdü.

Bu ölkələr 3,5 milyon qaçqını öz aralarında bölüşdürüb yerləşdirmək, ərzaqla təmin etmək, yerli cəmiyyətə adaptasiya etdirmək üçün daha böyük xərclər çəkəcək, daha ciddi problemlərlə üzləşəcəkdilər.

Suriyalı qaçqınlar Türkiyəyə yaşatdıqları oyunların 10 qatını Avropa ölkələrinin başına gətirəcəkdilər. Bu qaçılmaz idi. Çünki toplumlar arasında çulğaşmaz mədəniyyət, dünyagörüş, zehniyyət fərqi vardı.

İndi hamının şələsi belinə düz gəlib, Suriyanın ərazi bütövlüyünün dərdini çəkir, Türkiyə ordusunun Suriya ərazisində 5-10 kilometr irəliləməsini işğal adlandırırlar.

Bəs o vaxt Türkiyə də başqa dövlətlər kimi etsəydi, necə olardı? Yuxarıda dedik, böyük faciələr olardı. Ən əsası Türkiyə ictimaiyyəti dövlətin sərhədlərinin düz yanında baş vermiş qətliamlara görə Türkiyə hakimiyyətini qınayardı.

Bu gün özünü “ərəb təəssübkeşliyi” kampaniyasının əsas oyunçusu kimi aparan və Türkiyəyə diş qıcayanların başında gələn Səudiyyə Ərəbistanı bu qədər Suriya dərdi çəkən idisə, heç olmasa bir dəvə karvanı qədər suriyalı qaçqın qəbul edibmi? Etməyib. Əksinə, Suriyanın parçalanmasına fitva verən, 4-5 milyon insanın qaçqın-köçkünə çevrilməsinə səbəb olan ölkələrdən biri məhz Səudiyyə krallığı idi.

Misir, İordaniya, BƏƏ, Oman və başqa qara-qışqırıq salan ölkələr də eləcə. Heç biri zamanında öz din-məzhəb qardaşlarına yiyə durmadılar, onların taleyini Türkiyənin insafına buraxdılar, amma indi ABŞ-ın, Qərbin dirijor çubuğu ilə qeyrətə gəliblər.

Ərəb dövlətlərinin dünya siyasətindən bildikləri budur. Nə heç zaman düz-əməlli birləşə bilmirlər, nə doğru-düzgün hədəf müəyyənləşdirirlər, nə də dostluqları, düşmənlikləri bəlli olur. Və həmişə kiminsə maşası olurlar.

Ara yerdə gözəl Türkiyə nə günlərə qaldı, nə qədər vəsait itirdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR