İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-in “21:00-dan sonra evdə qalın” çağırışına reaksiya – “Fövqəladə vəziyyət elan olunmalı idi...”

1544 15.04.2020 14:35 Ölkə A A


“Daxili İşlər Nazirliyi vətəndaşlara axşam saat 9-dan sonra küçəyə çıxmamağı tövsiyə edir”. Qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirib ki, küçəyə çıxmaq üçün iş yerindən arayışı olanların bəziləri bu hüquqdan sui-istifadə edirlər.

Azərbaycanda yayılan koronavirus epidemiyasına görə baş nazirin qərarı ilə aprelin 5-dən hərəkət məhdudiyyəti tətbiq edilir, küçəyə çıxmaq üçün xüsusi icazə almaq tələb olunur. Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Tövsiyəyə əməl olunmasa, vətəndaş cərimə oluna bilər”

Daxili İşlər Nazirliyi bildirir ki, karantin rejimində hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti bu hüquqdan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmirlər. DİN tələb edir ki, iş vaxtı və ya icazə müddəti başa çatdıqdan sonra vətəndaşlar yaşadıqları ünvana qayıtsınlar. DİN icazə hüququndan sui-istifadə edənləri inzibati məsuliyyət gözlədiyini bəyan edib. Qurum həmçinin SMS-lə küçəyə çıxanlara tövsiyə edir ki, fərdi nəqliyyatdan istifadə etməsinlər, axşam saat 9-dan sonra çölə çıxmasınlar. Tövsiyəyə əməl olunmasa, vətəndaş cərimə oluna bilər. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov vətəndaşlar tövsiyələrə əməl etməyə çağırıb, “evdə qalmağa” dəvət edib.

Daxili İşlər Nazirliyi qadın işçi AXTARIR - 750 manat maaş - modern.az

Hazırda bu xüsusda müzakirə olunan mövzulardan biri də tətbiq olunan məhdudiyyətlərin - Xüsusi Karantin Rejiminin Fövqəladə Vəziyyətlə fərqi ilə bağlıdır. Komendant saatının bu 2 tədbirdən hansına aid olunması da ayrıca verilən suallardandır. “Yeni Müsavat” əməkdaşı müzakirə mövzusu ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.

“Epidemiya fövqəladə vəziyyəti zəruri edən səbəblərdən biridir”

Əkrəm Həsənov deyib ki, Azərbaycan Konstitusiyasına görə dövlət müəyyən hallarda fövqəladə vəziyyət elan edə bilər: “Bu halda prezident müvafiq fərman verməli, parlament həmin fərmanı təsdiq etməlidir. Tətbiq olunan hər hansı məhdudiyyət insanların hüquqlarının və azadlıqlarının (hərəkət azadlığı, müəyyən fəaliyyətlə məşğul olmaq hüququ və s.) məhdudlaşdırılması deməkdir. Həmin hüquq və azadlıqlar Konstitusiyamızda təsbit edildiyi üçün məhz ona da müraciət etməliyik. Belə ki, Konstitusiyamızın 71-ci maddəsinin II və III hissələrində deyilir: “II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Əkrəm Həsənov bankın Kreditorlar Komitəsinin sədri seçildi

III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir”.

Əslində, yaranmış mübahisə sözügedən maddənin hansı hissəsinin - II, yoxsa III tətbiq edilməsi ilə bağlıdır.

1. Hökumətin mövqeyi təxmini belədir ki, II hissəyə əsasən hüquq və azadlıqları qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırmaq olar. Müvafiq qanun da “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanundur. Belə ki, onun 25-ci maddəsinin üçüncü hissəsində deyilir: “Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər”.

2. Əks mövqe isə ondan ibarətdir ki, Konstitusiyamızın 71-ci maddəsinin II və III hissələrini fərqli (müxtəlif) əsaslar kimi deyil, vahid şəkildə başa düşmək lazımdır. Yəni III hissə II hissənin ardıdır və sonuncunu konkretləşdirir. Buna görə də nəzərə alaraq ki, Konstitusiyanın “Fövqəladə vəziyyət tətbiq edilməsi” adlı 112-ci maddəsinə görə fövqəladə vəziyyətin tətbiq edilməsinin əsaslarından biri epidemiyaların baş verməsidir, koronavirusla bağlı məhz fövqəladə vəziyyət tətbiq olunmalıdır”.

Əkrəm Həsənov sonuncu mövqenin tərəfdarı olduğunu, hüquq normalarını sistemli şəkildə təfsir etmək vacibliyini vurğulayıb: “Digər tərəfdən isə III hissədən fərqli olaraq, II hissədə yalnız məhdudlaşdırmanın əsasının harada təsbit olunması vurğulanır. Bu baxımdan da II hissə sadəcə ümumi xarakterli müddəadır, yəni konkret deyil. Nəhayət, “Sanitariya epidemioloji salamatlıq haqqında” Qanunun sözügedən müddəası müvafiq səlahiyyəti nəinki hökumətə, hətta həkimlərə də verir. Özü də orada söhbət “müvafiq ərazilərdə və ya obyektlərdə” rejimin tətbiqindən gedir. Yəni problemin olduğu yerdə. Bütün ölkə üzrə yox!”

Guya hökumət pul xərcləməmək üçün fövqəladə vəziyyət elan etmir?

Əkrəm Həsənov deyib ki, ortada pis-yaxşı, amma hökumətin də əsaslı mövqeyi var: “Sadəcə, tətbiq edilən məhdudiyyətlərin rəsmiləşdirilməsi forması düzgün seçilməyib. Karantin rejiminin əvəzinə fövqəladə vəziyyət elan olunmalı idi. Eyni zamanda tətbiq edilən məhdudiyyətlərin məzmununa və zəruriliyinə şübhə yoxdur. Bu və ya digər şəkildə həmin məhdudiyyətləri demək olar ki, indi bütün ölkələr tətbiq edir. Bu baxımdan da sırf formanın pozulmasının mübahisələndirilməsinin məqsədi nə ola bilər? Belə bir iddia var ki, səbəb “Fövqəladə vəziyyət haqqında” Qanunun 22-ci maddəsinin tətbiqindən yayınmaqdır. Həmin maddədə deyilir: “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün yardım və digər zəruri kömək göstərilir”. Yəni guya hökumət pul xərcləməmək üçün fövqəladə vəziyyət elan etmir.

“Hökumət onsuz da müvafiq iqtisadi yardımın ediləcəyini artıq bəyan edib”

Halbuki, hökumət onsuz da müvafiq iqtisadi yardımın ediləcəyini artıq bəyan edib, tədbirlər planını da dərc edib, layihələr üzərində iş gedir, bir sıra yardımın edilməsinə isə artıq başlanılıb. Bəli, narazı olanlar da var. Deyirlər ki, ediləcək yardımın həcmi azdır. Razıyam ki, bəyan edilən həcm azdır. Lakin böyük ehtimalla tədbirlərin ardı da olacaq. Digər tərəfdən, elə ölkə varmı ki, əhali yekdilliklə hazırda hökumətin gördüyü tədbirlərdən razı olsun? Xeyr! Narazı olanlar olub, var və həmişə olacaq! Hökumətin niyə məhz karantin rejimini tətbiq etməsinin səbəbini mən bilmirəm. Ola bilər ki, səmimi olaraq yuxarıda qeyd etdiyim mövqeyinin haqlı olduğunu zənn edir. Ola bilər ki, sırf “fövqəladə vəziyyət” termininin əhalini 30 il öncəki acı xatirələrə qərq edərək təşvişə salmasından ehtiyat edirlər. Başqa səbəblər də ola bilər.

Əsas bu deyil. Əsas, görülən tədbirlərin səmərəliliyidir. Əksər ölkələrlə müqayisədə Allahın izni və görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirus geniş vüsət almadı, bu bəladan nisbətən yüngül qurtulmaqdayıq. Bu baxımdan sadəcə, prinsip naminə tətbiq edilən tədbirləri mübahisələndirmək, məhkəməyə müraciət etmək nə dərəcədə doğrudur?! Mən hələ işin perspektivindən danışmıram. Böyük ehtimalla, belə mübahisələndirmə uğursuz olacaq. Özü də yalnız Azərbaycan məhkəməsində deyil, həmçinin Avropa İnsan Haqları Məhkəməsində də. Çünki ədalət və məqsədəuyğunluq baxımından kiminsə bu vəziyyətdə məhkəməyə müraciət etməsi birmənalı məsələ deyil. İnkişaf etmiş ölkələrdə belə məhkəmələr bu cür hallarda konkret şəraiti nəzərə alaraq qərar qəbul edirlər. Almaniyada “azad hüquq”, ABŞ-da “hüquqi realizm” və s. adlı hüquq nəzəriyyələrini rəhbər tutaraq hakimlər belə hallarda qanunun hərfini deyil, mövcud hüquq siyasətini rəhbər tuturlar. Odur ki, bu mövzuda ifrata varmağın əleyhinəyəm. Koronavirusla mübarizə hazırda bir nömrəli məsələdir. Buna görə də hüquqi formalizm, siyasi ambisiyalar və s. məsələlər kənara qoyulmalıdır. Birgə səylərimizlə bu bəladan xilas olmalıyıq. Əqidəmizdən asılı olmayaraq hökumətə dəstək verməliyik”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR