İnsanlara hürriyət, millətlərə istiqlal!

DİASPOR NAZİRİ MTN-çi AİLƏLƏRİNİ KÜÇƏYƏ TÖKDÜ

3527 04.04.2010 09:13 Ölkə A A

“Galaxy Palace” biznes mərkəzini İbrahimov qardaşları tikdirir

Aksiyaçılar qəzetimizə açıqlamalarında söylədilər ki, Həsən Əliyev küçəsindəki 3 yaşayış binasının yerini Nərimanovun icra başçısı Abidin Fərzəliyev satıb. Bina sakini Əhməd Quliyev söylədi ki, ərazidəki 3 yaşayış binasında Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları qalır: “Binalarımız şəhərin mərkəzi hissəsində yerləşdiyindən bura göz tikiblər. Bu evləri vaxtı ilə mərhum prezident Heydər Əliyevdən almışıq. Evlərimizin bütün sənədləri qaydasındadır. Binamızın yanında 42 saylı körpələr evi və uşaq bağçası var. Üç binanın əhatəsindəki kiçik park həmin uşaq bağçasına aiddir. Eyni zamanda bu həyətdə biz bina sakinləri də istirahət edirik. İcra başçısı qanunsuz olaraq bütün bu əraziləri İbrahimov qardaşlarına məxsus ”Galaxy Palace" MMC-yə biznes mərkəzinin tikintisi üçün satıb. Üstəlik bu barədə martın 10-da 67 saylı sərəncam da imzalayıb".
Bina sakini dedi ki, sözügedən şirkətin rəhbər işçiləri binaların blokuna bu sərəncamı yapışdıraraq onlardan evlərindən çıxmalarını tələb edirlər: “Sözügedən şirkət 29.10.2009-cu il tarixli, 02/02 saylı məktubla  Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Akademik Həsən Əliyev küçəsində fərdi layihəyə uyğun müasir tələblərə cavab verən biznes mərkəzinin tikintisinə icazə verilməsi haqda müraciət edib. Şirkətin qaldırdığı məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış, Memarlıq və Şəhərsalma baş İdarəsinin 01.02.2010-cu il tarixli, 18/03-8/203 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və aparılacaq inşaat işlərinin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir".

“Galaxy Palace” MMC  Hacıbala Abutalıbovu “görüb”

Bina sakinləri söylədi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əraziyə baxış keçirmədən sözügedən şirkətə tikinti üçün sərəncam veriblər. Hətta sakinlərdən biri söylədi ki, Nazim İbrahimovun adamı olduğu söylənən Vaqif adlı şəxs onlara deyib ki, bu işə razılıq verməsi üçün H.Abutalıbova milyonlar veriblər: “Vaqif adlı şəxs bina sakinlərinə dedi ki, məni MTN-lə, DİN-lə, prezidentlə qorxutmayın. Bu işə görə yuxarı dairələrə milyonlar vermişik. Biz pulumuzu çıxarmalıyıq”.
Sakinlər bizi beşmərtəbəli biznes mərkəzinin layihəsi ilə də tanış etdilər. Biznes mərkəzi həyətyanı ərazidə olan su anbarının üstündə tikiləcək. Şirkət bu kiçik ərazidə isə həm biznes mərkəzi, avtomobil dayanacağı , həm də sakinlərin istirahəti üçün park tikəcəyi ilə bağlı öhdəlik götürüb. Keçmiş MTN əməkdaşı Sahib İmamverdiyev bunun mümkün olmayacağını söylədi: “Layihədə nəzərdə tutulan ərazidə bir-iki şam ağacı, dörd skamya var. Şirkət vəd etdiklərini bu ərazidə necə tikə bilər?  Bu ölkənin təhlükəsizliyi üçün çalışıb-vuruşan adamlara göstərilən ögey münasibət göz qabağındadır. Biz ”Galaxy Palace" MMC, Nərimanovun icra başçısı Abidin Fərzəliyev, diaspora naziri Nazim İbrahimov, mer Hacıbala Abutalıbov barədə ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayacağıq. Tikinti şirkətini isə artıq məhkəməyə vermişik. İşi hazırda Nərimanov Rayon Məhkəməsi araşdırır".

“Polis məni itələdi, ürəyim getdi”

Qarşıdurma nəticəsində xəsarət alan bina sakinin Məleykə xanım, Lada Əsədova və Nadejda Əsədova, polis əməkdaşlarının onlarla kobud rəftar etdiklərini söylədilər. Məleykə xanım dedi ki, binanı hasarlamağa etiraz edərkən polis və icra nümayəndələri ona mane olmaq üçün qolunu burub. Mərhum atası keçmiş MTN işçisi olan Lada Əsədovanı itələyib yerə yıxıblar, anası Nadejda Əsədovanın isə ürəyi gedib.
Səhərə kimi binalarının həyətində növbə çəkəcəklərini söyləyən sakinlər, binalarını hasarlamağa qoymayacaqlarını söylədilər. Məsələ ilə bağlı diaspora naziri Nazim İbrahimovla əlaqə saxlasaq da, çoxsaylı zənglərimizə cavab vermədi. Qarşı tərəf kimi diaspora nazirinin və “Galaxy Palace” MMC-nin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR