İyun ayında Azərbaycanda Avropa Oyunları keçiriləcək. Dünyanın diqqət mərkəzində olan bu böyük tədbirə Azərbaycan ciddi şəkildə hazırlıqlarını davam etdirir. Qeyd edək ki, olimpiya oyunlarında olduğu kimi, Avropa Oyunlarında da böyük təntənəli açılış mərasiminin keçiriləcəyi, mərasimdə dövlət rəhbərliyi, idman ictimaiyyətinin nüfuzlu simaları, müxtəlif xarici ölkələrdən rəsmi qonaqların iştirak edəcəyi bildirilir.
Dünən isə xəbər yayılıb ki, Avropa Oyunlarının açılış mərasiminə Azərbaycandakı bir sıra müxalifət partiyalarının sədrləri də dəvət edilə bilər. Xəbərdə qeyd olunur ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyalar arasında keçirilən görüşlərdə iştirak edən partiyaların sədrlərinin Avropa Oyunlarına dəvət edilməsi gözlənilir.
Ölkədəki siyasi sistemdə müxalifətə də önəm verildiyini dünyaya nümayiş etdirmək üçün bu addımın atılmasının lazımlı olduğu deyilir.
Yayılan xəbərlə bağlı dialoqda iştirak etmiş bir neçə müxalifət partiyasının sədri ilə danışdıq. “Dəvət olunsanız iştirak edəcəksinizmi?
Ümumiyyətlə, ölkəmizin imici baxımından buna zərurət varmı” sualları ilə müraciət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, idmana marağı yoxdur, amma siyasi baxımdan əgər dəvət olsa, iştirak edəcək: “Belə hesab edirəm ki, bu cür tədbirlərdə iqtidarla yanaşı müxalifətin də iştirakı, sadəcə olaraq, Azərbaycan haqqında yaxşı fikirlər yarada bilər. Bu, nə iqtidara, nə də müxalifətə əskiklik gətirə bilər. Müxalifət də gərək bu cür çağırışlara müsbət cavab versin, hakimiyyəti pis vəziyyətdə qoymasın. Eləcə də iqtidar da müxalifəti əgər bu tədbir dəvət edəcəksə, protokola uyğun dəvət eləməlidir. Bizə sadəcə deyilsə ki, get harda istəyirsən otur, yarışı izlə bu, dəvət hesab oluna bilməz. Əgər dəvət olacaqsa, rəsmi dövlət nümayəndələri ilə eyni yerdə iştirak eləməlidirlər”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə qısa münasibət bildirib: “Bu nə sizdən, nə də bizdən asılı olan məsələdir. Əgər Təşkilat Komitəsi, hakimiyyət dəyərləndirəcəksə, şübhəsiz ki, bizim də tərəfimizdən dəyərləndiriləcək”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, şəxsən bir-iki idman yarışlarını-güləş, boks və atıcılıq üzrə keçirilən yarışları izləmək niyyətindədir: “Ölkəmizdə olan bu səviyyəli yarışları adətən izləyirəm. Avropa Oyunlarının açılışına dəvət olunaramsa iştirak edərəm. Hesab edirəm ki, bu cür tədbirlərdə, milli məsələlərdə siyasi palitranın bir yerdə olması həm ölkənin imici, həm milli maraqlar baxımından əhəmiyyət kəsb edir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, Avropa Oyunları Azərbaycanın təbliğatı baxımından mühüm hadisədir. Bu tədbir ölkəmizin dünyada təbliğ olunması üçün çox önəmli bir fürsətdir: “Əgər o tədbirin açılış mərasiminə dəvət alaramsa, təbii ki, həmin mərasimə qatılacağam. Orada Azərbaycan müxalifətini və siyasi sistemi təmsil eləmək lazımdır. Çünki dünya mediası həmin dövrdə Azərbaycanı bütün seqmentlərdə müşahidə edəcək. Bizim partiya ölkədə qarşıdurma siyasətinin yanlış olduğunu, uğursuzluğa gətirib çıxardığını və bu üsulla mübarizəni qeyri-effektiv üsul hesab edir. Dialoqda iştiraka bu baxımdan müsbət yanaşırıq və dialoqda iştirak bizim məhəlli maraqlarımıza xidmət etmir. Bu bizim strateji xəttimizdir. Biz şəffaf iqtidar-müxalifət münasibətlərinin tərəfdarıyıq”.
Etibar SEYİDAĞA