İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyişən dünya, Azərbaycanın reaksiyası və başqalarının təcrübəsi: 1991-ci ildən 2019-cu ilədək

2307 13.06.2019 14:34 Analitika A A

Geosiyasətdə səhvlər və uğurlar haqda

 

Azərbaycan yeni geosiaysi tarazlıq quruculuğunda

Biz bir qayda olaraq pensiyalar, təqaüdlər, maaşlar artanda, evlər veriləndə hakimiyyətin qəbul etdiyi qərarları bəyənir və alqışlayırıq. Ona görə ki, bu qərarların nəticələrinin cibimizdə və başımızın üstündə görürük, onlara toxuna bilirik. Amma, sadaladıqlarımdan daha böyük, daha ciddi və böyük təhlükələri bərtərəf edən elə qərarlar var ki, biz onları bəzən görmür və qiymətləndirmirik. Halbuki, böyük geosiyasi qərarlar olmasa, sabitlik, rifah, iş, maaş, pensiya və evlər də ola bilməz. Bu yazı qlobal dəyişikliklər və Azərbaycanın ona verdiyi reaksiya haqqındadır.

Dünya 1940-50-ci illərdə, daha sonra 1988-1990-cı illərdə yaşanmış qlobal geosiyasi dəyişikliklərlə müqayisə olunan geosiyasi yerdəyişmələr dövrünü yaşanır. 1945-1991-ci illərdə Dünya ikiqütblü idi. 1991-ci ildən Z.Bjezinskinin fikrinə görə 2006-cı ilədək, 15 il ərzində, dünya Amerikanın liderliyi ilə Birqütblülük dövrünü yaşadı. İkinci Corc Buşun prezidentliyi dövründən dünya çoxqütblülüyə keçidə başladı. 2014-cü ildən isə dünya faktiki çoxqütblü oyun qaydalarını açıq şəkildə müşüahidə etməkdədir. Təbii ki, həmişə olduğu kimi Birqütblü dünyadan Çoxqütblü dünyaya keçid  ağrılı gedir: ticarət müharibələri, Qara dəniz, Ukrayna və Suriya böhranları, nüvə təhlükəsinin artması və s. gərginliklər yaşanmaqdadır. Əvvəlki İittifaqlar dağılır və yeniləri formalaşır və s.

Britaniya Aİ-dan çıxır, ABŞ Avrasiyada yeni rəqiblərlə üzləşir və “qloballaşma ideologiyası”ndan imtina edərək neokonservatizmə üstünlük verir, qlobal siyasətini köklü şəkildə dəyişməkdədir. Amerika öz müttəfiqləri, hərbi bazaları, aviadaşıyıcıları və NATO, nəhayət iqtisadi gücü və dollar vasitəsilə Avrasiyaya təsir edir.

Ancaq artıq Avrasiyada 3 əsas aparıcı oyunçunun aktivliyi diqqəti cəlb edir: Çin, Avropa İttifaqı (Aİ) və Rusiya. Və bu sonuncular yeni bir geosiyasi konfiqurasiya olan Berlin-Moskva-Pekin üçbucağını formalaşdırmaqdadırlar. Situasiyaya uyğun olaraq bu üçbucaq Pekin-Moskva-Ankara formatı da ala bilər. Azərbaycan öz strategiyasını elə qurub ki, hər iki formatda özünün dividedndlərin götürə və milli təhlükəsizliyini təmin edə bilər.

ABŞ isə “Beş göz” adlanan anqlosakson beşliyini – ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanı, nəhayət İsraili sıx birləşdirmək siyasəti yürüdür.

Bizim üçün ən maraqlısı Azərbaycanın bu yeni formalaşmaqda olan dünya düzəninə necə reaksiya verməsidir.

Prezident İlham Əliyev əsas konturları 2014-cü ildən görünməyə başlayan bu geosiyasi yenilənmənin nəbzini dərhal tutdu və dərhal da reaksiya verdi.  Azərbaycan Prezidenti 2015-ci ilin dekabrında Pekində Birinci Kəmər və Yol Forumuna dəstək verdi və Çinlə münasibətləri yeni səviyyəyə qaldırdı. 2019-cu ildə Pekindəki İkinci Forumda isə Azərbaycan Prezidenti artıq xüsusi qonaqlar qismində qəbul edildi. Çin Prezidenti ilə görüşdə mühüm strateji əhəmiyyətli bəyanatlar verildi. İkitərəfli qaydada 820 milyon dollar dəyərində müqavilələr imzalandı. Bunun ardınca ilk dəfə Çinin xarici işlər naziri Bakıya səfərə gəldi. Çin ən yüksək – həm Ptrezident, həm də xarici işlər naziri səviyyələrində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Avrasiyanın ən strateji quru ticarət marşurutlarından biri kimi Azərbaycan müəyyənləşdirildi. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında və 2019-cu ilin aprelində Pekinə səfərləri və Aİ ilə münasibətləri yeni səviyyəyə yüksəltməsi Azərbaycan Prezidentinin yeni qlobal dəyişikliklərə vaxtında verilmiş, rasional–praqmatik reaksiyasıdır.

Paralel olaraq son iki ildə Aİ ilə də münasibətlər sürətlə yaxınılaşmağa başladı. Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinə dair sənəd imzalandı. Strateji çərçivə sazişinin isə “95%-I razılaşdırılıb”. Azərbaycan Aİ-nin əsas sponsor olan Almaniya ilə münasibətləri bərəbərhüquqlu əməkdaşlıq prinsipləri üzərində tənzimləyə bildi. Almaniya Kanslerinin Azərbaycana ilk səfəri bu normallaşmanın əhəmiyyətli bir simvolu idi. İyunun 12-də isə Bakıda Azərbyacan-Almaniya-Türkiyə-ATƏT PA formatında Bakı Parlament Platforması təsis edildi. Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə işgüzar səfəri Fransa ilə münasibətlərə müsbət təsirini göstərməkdədir. Son günlər Fransada qondarma “DQR” ilə əyalətlər səviyyəsində imzalanmış “dostluq xartiyaları” dalbadal qanunsuz aksiya kimi ləğv edilir. İtaliya ilə də münasibətlər strateji xarakterlidir və möhkəm iqtisadi bazaya da malikdir.

Rusiya Prezidenti Vladimir Putinin Bakıya 2018-ci ilin sentyabrında son səfəri, genişmiqyaslı biznes-forum və İran və Rusiya ilə birlikdə Xəzərin statusuna dair Konvensiyanın qəbul edilməsi bu tarazlığı regional səviyyədə təmin etdi.

ABŞ və Britaniyanın iştirakı ilə “Beş göz” və İsraillə Azərbaycanın dərin strateji əməkdaşlığı var. Bu qütb Azərbaycanın strateji sayılan enerji və təhlükəszlik sahələrində əsas tərəfdaşlarıdır.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti yeni qlobal qüvvələr nisbətində öz ölkəsinin ətrafında milli maraqlara uyğun yeni tarazlıq nöqtələri axtarır və onları tapa bilir. Prezident İlham Əliyev dəyişən situasiyaya reaksiya verərək sürətlə Brüssel və Pekin istiqamətlərində əlaqələri yeni səviyyəyə qaldıraraq daha möhkəm tarazlıq yaratdı və öz ölkəsinin hər iki səviyyədə- qlobal və regional səviyyələrdə təhlükəsizliyini təmin etdi.

İndi elə bir mərhələ başlayıb ki, Avrasiyanın taleyinə Çin, Aİ və Rusiya böyük təsir gücünə malik olurlar. Məhz bu 3 güc mərkəzi Avrasiyanın iqtisadi, deməli, həm də siyasi və hərbi təhlükəsizliklə bağlı taleyini həll edirlər. Azərbaycan isə Avrasiyanın nəqliyyat qovşağıdır. Prezident İlham Əliyev Avrasiyanın bütün qitisadi və hərbi güclərinin maraqlarını bu qovşağın ətrafında birləşdirməyə çalışır. Təbii ki, bəzi məqamlarda bir və ya iki qütbün marağı başqa bir qütbün marağı ilə eyni nöqtədə, yəni Bakıda üst-üstə düşməyə bilər. Belə vəziyətlərdə İlham Əliyev ustalıqla maraqları uzlaşan qütblərlə, uzlaşdırılmayan qütb arasında “əks qüvvələrin bir-birini tarazlaşdırması” metodu ilə sabitliyi qoruya bilir. Bu daimi bir tənzimləmə prosesidir.  Ona görə ki, Qovşaq həm böyük iqtisadi və siyasi üstünlüklər verir, eyni zamanda da böyük təhlükələri özünə cəlb edir. Geosiyasi hesablama dəqiq olduğu təqdirdə Azərbaycan dünyadakı yeni dəyişiklik mərhələsindən qazancla çıxa, səhv hesablama isə, əksinə, ciddi siyasi və hərbi kataklizmlərə yol aça bilərdi.

Prezident İlham Əliyevin 2018-2019-cu illərdə geosiyasi mənaları da ehtiva edən son addımları göstərir ki, ölkəmiz dəyişikliklərə son dərəcə dəqiqliklə reaksiya verir və bundan iqtisadi və siyasi dividendlər götürməkdədir. Dividendlər haqda bir qədər sonra söz aşacağıq. Ancaq hazırda nə baş verir və geosiyasi dəyişiklikləri vaxtında və düzgün qiymətləndirməmək xalqları hansı fəlakətə sürüklədiyi haqda tarixdəki nümunələrə nəzər salaq.

Hazırda yaşadığımız mərhələ 1988-2000-ci illərdəki qlobal dəyişikliklərin oxşarıdır. Amma o zaman birqütblü dünya formalaşırdısa, indi əksinə proses gedir:  çoxqütblü dünya formalaşır.

Belə keçid dövrləri ilk baxışdan görünməyən böyük təhlükələrlə doludur və sanki minalanmış sahədən keçidə bənzəyir. Burada kiçik və orta həcmli, amma, strateji əhəmiyyətə malik ölkələr səhv siyasət zamanı toqquşma, doğru siyasət yürüdüldükdə isə əməkdaşlıq və inkişaf məkanına çevrilə bilərlər.

Tarixə baxaq!

2014-cü il: Ukraynanın geosiyasi xətası

2013-cü ilin noyabrından 2014-cü ilin fevralına qədər davam etmiş Maydan hərəkatı zamanı yetişməmiş geosiyasi dəyişikliyə səbəb oldu. Nəticədə Ukrayna mərkəzəd olmaqla Avropanın şərqində dərin Krım böhranı yarandı. Ukraynanın şərqində müharibə başladı. Bu böhrana Avropa, Rusiya və Amerika da cəlb olundular. Ukrayna dövləti bütövlükdə milli böhrana mərhələsinə daxil oldu.

Səddam Hüseynin geosiyasi xətası və nəticələri

Məsələn, Səddam Hüseyin 1989-90-cı illərdə dünyada gedən geosiyasi dəyişikliklərin nəbzini tuta bilməməklə ən böyük xətasını etdi. Küveytə müdaxilənin təməlində məhz geosiaysi qüvvələr nisbətinini səhv hesablanması dururdu. S.Hüseyn SSRİ-nin öz fövqəldövlət statusunu itirdiyini və Amerika Birləşmiş Ştatlarının yeni dünya nizamının liderinə çevrildiyini görə bilmədi. O SSRİ-nin Küveytə müdaxiləni pisləyəcəyi və BMT TŞ-də ABŞ-ın irəli sürdüyü qətnaməni dəstəkləyəcəyini proqnozlaşdırmırdı. Əksinə, ümid edirdi ki, İraq ordusunun Küveytə müdaxiləsindən sonra SSRİ ilə ABŞ arasında yeni konfrantasiya mərhələsi başlayacaq. Nəticə həm İraq xalqı, həm də Səddam Hüseynin özü üçün çox faciəli oldu.

Hafiz Əsədin geosiyasi praqmatizmi

Ancaq Suriya  prezidenti Hafiz Əsəd çox böyük ustalıqla qlobal geosiyasətin nəbzini tutdu və indi təəccüblü görünsə də, 1990-cı ildə Suriya ABŞ-ın rəhbərlik etdiyi anti İraq koalisiyasında yer tuturdu. Gündəlik siyasi proseslərin içərisindən yuxarı qalxıb qlobal geosiyasi nəbzi tutmağın və yaxud da geosiyasi hesablamanı səhv aparmağın öz xalqına, onun gələcəyinə iki təsir nümunəsi budur.

Bəşər Əsədin xətası və qurtuluşu

Bəşər Əsəd isə ABŞ ordusunun İraqa müdaxiləsindən sonrakı vəziyyəti və Türkiyənin regiondakı yeni rolunu düzgün qiymətləndirə bilmədi və ölkəsini vətəndaş müharibəsinə sürüklədi. Onun buraxdığı xətanın obyektiv səbəbləri də var. Beləki, Suriya hadisələrinin başlandığı 2014-cü il qlobal dəyişikliyin özünü açıq göstərdiyi, geosiyasi qüvvələr nisbətinin dəyişməsinin keçid anları idi. Bu vəziyyətdə qüvvələr nisbətini hesablamaq da xeyli çətindir. Ancaq, səbəblərin obyektiv olması vəzyyəti dəyişmir. Hesablama səhvdirsə, nəticəsi faciəlidir.

Helmut Kolun dürüst hesablaması və Almaniyanın birləşməsi

Bəs dahi Helmut Kol necə, qlobal geosiyasi dəyişikliklərin istiqamətini tutaraq, yaranmış müvəqqəti şəraitdən Almaniyanı birləşdirmək üçün ustalıqla istifadə etdi. Halbuki, nəinki, SSRİ, hətta Fransanın prezidenti Fransua Mitteran və Britaniyanın baş naziri Marqaret Tetçer də bu birləşmənin əleyhinə idilər. H.Kol ABŞ-ı yola gətirdi və hətta M.Qorbaçov, daha sonra B.Yeltsinlə maksimum yaxın, hətta dostluq əlaqələri qura bildi. Nəhəng pullar xərclədi. Almaniyanın müharibədən sonrakı tarixində ən uzun müddətdə-16 il dalbadal kansler oldu. Sonunda Almaniya birləşdi. İkinci Dünya müharibəsinin ən mühüm nəticəsi aradan qaldırıldı və Avropada, ardınca dünyada yeni qüvvələr nisbəti formalaşdı.

1989: Çinin geosiyasi burulğandan ustalıq və qətiyyətlə çıxışı.

Əks geosiyasi axınları öz xeyrinə tənzimləmə bacarığı

Qədim tarixə malik Çin də ikiqütblü dünyanın dağılıb yerində “yeni dünya nizamı”nın formalaşmağa başladığı məqamı dürüst hesabladı. ABŞ-la yaxınlaşdı, amma eyni zamanda Tyananmen hərəkatını yatırıb ölkəni bugünkü liderliyə gətirəcək bir kombinasiya da qurdu. Çinin apardığı siyasətin özəlliyi onda idi ki, qlobal miqyasda dövran, liberal siyasət dövranı idi. ABŞ-ın nüfuzunun və siyasi dəyərlərinin güclü olduğu qlobal şərait Tyananmen hərəkatını yatrımağı qəbul etmir və özündə ciddi təhlükələri ehtiva edirdi. Ancaq Çinin dəqiqi hesablaması mümkünsüz görünəni reallığa çevirdi: ABŞ-la başlamış iqtisadi yaxınlaşmanı qoruyub saxlamaqla Tyananmen meydanındakı təhlükəli prosesi dayandırdı. Ona görə ki, əsas qlobal geosiyasi axınların içərisindəki rəngarəngliyi, əks axınları da görə bilirdi. Çində hesablaya bildilər ki, ABŞ üçün SSRİ və Şərqi Avropadakı geosiayasi proseslər daha vacibdir və orada baş verənlərin fonunda Çinə qarşı yeni cəbhə açılmayacaq. Həm də, axı Çin bazarı ABŞ investisiyalarına açılmağa başlamışdı.

Bir daha 1992-93-cü illər haqda: Gürcüstan və Azərbaycan geosiyasi burulğanda

1992-93-cü illərdə məhz Gürcüstan və Azərbaycandakı proseslərin idarəçiliyində bu Çin yanaşması çatmırdı: əsas qlobal axının alt qatlarındakı əks axınları görmək mümkün olmur, yaxud da ciddi qəbul olunmurdu. Beləki, əsas qlobal axın SSRİ-nin nəzarətində olan ölkələrin müstəqilliyinin elan edilməsi idi. 1989-cu ildə şərqi Avropa ölkələri sürətlə Moskvanın nəzarətindən çıxmağa başladılar. ABŞ presidenti Corc Buş bu prosesi dəstəkləyir, Qorbaçovu Almaniyanın birləşməsinə razı salmağa çalışırdı. Ancaq, təbii ki, SSRİ-nin dağılmaması haqda vəd verməklə. Ancaq 1991-ci il Belovejskaya Puşşada SSRİ dağıldıqdan sonra Amerika yeni müstəqil dövlətləri qorumaq üçün Moskva ilə münaqişəyə girməməyə çağırırdı. Gürcüstan və Azərbaycandakı hökumətlər Qərbdən onların verə biləcəyi dəstəkdən daha artığını gözləyirdilər və Moskva ilə özlərini müdafiə edə biləcəklərindən artıq münaqişəyə girmişdilər. Yəni qlobal qüvvələr nisbəti düzgün hesablanmadı və hər iki ölkə vətəndaş müharibəsi və ərazilərin işğalı faktı ilə üz-üzə qaldı.

1993-cü il iyunu: geosiyasi reallığın səhv anlaşılması

15 iyun ərəfəsində biz həmişə geriyə dönüb baxır, vətəndaş müharibəsinin bir addımlığına necə gəlib çıxdığımız yolu anlamağa, səbəblərini öyrənməyə çalışırıq. Biz adətən “vətəndaş müharibəsinin bir addımlığında idik” – deyirik. Amma, əslində “bir addımlıqda”deyildik. Biz “vətəndaş müharibəsinin başlanğıc mərhələsində”, birinci aktında idik. İyunun 4-də Gəncədəki toqquşmada hər iki tərəfdən Azərbaycan vətəndaşları idi. Ölənlər də Azərbaycan vətəndaşları idi. Sonra surətçilərin Bakıya doğru hərəkət marşrutu boyu qeydə alınan toqquşmalar, Göyçayda iki gündən sonra toyu olacaq İkram Zeynalovun surətçilərə müqavimət zamanı həlak olması, Balakəndə Osman Gündüzovun yaralanması, Yevlaxda yun zavodu əməliyyatı və s. və i. vətəndaş müharibəsinin ilkin aktları idi.

İyunun 4-dən 15-dək olan 11 günlük dövr “vətəndaş müharibəsinə giriş və birinci mərhələsi” dövrü idi. Biz daxili siyasi, iqtisadi, sosial  səbəblər haqda çox danışa bilərik. Amma, elə iqtisadi böhranın da, siyasi problemlərin də kökündə, lap başlanğıcında qlobal və regional geosiyasi situasiyanın düzgün qiymətləndirilməməsi var idi.

Siyasi fəaliyyətin ən təhlükəli nəticəsi də məhz geosiyasi reallıqların səhv qiymətləndirilməsidir. Birillik AXC-Müsavat hakimiyyətinin ən təhlükəli səhvi də elə geosiyasi reallıqları düzgün qiymətləndirməməsi oldu. Rusiyaya, İrana, orta Asiyaya və hətta Çinə qarşı verilən bəyanatlar müstəqillyinin yalnız elan etmiş, üstəlik qonşu ilə savaşa girmiş yeni dövləti çıxılmaz beynəlxalq dalana saldı.

Azərbaycandakı hakimiyyət SSRİ-nin dağılmasının yaratdığı yeni geosiyasi reallığın sərhədlərini dəqiq müəyyənləşdirə bilmədi. Bakıda ABŞ-ın, Avropanın, NATO-nun və Türkiyənin siyasi və hərbi təsirinin hüdudlarını sezmək, Qərbin təsirinin harada bitdiyi, SSRİ-nin varisinin təsirinin haradan başlayıb, harayadək uzandığını anlamaq və bəzən də qəbul etməkdə çətinlik çəkirdilər. O zamankı Azərbaycan hakimiyyəti ABŞ-ın keçmiş SSRİ məkanını Rusiyanın təsir dairəsi kimi tanımaq haqda söz verdiyini nəzərə almırdı. C.Buş M.Qorbaçova, B.Klinton isə B.Yeltsinə NATO-nun və Avropa İttifaqının şərqə genişlənməsinə susqun razılıq müqabilində Rusiyanın keçmiş SSRİ məkanında fəaliyyət azadlığını tanıyacağına dair söz verdiyini dəqiq hesablaya bilmirdi.

Geosiyasi səhvlərdən isə qurtuluş yoxdur. Daxili siyasətdəki səhvlərdən fərqli olaraq geosiyasət çox amansızdır. Geosiyasətin tərəfdaşları başqa millətlər, başqa maraqlar olduğu üçün o, obyektiv olaraq güzəştsiz və amansızdır. Geosiyasətdə Üz Üzdən utanmır!

Nəticədə ortaya 1993-cü ilin iyunu çıxdı!

Bəs Heydər Əliyev bu dalandan necə çıxdı? Təbii ki, ilk növbədə doğru geosiyasi qərarlar qəbul etməklə. 1991-ci ildə Naxşıvanda SSRİ-nin əleyhinə olaraq ilk dəfə Azərbaycanın milli bayrağını qaldırmış və rəsmi bayraq kimi təsdiq etmiş H.Əliyevin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ilk işi Moskva ilə münasibətləri tənzimləmək oldu. Özü də o qədər də hörmət etmədiyi B.Yeitsinlə işləməli idi. Amma H.Əliyev MDB-yə üzv olmaq kimi zəruri addımı hörmət etmədiyi adamla –B.Yeltsinlə birgə işləməklə atdı. Ona görə ki, o təpədən dırnağa realist siyasətçi, “realpolitik” deyilən nəzəriyyənin parlaq nümayəndəsi idi. H.Əliyev Fransaya və Çinə də səfər etdi. İranla münasibətləri tənzimlədi və bundan sonra 1994-cü ildə Horadizi azad edərək hərbi qələbəyə imza atdı. Bax budur geosiyasi reallıqların dəqiq hesablanması! Səhv qiymətləndiriləndə Kəlbəcər işğal edildi və başqa məğlubiyyətlər sıralandı. Dürüst qərarlar veriləndə Horadiz azad edildi, əsrin müqaviləsi imzalandı, neft və qaz kəmərlərinin tikintisi başlandı, Xəzərin statusunda ciddi irəliləyiş baş verdi və s. və i.

Hökumətlərin geosiyasi reallığı düzgün hesablamaması, və ya səhv qiymətləndirməsi həmişə faciədir. 1988-93-cü illərin qlobal geosiyasi dəyişmə tarixi bunu aşkar görməyə imkan verir.

Yeni geosiyasi tarazlaşdırmanın dividendləri

İndi də 1988-1993-cü illərdəkinə oxşar qlobal qüvvələr nisbətinin dəyişməsi prosesi gedir. Prezident İlham Əliyevin Pekin və Brüssellə yaxınlaşması, strateji əlaqələri gücləndirməsi məhz qlobal dəyişikliyə verilən adekvat reaksiyadır. Sakit, amma dərin və incə reaksiyadır. Artıq qeyd etdiyimiz kimi, Ukrayna bu mərhələdə burulğana yuvarlandı. Amma İlham Əliyev Azərbaycanı bu mərhələdən də keçirməkdədir. Doğrudur proses hələ tam başa çatmayıb. Təhlükələr müxtəlif istiqamətlərdən uzanmaqdadır. Ancaq siyasi manevrlər o qədər dəqiqdir, baza elə möhkəmdir ki, təhlükələr asanlıqla neytrallaşdırlır. Əvəzində yeni geosiyasi reallığın açdığı imkanlardan maksimum istifadə olunur: Azərbaycan qlobal ticarət daşımalarından pay götürür. Ölkə regional DƏMİRYOLU VƏ HAVA YOLLARI QOVŞAĞI İLƏ YANAŞI İNDİ DƏ RƏQƏMSAL QOVŞAĞA çevrilir. Bax budur, geosiyasi dəyişikliklərin zamanında, hətta vaxtı qabaqlayaraq dəyərləndirilməsi! Onda dövlət başçısı nəinki, öz xalqını itkilərdən xilas edə bilir, hətta yeni reallıqdan daha böyük iqtisadi və təhlükəsizlik qazancı əldə edir. Prezident İlham Əliyevin yeni geosiyasi reallığa uyğunlaşma siyasəti Azərbaycanı həm 1992-93-cü illərdəkinə bənzər xaosdan xilas edir, həm də ölkəyə uzun illər üçün iqtisadi və təhlükəsizlik dividendləri gətirir. Son iki ilin siyasəti nəticəsində Aİ və Çin Azərbaycanın təhlükəsizliyində, ərazi bütövlüyünün təminatında və iqtisadi inkişafında daha çox maraqlı olmağa başlayırlar. Azərbaycana olan təhlükələr Avrasiyanın iki qlobal iqtisadi güc mərkəzinə təhlükə anlamına gəlir. Maraqlar o qədər incəliklə tarazlaşdırılıb ki, Avrasiyanın təhlükəsziliyi Azərbaycanın təhlükəsizliyindən xeyli dərcədə asılı hala gətirilib. Elə bir tarazlıq mexanizmi qurulub ki, Azərbaycana yaranacaq hər hansı təhlükə bütün qütblərdə narahatlıq yaradacaq. Və bu özü-özünə, yabanı şəkildə formalaşmış mexanizm deyil, davamlı və gərgin işin nəticəsidir. İndi məlum olur ki, 1988-92-ci illərdə də qlobal geosiaysi dəyşikliklərə doğru reaksiya verilsəydi, Azərbaycan ondan təkcə müstəqilliyi ilə deyil, həm də ərazi bütövlüyü ilə çıxa bilərdi.

Doğru geosiyasi qərarlar və Errmənistanın dalana salınması

2015-2019-cu illrərdə yeni geosiyasi reallıqlara uyğun aparılmış siyasət nəticəsində Ermənistan 2106-cı ildə ciddi hərbi məğlubiyyətin acısını daddı və strateji mövqeləri itirmək zorunda qaldı. 2018-ci ilin ikinci yarısı, 2019-cu ildə isə məcburən danışıqlar masasına otuzduruldu. İndi Ermənistan nə danışıqlar masasında otura bilir, nə də ondan ondan imtina etmək iqtidarındadır. Bax bu, geosiyasi dəyişikliklərdə zamanında və bacarıqla yararlanmanın nəticəsidir.

Amma geosiyasi vəziyyəti doğru dəyərləndirmək, hələ ona uyğun siyasət yürütmək bacarığı deyil. Beynəlxalq gücləri öz maraqları ətrafında birləşdirmək potensialı və siyasəti yürütmək hamıya nəsib olmur. Məsələn, Ermənistanın nümunəsi.

2018-ci il: Ermənistanın uğursuz geosiyasi tarazlaşdırma siyasəti imitasiyası

2016-cı ildə ağır hə\rbi məğlubiyyətə düçar olan Errmənistan da yeni geosiyasi konfiqurasiyaya uyğunlaşmağa çalışdı. Ermənistanda 2018-ci ilin aprelində saxta “demokratik inqilab” tamaşası oynanıldı. Məqsəd Rusiyadan hərbi dəstək alınmasına parallel olaraq Qərbdən iqtisadi və siyasi dəstəyə nail olmaq, Çin-Avropa ticarətindən xeyir götürmək idi. Ancaq, bacaraqsız siyasət hansı strategiyanı və ya taktikanı seçirsə-seçsin, nəticəsi acınacaqlı olur. N.Paşinyan Brüsseldən açıq –aşkar rədd cavabı verildi. Rusiyada ona nümayişkəranə şəkildə gülürlər. Amerika isə Azərbaycanı incidib Ermənistana dəstək verəsi deyil. Azərbaycan Prezidentinin yüksək səviyyədə qəbul edildiyi Pekində - “Bir Kəmər, Bir Yol” Forumlarında isə N.Paşinyana ümumiyyətlə yer yox idi. İrana qarşı isə gizli oyunlar ifşa olundu. Bütün bunlar Ermənistanın geosiyasi tarazlıq cəhdlərinin iflasa uğramasıdır. Hər kəs, hətta istəsə belə tarazlaşdıra bilmir. Bunun üçün ölkənin potensialından maksimum yararlanmaq, resursları səfərbər və idarə etmək bacarığı lazımdır!

Axı milli maraqlara uyğun tarazlaşdırma, həm də müstəqil siyasət yürütmə cəsarətini də ehtiva edir.

Azərbaycanın yeni reallıqda müstəqil qərarları

Azərbaycan Çinin sponsor olduğu “Kəmər və Yol” layihəsində iştirak etməklə həm yükdaşımaları sahəsində rəqiblər, həm də Çinin qlobal ticarətdəki rəqiblərinə baxmayaraq öz obyektiv milli maraqlarından çıxış edir.

Azərbaycanın Aİ ilə strateji hədəfləri müəyyənləşdirən müqavilə imzalamağa hazırlaşması və bu müqavilənin bərabərhüquqlu, milli strateji maraqlara uyğun şəkildə hazırlanmasında israr etməsi də müstəqil xarici siyasət nümunəsidir. Belə nümunələri çox sadalamaq olar. Ancaq indiki halda elə bu ikisi də kifayətdir. Geosiyasi dəyişikliklərə dərhal reaksiya vermək, milli maraqlara uyğun tarazlaşdırılmış siyasət yürütmək üçün müstəqil siyasət aparmaq cəsarəti mühüm prinsipdir.

İbrahim Məmmədov,
Tarix üzrə fəlsəfə doktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR