İnsanlara hürriyət, millətlərə istiqlal!

“Deyir ki, müğənni ailəmi dağıtdı. Gəl, sən də mənim ailəmi dağıt” - Afət ilə videomüsahibə

844 19.09.2019 17:32 Müsahibə A A

Afət Fərmanqızı: “Arvadı xəstə olan kişi çürüməli, heç kimlə görüşməməlidir?”

Müğənni Afət Fərmanqızı “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. İfaçı yeni layihələri, şou-biznesdə yaşananlar və şəxsi həyatı ilə bağlı sualları cavablayıb. 

- Bu il yeni mövsümün başlaması Məhərrəmlik ayına təsadüf etdi. Afət Fərmanqızı yeni mövsümə necə başladı? Məlumdur ki, hazırda şənliklər, toylar olmur. 

- Mən düşünmüşdüm ki, Məhərrəmlikdə istirahətə yollanaram. O da elə oldu ki, şou proqramlar çox oldu, bir neçə verilişə dəvət aldım. Yazılmalı mahnılarım var. Ona görə istirahəti təxirə salmışam. İşimin başındayam. Efirlərə çıxıram. Şou proqramlarda çıxış edirəm. 

- Şou proqram demişkən, müğənni Rəqsanənin qızı Aysun belə bir açıqlama vermişdi ki, mən 30 manatlıq menyusu olan şou proqramlara çıxmaram.

- Aysun gözəl müğənnidir. Deyə bilərəm ki, Rəqsanə yeni səhnəyə gələndə Aysun kimi oxumurdu. Aysun hazır müğənnidir. Onu çox bəyənirəm. Aysunun fikirlərinə gəldikdə isə əvvəllər o cür şou proqramlara çıxmışam. Indi getdiyim şou proqramlar fərqlidir, konsert tiplidir. Elit məkanlardır. Orada xalq artisti Faiq Ağayev və dəyərli müğənnilər çıxış edir. Ailə məclisləridir. 3 oğlan gəlib orada yeyib-içə bilməz. Kimsə 30 manatlıq menyuya daxil olan proqramda çıxış edirsə, onu da aşağılamaq olmaz. Hər kəs ruzisini qazanır. Amma o müğənnilər adama söz atanda mənə qəribə gəlir. Bir qız vardı, onu oxuduğu restorandan qovmuşdular, mənim xahişim ilə işə qaytardılar. O gün baxıram ki, mənə söz atıb. Bu çox gülüncdür. Xalq məni çox istəyir. Bunu el şənliklərə baxmaqla görmək olar. Məni bəzi sənət yoldaşlarım anonim adlarla tənqid edir. Yoxsa xalq məni sevir, niyə tənqid etsin? Çox nadir hallarda xalqdan kimsə məni tənqid edir. Allah həmişə məni ucaldır. 5 ay qabaq  “Sığmazam” qəzəlinə görə məni tənqid edən 3 populyar müğənni eyni anda xəstəxanaya düşdü. Mən sevinmirəm, acıyıram hallarına. Amma Allah mənə edilən haqsızlığa cavab verir. 

- “Sığmazam” qəzəlini Sami Yusuf oxuduqdan sonra da yenidən diqqətlər sizə yönəldi. Sizin qəzəli hind musiqisi üzərində oxumağınız gündəmə gətirildi. 

- Dəyərli Heydər Əliyev Fondu “Sığmazam” qəzəli ilə bağlı gözəl layihə həyata keçirib. Dəyərli Sami Yusuf onu oxuyub. Məni Sami Yusufla müqayisə edirlər. Bu mənim üçün fəxrdir. Bir qəzəli hər janrda oxumaq olar. Mən oynaq ritmdə ifa etmişəm. Sami Yusufu milyonlar izləyir. Sanki məni Şakira ilə müqayisə edirlər. Hörmətli layihədir, kim o mahnını oxusaydı, o qədər izlənəcəkdi. Hələ Sami Yusufun izləyicisinə görə klipə az baxıldı. 

- Sizin açıqlama vermək üçün jurnalistdən 1000 manat istəməyiniz də sosial şəbəkədə müzakirə olundu. 

- İndi xain sosial şəbəkə istifadəçiləri, səhifə adminləri yaranıb. Onlar ancaq qara yaxmaqla məşğuldurlar. Düzdür, indi o adminlərə tapşırılıb ki, mənim qara piarımı belə aparmasınlar.  Çox populyar bir şəxs edir bunu. Mən kinayə ilə demişdim. Çünki açıqlamamı sözlərimi düzgün çatdıracaq media orqanına vermək istəyirdim.

- Yeni gündəmə gələndə deyirdiniz ki, iddialı deyiləm, sadəcə toy müğənnisiyəm. Fikirləriniz dəyişməyib?

- Mən toy müğənnisiyəm. Bununla fəxr edirəm. Toy utanılacaq yer deyil. Birinə alqış edəndə deyirik ki, balanın toyunda. Bundan gözəl nə var? Özüm də gözəl ətir, əşya görəndə deyirəm ki, gəlinimə saxlayım, balamın toyunda istifadə edərəm və s. Biz niyə toyu, toy müğənnisini alçaldırıq? Istəsəm, səhnə müğənnisi olaram. Amma hələ bu barədə düşünmürəm. 

- Bayağı adlandırılıb, tənqid edilən Üzeyir Mehdizadəyə, Talıb Taleyə, Şəbnəmə, Damlaya münasibət ölkə xaricində  daha gözəldir. Sizcə bunun səbəbi nədir?

- Türkiyədə bahalı oteldə oğlumla istirahət edirdim. Qulağıma Üzeyirin səsi gəldi. Sən demə orada qonaqlara qutab bişirən qadınlar qulaq asırmış. Telefona çəkib, bəh-bəh ilə paylaşdım. Qadınlardan soruşdum ki, ifaçını tanıyırsınız? Dedilər, iranlı Üzeyirdir. Onlara başa saldım ki, Üzeyir azərbaycanlıdır və bizim müğənnidir. Bu fəxr ediləsi haldır. Xalqı aldatmaq mümkün deyil.  Onların oxuduğunu xalq artisti oxusaydı, hamı bəh-bəh ilə tərifləyəcəkdi. Elə “Sığmazam” qəzəlini xalq artisti hind musiqisi üzərində oxusaydı, ona söz deyən olmayacaqdı. Bəzi xalq mahnılarını eşidəndə dəhşətə gəlirəm, sözləri gülməlidir. Mən o mahnını oxusaydım, topa tutardılar. Biz Həsənağanın qohumu deyilik, arxamızda kimsə yoxdur. Ona görə də istənilən adam hər hərəkətimizi tənqid edir.

- Sami Yusufun ifasından sonra açıqlama vermişdiniz ki, mən niyə xəcalət çəkməliyəm. Buna səbəb yenidən tənqid edilməyiniz idi?  

- Mənə yazırlar ki, xəcalət çək. Niyə xəcalət çəkməliyəm? Mən savadımı alıb oturmuşam, kiməsə savad verməli deyirəm ki... O, Sami Yusufdur, mən Afətəm. Möhtəşəm layihənin yetişdirdiyi məhsulla mənim mahnımı necə müqayisə edirlər?! O mahnını Əli Mirəliyev də oxusaydı, bəyəniləcəkdi. Çünki layihə möhtəşəmdir.

- Pul hansı ayıbın üstünü örtə bilmir?

- Mənə görə pul ayıbları örtmür. Amma insanlar elə düşünmür. Əvvəlki maşınım çox bahalı deyildi. Bir dəfə bir restoranın qabağında saxlamaq istəyəndə nəzarətçi dayı qoymadı, gedib uzaqda saxladıq. Yeni maşınımla həmin restoranın qabağına gələndə isə həmin dayı bizə bəy-gəlin maşınının yerində saxlamağımızı dedi. Bildirdi ki, hörmətli müğənniyəm. Bu hallar məni qorxudur. Sabah maşınım, imkanım olmayanda o şəxslər üzümə baxmayacaq, adam yerinə qoymayacaq? Mən belə başa düşürəm.  

- Şairə Nazilə Səfərli “Yeni Müsavat”ın canlı yayımında dedi ki, hacının xanımı qapalı geyinməlidir, hacı arvadının geyiminə diqqət etməlidir. Sizin də həyat yoldaşınız hacıdır. Geyimlə bağlı problemləriniz olurmu?

- Nazilə xanımla razıyam. Mən heç vaxt açıq-saçıq geyinməmişəm. Əvvəl dekolteli geyinirdim, indi isə diqqət edirəm. Düzdür, hacı mənə deyir oxuma, bizim ehtiyacımız yoxdur o pula. Amma mən 6 il oxumadığım zamanlar ürəyim partladı. Oxumasam, dayana bilmərəm. Hacının icazə vermədiyi yerlərə getmirəm. Geyimin açıq olması baş ucalığı gətirmir. O gün rayon toyuna müğənni 20 sm-lik ətəklə gedib, geri qaytarıblar. Mən geyimimə diqqət edirəm. 

- Nazilə Səfərli tanınmışların bölgə adını özünə təxəllüs götürməsinə də münasibət bildirib. O deyib ki, həmin şəxslər hərəkətlərinə diqqət etməlidir. 

- Şəbnəm Tovuzlu el qızımızdır, təxəllüs olaraq Tovuzu götürüb. Gözəl ailəsi, tərbiyəsi var. 

Telli Borçalıdır, o da gözəl ailədən çıxıb. Mən ailə üzvlərini tanıyıram. Gəlin, özümüzünkülərə dəyər verək. 

- Bəzi qadın müğənnilər evli kişilərlə eşq yaşadığını, sponsor hesabına lüks həyata sahib olduğunu açıqlayır. Bu da  qadın müğənnilərin birmənalı qarşılanmamasına səbəb olur. 

- Hər sahədə evli biri ilə münasibət quran insanlar ola bilər. Müğənnilər üzdədir deyə tez üzə çıxır.  Evli kişi ilə münasibət qurmaq olmaz. Bu şəxsi məsələlərdir, bəlkə kişinin qadını xəstədir, ya qadın özü icazə verib. Ailədə yola getmirlər, uşaqların xətrinə ailəni qoruyurlar. Çox şey ola bilər. Bu zaman kişi çürüməlidir? Hər kəs xoşbəxt olduğu ilə yaşamalıdır. Biri çıxıb deyir ki, filan müğənni ailəmi dağıtdı. Gəl, sən də mənim ailəmi dağıt. Normal və möhkəm ailəni heç kim dağıda bilməz. O ailə dağılır ki, orada ailəlik heç nə olmur.

- Bəzən müğənnilərə deyilir ki, filan geyimi geyinmə, filan cür danışma. Övladımın əxlaqını pozursan. Müğənni, tanınmış sima əxlaq etalonu olmalıdır?

-  Aygün Kazımova, Röya estrada oxuyur. Səhnəyə şortiklə çıxır, onlara yaraşır. Təsəvvür edin ki, Babək Niftəliyev Niyam Salaminin kostyumunda muğam oxuyur. Gülməli olmazmı? Mənə deyirlər ki, bu imicdən çıx. Mən halımdan razıyam. Birdə ki, toy müğənnisiyəm. Geyimlərimi ona uyğun seçirəm. Evimin içində tam başqa geyinirəm. Mühitə və vücuda baxıb geyim seçilməlidir. Aygün Kazımova qarnını açanda mənim övladımın tərbiyəsi pozulursa, günah mən valideyndədir. Düeməli, düzgün tərbiyə verməmişəm. Övladlarınızın Şakiraya baxanda əxlaqı pozulmadı, Aygün Kazımovada pozuldu? Mən Bərdə toyuna Şakiranın geyimində necə gedim? Atalarımız deyib ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. 

O gün iki qız uşağı böyüdən müğənniyə yazdım ki, çimərlik geyimində şəklini paylaşma. Sabah gəlin köçəndə qızının başına qaxacaqlar. Yazdı ki, kef elə. Mən onu çox istəyib deyirdim.  

Könül İbrahim,
Musavat.com,
Fotolar və video Elçin Əkbərovundur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR