Həyatın çox çalarları var, lakin bunu rənglər üçün demək mümkün deyil.
Bu gün rəng kimi qəbul etdiklərimiz, əslində yansımalardır.
Günəşin altında yürüyən adamın kölgəsi nə rəngdi?
Yaxud ümumiyyətlə kölgənin rəngi varmı?
Günəşin altında ağ adamın kölgəsi qara görsənir, elə qara adamın da, varlının da, kasıbın da...
Kölgəmizin rəngi eynidir, statusdan, sinfi bölgüdən asılı olmayaraq...
Torpaq üstə yürüyənin kölgəsi torpaq, asfalt üzərində yürüyənin kölgəsi asfalt rəngindədir.
Əslində isə, kölgə şəffafdır və rəngi yoxdur, ona görə düşdüyü yerin rəngini əks etdirir.
===
Bir dəfə ərzaq mağazasında kassanın önündə növbə gözləyərkən, mağazanın qaradərili təhlükəsizlik əməkdaşı, önümdə duran, danışığından serbəsilli biri olduğunu təxmin etdiyim, kirli və cındır paltarda, əlində iki pivə tutmuş küçə əyyaşının çantasını yoxlamaq istədikdə, saqqalı saçına qarışmış serb, mağazanın qaradərili əməkdaşını ən ağır irqçi ifadələrlə təhqir etdi.
Yaranmış mənzərə çox acınacaqlı idi, bəxti qara bir adamın, dərisi qara adama lağ etməsindən böyük faciə ola bilməzdi.
===
İllər öncə, görkəmli rejissorumuz Ayaz Salayevin bir müsahibəsini oxumuşdum və bir məqam diqqətimi daha çox cəlb etmişdi və bu hissəni özüm üçün qeyd etmişdim.
Rejissor Ayaz Salayevin qızı bağçadan çıxanda, atası ondan soruşub: “Bu almanı sənə kim verdi?”
Qızı cavab verib: “O qırmızı kurtkalı oğlan verdi”.
A.Salayev demişdi ki, mən xoşbəxtəm ki, qızım o oğlanı “qaradərili oğlan” kimi yox, kurtkasının rəngilə nişan verdi.
Çox yaxşı nümunədir. Belə də olmalıdır.
===
Şəffaflıq rəng deyil, ölçüdür. Lakin, insan şəffaflığın rəngini, ağ rəngə indeksləşdirib.
Biz, üçrəngli bayraq deyirik, ancaq bayrağımızdakı ay-ulduzun ağ rəngdə təsvir edildiyinin fərqindəyikmi ?
Bax, həmin ay-ulduz, əslində şəffafdır, biz onu ağ rəngə indeksləmişik.
===
Dənizi yaxud okeanı, sadəcə H2O olaraq görmək, düzgün deyil, torpaq üstündəki canlılara vətən olduğu kimi, su hövzələri də dərinliklərdə barındıqları canlıların vətənidir, ancaq hidrojen və oksigenin də rəngi yoxdur.
Dəniz, havadan asılı olaraq bizə mavi, göy, hətta qara rəngdə görünə bilər, çünki şəffafdır.
Bu baxımdan, rənglər mücərrəd anlayışdır, yansımadır, maddi dayanağı yoxdur.
===
Göy qurşağı, bir neçə təbiət çalarının eyni anda yansımasıdır, göyqurşağının tərkibi eynidir, lakin onu rəngləndirən günəşin şüalarıdır.
İnsan oğlu, elə məhz burada yanılır.
Fikir də kölgə kimidir, rəngi yoxdur, ancaq eyni zamanda hədəf kütlənin rəngindədir.
Rəngin metafizik bir yansıma olduğunu qəbul etmək yerinə, onu çərçivələşdirmək, maddiyata çevirmək, bütləşdirmək yanlışdır.
Fikir şəffaflığını əsas almaq, fikiri rəngləməkdən daha vacibdir.
Cəmiyyətdəki rənglərin, əslində mühitin formalaşdırdığı yansımalar olduğunu anlasaq, qütbləşmələrə yer qalmayacaq.
Radikallıq və qütbləşmələr, qəlibə salınmış yansımalardan formalaşan rəngə sitayişlərdən meydana gəlir.
===
Dəyər(lər) adını verdiyimiz məfhum, əslində çox əsrlik adət-ənənə və təcrübə qarışıq və öz çərçivələri olan məcmu topludur.
Heç bir dəyərə nəzəriyyə kimi yaxınlaşmaq mümkün deyil, lakin bir məqamı bilmək lazımdır, dəyərlər, nəzəriyyələrin formalaşmasında müvafiq rollara sahibidir, ancaq heç bir nəzəriyyə, dəyər formalaşdırma gücündə deyil.
Hər bir dəyər və nəzəriyyənin kökündə təcrübə dayansa da, birincisi adət-ənənəyə, digəri dəqiqliyə istinad edir.
Əgər, dəyərlər məcmuəsini bir köklü ağaca bənzətsək, nəzəriyyə adlandırdığımız, həmin ağacdan Nyutonun başına düşmüş almadır.
Nəzəriyyələr, bu baxımdan tək rənglidir, ölçüləri, yansımaları kifayət qədər dəqiqdir.
Dəyərlərin isə rəngi yoxdur, daha doğrusu şəffafdır, bir kölgə kimi, formalaşdığı yaxud mövcud olduğu mühitin rəngini ala bilər.
İstənilən bir dəyərə, rəng biçmək, onu ideolojik monopoliyaya almaq cəhdidir və bu cəhd uğursuzdur.
Nəzəriyyələr, obyektivliyi əsas alır, dəyərlər isə, müzakirəyə açıqdır, subyektivlik ön plandadır.
Bu baxımdan, bir nəzəriyyəni sadəcə bir rəng müdafiə etsə də, eyni dəyəri, fərqli rənglərin dəstəkləməsi mümkündür.
Dəyərlərlə, nəzəriyyələri qarışdırmamaq buna görə vacibdir.






