Devidsonun dolması və Tax Free məsələsi
Ara yerdə spiker Oqtay Əsədovla deputat Zahid Orucun münasibətləri pozuldu. Özü də parlament tətilə yollanarkən. Hətta elə vəziyyət yarandı ki, növbədənkənar iclaslar başa çatandan sonra da Milli Məclisin İntizam Komissiyası “növbədənkənar” toplaşıb Ağacan Abiyev demişkən, “sədrlə söz güləşdirən” deputata töhmət verib istirahətə getdi.
Həmin iclasda Taxi Free məsələsi müzakirə olunurdu və axırı da qanıqaraçılıqla bitdi. Yəni Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 300 AZN-dən artıq alış-veriş edərsə, hava limanında Taxi Free alacaqlar, xəclədikləri pulun bir hissəsi onlara geri qaytarılacaq. Hesab olunurdu ki, Tax Free Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq, turistləri maraqlandıracaq, onlarda Azərbaycana gəlmək həvəsi yaradacaq, daha nələr...
Avropalı, amerikalı turistlər bir tərəfə qalsın, onların sayı ancaq yarışlardan-yarışlara müəyyən qədər artır. Yazda rəsmilərimiz deyirdilər ki, bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayı azı 50% artacaq. Düzdür, “Formula-1" yarışları zamanı rus turistlər gözə dəydi. Ancaq onlar ölkəmizin büdcəsinə nə qədər vəsait qazandırdılar? Rusların özləri də sıxıntı içində yaşayır, bu mənada bahalı Bakıda böyük paralar xərclədiyini demək olmaz.
Türkiyə və Rusiya arasında əlaqələrin bərpasından dərhal sonra Türkiyədə istirahət etmək istəyən rusların sayı birdən-birə on dəfə artdı! Nəticədə bizim rus turistlərlə bağlı ümidlərimiz heç oldu.
Təəssüflənməyək ki, Ankara ilə Moskva barışdı, rus turistlər əlimizdən çıxdı. Əslində bu barışığı ən çox istəyənlərdən və buna çalışanlardan biri elə Azərbaycan idi.
Ancaq bu fakt bizə deyir ki, turizmlə bağlı ümidlərimizi hansısa dövlətlərin arasında münasibətlətin pozulmasına bağamamalıydıq, turistləri alternativlərin yoxluğu yox, bolluğu şəraitində Azərbaycana çəkib gətirə bilən imkanlarımız barədə düşünməliydik.
Lap elə 80 milyonluq Türkiyədə ilk istirahət məkanları sırasında Azərbaycanın üzərində dayansınlar. Biz türk qardaşlarımızı cəlb edə bilsək, ölkəmizə böyük pullar axar. Necə olur, ildə 1,5 milyon azərbaycanlı Gürcüstanda dincəlir, amma bunun yarısı qədər gürcü ölkəmizə gəlmir? Deməli, yanlışlar yapırıq, burada da ikili standart-filan yoxdur ki.
İnanın, biz dolma festivalı keçirməklə turist cəlb edə bilməyəcəyik. Dolma yazdım, yadıma Amerika səfirliyində çalışmış diplomat Terri Devidsonla 5-6 il öncəki söhbət yadıma düşdü. Əhmədli parkındakı səmimi söhbətimizdə ondan yeməklərimiz haqda soruşanda bəh-bəhlə yarpaq dolmasından danışmışdı. Elə beləcə demişdi: “Balaca yarpaq dolmalarını çox sayda yeyə bilərəm” demişdi. Hələ dolmanı reklam eləmirdik, festival söhbəti də yox idi. Deməli, yeməyə iddia etmək, adına tədbir keçirmək yox, onu sadəcə, keyfiyyətli hazırlamaq lazımdır ki, dadı uzaq Amerikada yaşayanın da damağında qalsın.
“Kabab qiytmətinə çay” təklif olunan ölkəyə turist niyə gəlsin ki? Hələ digər xidmətləri demirəm. Özümüzü tərifləməklə deyil, ədalətli olaq, belə vəziyyətdə əcnəbi niyə məsələn, Batumu yox, Bakını seçməlidir axı?
Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin son sayında gerçək situasiyanı əks etdirən yazı çap olunub. “Şıx çimərliyində açıq bazar” başlıqlı yazını oxumaq kifayətdir ki, ölkəmizdə istirahət imkanlarının hansı səviyyədə olduğunu təsəvvürə gətirəsən. Bunu müxalifət qəzeti yox, rəsmi qəzet yazıb!
Gəlin, özümüzü aldatmayaq. Bakıya gəlmişkən Şıx çimərliyində çimmək istəyən turistdən “giriş haqqı” tələb olunacaqsa, o, bir daha bura ayaq basmayacaq. Hələ çimərliklərə girişin pulsuz olması barədə merin sərəncamı da var. Əslində belə bir sərəncamın olmasının özü absurddur. Təsəvvür edin ki, Trabzonun bələdiyyəsi, yaxud Batumun meri “çimmək pulsuzdur” məzmunlu sənəd imzalayır. Eşidənlər təbii ki, gülər. Amma biz gülmürük, görürük, dözürük və Allahın bəxş etdiyi dənizə “giriş haqqı” ödəyib çimirik. Turist isə bizim yazılmamış qaydalara əməl etməyə məcbur olmadığı üçün yolunu Bodrumdan, Antalyadan salacaq təbii ki... Ən azı Xəzərin digər sektorlarına üz tutacaq.
Nəticədə nə turist axını olacaq, nə onlar ƏDV-siz mal alacaq, nə də Tax Free qanunu büdcəmizə fayda verəcək. Hasarları aşıb dəniz suyuna pul ödəyərək girən əcnəbinin yadına ƏDV-mi düşər? Görəsən, indiyə qədər neçə nəfər aeroportda Tax Free alıb? Ya da heç alan olubmu?






